AŞIQ DASTANLARI”NIN 2-Cİ CİLDİ İŞIQ ÜZÜ GÖRÜB
Son illərdə bir sıra uğurlu nəşrlərə imza atan Azərbaycan Aşıqlar Birliyində ərsəyə gətirilmiş daha bir kitab elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib. Belə ki, elmi məsləhətçisi Azərbaycn Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan və üç cilddə nəşri nəzərdə tutulan “Aşıq dastanları”nın 2-ci cildi bu günlərdə nəfis tərtibatla çap olunub. Kitabı hazırlayanlardan biri – Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, Musa Nəbioğlu bildirib ki, bu cildə on bir dastan – “Yetim Aydın”, “Əsli və Kərəm”, “Qul Mahmud və Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan”, eləcə də “Aşıq Hüseyn və Reyhan xanım” dastanları daxildir. Qeyd etmək lazımdır ki, bu dastanlar M.Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi kimi efirə gedən “Saz-söz məclisi” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq bu nəşrə daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza yeni həyat, yeni nəfəs gətirməkdir.