PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ƏMRAHIN YUBİLEYİ QEYD OLUNUB

2018-ci il dekabrın 17-də Azərbaycan aşıq sənətinin XX əsrdəki görkəmli nümayəndələrindən biri olan Əmrah Gülməmmədovun anadan olmasının 110 illik yubileyi qeyd olunub. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Mədəniyyət nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin aparıcılığı ilə keçən tədbirdə ustad aşığın həyat və yaradıcılığından söz açılıb, respublikamızın müxtəlif bölgələrindən olan aşıqlardan Cahangir Quliyev, Əməkdar mədəniyyət işçisi Nemət Qasımlı, Şaiq İncəli, Avdı Musayev, Kəmalə Qubadlı, Seymur Müslümoğlu, Babək Şakirli, Əli Pənahoğlu, Şirin Şahbuzlu, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Fariz Təmirov, Şəhriyar Laçın və eləcədə Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və Mədəniyyət və İncəsənət universitetitinin müəllimi Hafiz Kərimovun rəhbərliyi ilə tələbələrdən ibarət qrupla yanaşı və ustadın vətəni Borçalıdan olan aşıqlar Telli Borçalı, Nargilə Mehdiyeva, Məsim Sadaxlı, Qabil Faxralı, Ramin Qarayev, Kamil Nəbizadə və Kənan Gülməmmədov Əmrah Gülməmmədovun sözlərini və ona ithaf olunmuş şeirləri ifa ediblər.
Xatırladaq ki, Əmrah Paşa oğlu Gülməmmədov 1908-ci ildə Borçalıda – Gürcüstanın indiki Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olub. İkinci dünya müharibəsində iştirak edib. Sənətin sirlərini dövrünün tanınmış sənətkarı olan Məsim Bəyazitlidən öyrənib.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən fəal iştirakçılarından biri də məhz Aşıq Əmrah olub. O, Azərbaycan aşıqlarının III (1961) və IV (1984) qurultaylarında iştirak edib.
Ozan-aşıq sənətində Əmrah Gülməmmədovun ən böyük xidmətlərindən biri sazı təkmilləşdirərək 11 simli etməsidir.
Təkrarsız və bənzərsiz ifası ilə yaddaşlara hopan Aşıq Əmrah 1987-ci il martın 11-də vəfat edib.