PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

İSFƏNDİYAR RÜSTƏMOV

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, ustad aşıq İsfəndiyar Rüstəmov 2018-ci il fevralın 9-da  vəfat edib.
İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra həyatını bütövlükdə aşıq sənətinə bağlayıb. 1958-ci ildə Bakıda keçirilən festivalda birinci dərəcəli diplom və döş nişanı ilə təltif olunub. Aşıq Ələsgərin 150 illik yubileyi münasibəti ilə Bakıda və 1972-ci ildə Moskvada keçirilən tədbirlərdəki çıxışları isə onu bir sənətkar kimi daha da məşhurlaşdırıb.

1975-1977-ci illərdə keçirilən Ümumittifaq festivalındakı uğurlu çıxışlarına görə İ.Rüstəmov  Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
Ömrünün 60 ildən çoxunu aşıq sənətinin inkişafına və təbliğinə həsr edən ustad  aşıq hələ 1964-cü ildə Gədəbəydə gənc aşıqları ətrafına toplayaraq aşıq ansamblı yaradıb və uzun illər bu kollektivə və Aşıqlar Birliyinin  Gədəbəy rayon şöbəsinə başçılıq edib.  Onun rəhbərliyi altında Gədəbəy rayon Mədəniyyət evinin “Aşıqlar” ansamblı aşıq sənətinin inkişafı və təbliği sahəsində böyük uğurlara imza atıb.
Aşıq İsfəndiyar Rüstəmov sənətdə fəaliyyətə başladığı gündən respublikamızda və onun hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsaqbiqələrdə Azərbaycan mədəniyyətini, aşıq musiqisini layiqincə təmsil edib, müxtəlif diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub, tamaşaçıların rəğbətini qazanıb.
Dəfələrlə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olub. Moskvada keçirilən “Göy qurşağı” festivalı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin açılış mərasimi, Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü, Dərbənddə keçirilən “Narınqala” aşıq musiqisi festivalı, Türkiyə, İran və digər ölkələrdəki folklor festivalları bu qəbildəndəir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan İsfəndiyar Rüstəmov ölkəmizin ictimai həyatında da yaxından iştirak edib. YAP-ın I Qurultayının nümayəndəsi olub.
Aşıq İsfəndiyar Rüstəmov 2002 və 2004-cü illərdə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən gənc aşıqların I və II respublika müsabiqələrinin münsiflər heyətinin sədri, 2003 və 2005-ci illərdə keçirilən milli musiqi alətləri ifaçılarının I və II respublika müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
Aşıq İsfəndiyar Rüstəmovun sənətə xidmətləri layiqincə qiymətləndirlib. O, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, Mədəniyyət və Turizm Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.  
Ustad aşıq İsfəndiyar Rüstəmovun əziz xatirəsi yaxınlarının və doğmalarının, onu tanıyanların və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ