PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSU İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb. Bu ildən başlayaraq ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin və ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Topluda professorlardan Məhərrəm Qasımlının “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, Kamilə Dadaşzadənin “Bozoxu” havasının tarixi morfologiyasına dair”, İradə Köçərlinin “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, İsmayıl Məmmədlinin “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, Abbasqulu Nəcəfzadənin “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, eləcə də, Avtandil Ağbabanın “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, Musa Nəbioğlunun “Ustad aşıq – zəmanədən gileyli şair”, Altay Məmmədəlinin “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və s. elmi məqalələri, Xalq yazıçısı Elçinin professor Qəzənfər Paşayevin 80 illik yubileyi münasibəti ilə yazdığı “Siz kimsiniz, Qəzənfər Paşayev?!” məqaləsi, 2017-ci ilin sentyabrında dünyasını dəyişmiş Prezident təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov haqqında xatirə yazıları və Azərbaycan Aşıqlar Birliyinin 2017-ci ildə həyata keçirdiyi tədbirlərdən xəbər xronikası yer alıb.
Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə folklorumuz və adət-ənənələrimizlə, milli-mənəvi dəyərlərimizlə maraqlananlar üçün bu toplu qiymətli bir elmi mənbədir.