PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ YANVAR BƏDƏLOV DÜNYASINI DƏYİŞİB

Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühiti ənənələrinin yaşadılmasında özünəməxsus xidmətləri olan ustad aşıq, Əməkdar mədəniyyət işçisi Yanvar Bədəlov 2018-ci il dekabrın 27-də dünyasını dəyişib.
Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Orta məktəbdə oxuyarkən qonşu kənddə yaşayan ustad aşıq Şamildən sənətin sirlərini öyrənib. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Mədəni-Maarif Texnikumunda davam etdirib.

1963-cü ildə respublika festivalının iştirakçısı olub və II dərəcəli diplomla mükafatlandırılıb. Sonralar müxtəlif müsabiqələrdə iştirak edərək, bir sıra diplom və fəxri fərmanlarla təltif olunub. 2004-cü ildə isə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyasının qızıl medalına layiq görülüb.
Yanvar Bədəlov 1970-ci ildə Tircan kəndində açılmış Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub və uzun illər aşıqlıqla yanaşı bu vəzifədə də şərəflə çalışıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2016-cı il tarixli sərəncamıyla aşıq Yanvar Pirali oglu Bədəlova Azərbaycan Respublikasının Əməkdar mədƏniyyət isçisi fəxri adı verilib.
Ustad aşıq Yanvar Bədəlovun əziz xatirəsi yaxınlarının, doğmalarının, sənət dostlarının və bütün sənətsevərlərin xatirəsində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ