PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Ulduz Sönməz: Mən belə yaşadım” kitabının təqdimatı olub

Martın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ustad aşıq, pedaqoq, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü Ulduz Sönməzə həsr olunmuş “Ulduz Sönməz: mən belə yaşadım...” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq ustad aşığın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Aşıqlar Birliyi və Milli Kitabxananın birgə reallaşdırdığı layihələr milli-mənəvi dəyərlərin, aşıq sənətinin təbliğinə müəyyən töhfə verir.

“Ulduz Sönməz ölkəmizin aşıq xanımlarının yetişməsində mühüm işlər görüb, həm də aşıq şeirimizin gözəl nümunələrini yaradıb. Onun yetirmələri bu gün sənətdə öz sözünü deyən aşıqlardır”, – deyə K.Tahirov qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək kitabın məziyyətlərindən bəhs edib. Bildirib ki, aşıq Ulduz bugünkü qadın aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkardır: “Son illər dövlət tərəfindən aşıq sənətinin inkişafına böyük diqqət yetirilir. Bu sahədə böyük canlanmanın şahidiyik. Aşıq sənətinin ağbirçəyi sayılan aşıq Ulduzun bu sənətin inkişafında rolu xüsusi vurğulanmalıdır. Onun yaradıcılıq axtarışlarına hələ çox şahidlik edəcəyik”.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı sənətkarın aşıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, sənət aləmində 50 ildir fəaliyyətdə olan aşıq Ulduz bütün mənalarda öz obrazını yaradıb.
“Aşıq Ulduz gözəl sənətkar olmaqla yanaşı, həm də “Ulduz” Birliyinin yaradıcısı və rəhbəri, “Qopuz” jurnalının təsisçisi və baş redaktoru, ustad aşıq, pedaqoq, dəyərli ziyalıdır”, – deyə M.Qasımlı söyləyib.
Professor Qəzənfər Paşayev, Xalq artisti, professor Ramiz Quliyev, tibb elmləri namizədi Rəşid Mahmudov, iraqlı şair Fərrux Körpülü, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflı, şairə Fəridə Hacıyeva və digərləri də aşıq Ulduz Sönməzin bir sənətkar kimi özünəməxsusluğundan söz açıb, keçdiyi sənət yoluna işıq tutan bu kitabı yüksək dəyərləndiriblər.
Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, kitabda aşığın sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələri, son illərdə yazdığı şeirləri, yazışmaları ilə yanaşı, respublikamızın tanınmış dövlət, elm və sənət xadimlərinin onunla bağlı söylədikləri dəyərli fikirlər, habelə barəsində yazılmış məqalələr, Ulduz Sönməzin mətbuata müsahibələri, müxtəlif vaxtlarda ona ünvanlanmış məktublar, teleqramlar, təbriklər, dövlət təltifləri barədə məlumatlar və “Ulduz” Birliyi haqqında rəylər yer alıb.
Kitab Ulduz Sönməzin həyat və yaradıcılığına işıq salmaqla bərabər, çağdaş dövrümüzdə aşıq sənətini araşdıran tədqiqatçılar və sənətə yeni gələn gənclər üçün qiymətli vəsaitdir. “Ulduz Sönməz: Mən belə yaşadım...” kitabının nəşrə hazırlayanı və redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.
Tədbirdə eyni zamanda aşıqlardan İlham Aslanbəyli, Qələndər Zeynalov, Şaiq İncəli və Könül Bayramovanın ifasında  saz havaları dinlənilib.
Sonda aşıq Ulduz tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

M.NƏBİOĞLU