PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ CƏNAB ƏBÜLFƏS QARAYEVƏ

Hörmətli Əbülfəs müəllim!
2018-ci il sentyabrın 28-də Azərbaycan Aşıqları növbəti – VI Qurultayını böyük uğurla başa çatdırdı.
Azərbaycan Aşıqlar Birliyi və çoxsaylı aşıqlarımız həmişə olduğu kimi, Qurultayın yüksək səviyyədə keçirilməsində də Mədəniyyət nazirliyinin, xüsusilə də nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutlar şöbəsinin və cənab nazir, şəxsən Sizin diqqət və qayğınızı böyük minnətdarlıq hissi ilə qarşıladılar. Qurultayda iştirakınız və dərin məzmunlu çıxışınız isə bizim üzərimizə daha böyük məsuliyyət qoymaqla yanaşı, gələcək fəaliyyətimizdə də öz əksini tapacaqdır.

Azərbaycan aşıqları daim dövlətin qayğı və diqqətini görüblər. Son 10 ili isə aşıq sənətinin inkişafında yeni bir mərhələ hesab etmək olar. Aşıqlarımıza dövlətin qayğısı daha da artıb, ustad aşıqlar fəxri adlara və Prezident təqaüdünə layiq görülüblər. Bu illərdə Azərbaycanda iki dəfə beynəlxalq aşıq festivalı, ustad aşıqların yubileyləri keçirilib, aşıq sənətinin elmi-nəzəri tədqiqinə və ustadların həyat və yaradıcılığına həsr olunmuş kitablar nəşr olunub, aşıqlarımız dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarında çıxış ediblər ki, bütün bunların hamısının həyata keçirilməsində Mədəniyyət nazirliyinin qayğısını, köməyini qədirşünaslıqla qeyd edirik.
2009-cu ildə Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi isə bu sənətin qarşısında yeni üfüqlər açdı, aşıq sənəti dünya qeyri-maddi irsinin inciləri sırasında öz yerini tutdu. Bu gün sazımız dünyanı muğamımızla qoşa dolaşır. Bu sənətin inkişafı və beynəlxalq miqyasda geniş təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Cənab nazir, Qurultayın yüksək səviyyədə keçirilməsinə göstərdiyiniz köməyə və şəxsən iştirakınıza görə Azərbaycan aşıqları adından Sizə minnətdarlığımızı bildirir və əmin edirik ki, Azərbaycan Aşıqlar Birliyi bundan sonra da üzərinə düşən məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirəcəkdir.
Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar elm xadimi,
professor.