PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“AZƏRBAYCAN AŞIQ SƏNƏTİ” KİTABI İNGİLİS DİLİNDƏ

Ölkəmizdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş təıdbirlər davam edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların mədəniyyətinin tədqiqi problemləri” adlı XVII Beynəlxalq elmi-praktik konfrans da bu möhtəşəm yubileyə həsr olunub. 2018-ci il aprel ayının 13-də həmin konfrans çərçivəsində amerikalı tədqiqatçı Anna Oldfildin tərcüməsində Əminə Eldarovanın yenicə işıq üzü görmüş “Azərbaycan aşıq sənəti” kitabının təqdimatı keçirilib.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq Əminə Eldarovanın bu kitabının aşıq sənətinin öyrənilməsində böyük rolu olduğunu qeyd edib, indiydək Azərbaycan və rus dillərində nəşr olunmuş əsərin bu gün ingilis dilində də çap olunmasının isə daha böyük əhəmiyyət daşıdığını vurğulayıb. F.Əliyeva kitabın tərcüməçisi, amerikalı professor Anna Oldfieldin redaktorların zəhmətini yüksək dəyərləndirdikdən sonra tədbiri aparmaq üçün sözü Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlıya verib. M.Qasımlı bu kitabın aşıq sənətinin tədqiqi sahəsində çox sanballı əsər olduğunu qeyd edib, eləcə də, Anna Oldfieldin Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, A.Oldfild Azərbaycan Aşıqlar Birliyi ilə də müntəzəm olaraq əlaqə saxlayır.

Kitabın ingilis dilində nəşrinin redaktoru Səadət İbrahimova, Azərbaycan dilində nəşrin redaktoru professor Kamilə Dadaşzadə, professor Fəttah Xalıqzadə, Xalq artisti Zamiq Əliyev, Əməkdar artist Vamiq Məmmədəliyev və başqaları çıxış edərək Azərbaycan aşıq sənətinin öyrənilməsində əvəzsiz mənbə olan bu kitabın ingilis dilində nəşrini əlamətdar hadisə kimi dəyərləndiriblər.

Anna Oldfield çıxış edərək Azərbaycan mədəniyyəti ilə ilk tanışlığından, aşıq sənətinə marağından, bu sənətlə bağlı apardığı tədqiqat işlərindən və gələcək planlarından danışıb.

Əminə Eldarovanın qızı Dilarə Əlizadə kitabın nəşrində zəhməti olan hər kəsə minnətdarlığını ifadə edib.

Tədbirdə həmçinin aşıqlardan Əməkdar Mədəniyyət İşçiləri Əhliman Rəhimov və Nemət Qasımlı, eləcə də Altay Məmmədli və Ramin Qarayev müxtəlif aşıq havalarını səsləndiriblər.