PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ƏMƏKDAR ELM XADİMİ HAQQINDA YENİ KİTAB

Bu günlərdə “Uğur” nəşriyyat-poliqrafiya mərkəzində “Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya” adlı kitab nəfis tərtibatla çap olunaraq oxucuların ixtiyarına verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqalr Birliyinin sədri Məhərrəm Paşa oğlu Qasımlının anadan olmasınnı 60 illik yubileyinə ərməğan kimi hazırlanan bu avtobioqrafik bilgi və biblioqrafiya göstəricisi görkəmli ziyalı, alim və şairin uzun illər boyu gerçəkləşdirdiyi elmi və ədəbi-bədii fəaliyyətinin mühüm bir qismini əhatə edir. Məhərrəm Qasımlının – Orxan Paşanın ana dili ilə yanaşı müxtəlif ölkə və dillərdə nəşr olunan əsərləri haqda məlumatlar da kitabda yer alıb. Bütövlükdə kitab 13 bölümdən ibarətdir:

“Məhərrəm Qasımlının ömür yolu”, “Həyatındakı mühüm məqamlar”, “Kitablarından seçmələr”, “Məhərrəm Qasımlı haqqında söylənilənlər”, “Məhərrəm Qasımlının rəhbərliyi altında müdafiə etmiş fəlsəfə doktorlarının siyahısı”, “Kitabları”, “Tərtib edib hazırladığı kitablar”, “Elmi məsləhətçisi və redaktoru olduğu kitablar”, “Dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri və hazırladığı folklor səhifələri”, “Şeirləri”, “Tərcümələri”, “Müsahibələri” və “Haqqında yazılanlar”.
M.Qasımlı 1958-ci il avqust ayının 5-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirib. 1983-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olub, 1987-ci ildə “Şah İsmayıl Xətayinin poeziyası” mövzusunda namizədlik, 1997-ci ildə isə “Aşıq sənəti: təşəkkülü və mühitləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2003-cü ildən folklorşünaslıq ixtisası üzrə professordur. 1992-ci ildən 2017-ci ilədək Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Uzun illərdir ki, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur.
M.Qasımlı Azərbaycan aşıqlarının 2008-ci ildə keçirilən V Qurultayında Aşıqlar Birliyinin birinci katibi vəzifəsinə seçilib, 2016-cı ilin mart ayından isə bu birliyə rəhbərlik edir.
M.Qasımlı elmi fəaliyyətindəki uğurlarına görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb, 2015-ci ildə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilib. 2016-cı ildən Azərbaycan Respublikası Dövlət mükafatı kimissiyasının üzvüdür.
Kitabı tərtib edən Xalidə Vəliyeva, redaktoru Yeganə Məmmədovadır.