Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir.
Bu il ustad aşıqlarımızdan Əsəd Rzayevin (1874–1951) anadan olmasının 150 illik yubileyidir. Saz-söz sənətimizdə öz dəst-xətti ilə seçilən aşığın bədii yaradıcılığı ilə yanaşı, maraqlı həyat hekayəsi var. Onun ömür yolu və yaradıcılığı haqqında Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə həmsöhbət olduq.
Dədə Ələsgərin güvəndiyi şəyirdlərindən biri
“XX əsr Azərbaycan aşıqlığında çox nəhəng simalar var. Bu sırada öndə duran aşıqlardan biri də Əsəd Rzayevdir” deyə sözə başlayan AAB sədri qeyd edir ki, Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olan aşıq Əsəd bir müddət sonra Tovuz rayonunun Bozalqanlı kəndində məskunlaşıb. Elə burada ömrünü başa vurub.
Aşıq Əsədin özündən 10 yaş kiçik qardaşı Məhəmməd Rzayev də bu sənətin nümayəndəsi olub. Ona aşıq sənətinin sirlərini məhz qardaşı Əsəd öyrədib. Əsədin isə müəllimi ustadlar ustadı Aşıq Ələsgər olub: “Dədə Ələsgərdən 10 ilə yaxın aşıqlığın sirlərini əxz edən sənətkar ustadının ən çox güvəndiyi, sevdiyi şəyirdlərindən biri olub. Dədə Ələsgərin digər tanınmış şəyirdlərindən biri də 1919-cu ildə erməni daşnaklar tərəfindən kürəyinə odlu samovar bağlanaraq qətlə yetirilən Aşıq Nəcəf Daşkəndli idi. O dövrdə Aşıq Əsəd və Nəcəf Daşkəndlinin səs-sorağı Göyçəyə, Gəncəbasara və digər bölgələrə yayılmışdı.
1918-ci ildə Əsəd Rzayev erməni zabit Selikovu güllə ilə öldürür. Bir müddət sonra bu işin üstü açılır. O, qardaşı Məhəmmədlə birgə həbs edilərək Kəvər həbsxanasına aparılır. Müsavat Partiyası Göyçə təşkilatının köməyi ilə həbsdən qaçırılır. Bundan sonra qardaşlar özlərinin təhlükəsiz olmadıqlarını hiss etdiklərindən Göyçədən uzaqlaşırlar. Daşkəsəndə, Gəncədə, Qazaxda, ən son isə ata-baba yurdu – Tovuz rayonunun Bozalqanlı kəndində yurd salırlar. Aşıq Əsəd burada tanınmış şair-aşıq Mirzə Bayramovla birgə məşhurlaşır. Onların sənəti dahi bəstəkar Üzeyir Hacıbəyli və Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir. Üzeyir bəy aşıqları dinləyir, onların ifalarından müxtəlif havaları yazıya alır. Hətta “Koroğlu” operasının bir sıra mətnlərinin yazıya alınmasında onların ifa etdiyi havalardan istifadə edir. Bakıda və Moskva şəhərlərində keçirilən bir çox tədbirlərə aşıqları dəvət edir”.
Öz sazını Aşıq Nabata bağışlayıb
Aşıq Əsədin yüksək səs imkanlarına malik olduğunu bildirən Məhərrəm Qasımlı deyir: “Məclislərin birində otuzluq lampanı qururlar. Aşıq Əsəd zilə qalxaraq şaqraq səslə “Koroğlu” havasını oxuyanda lampa sönür. Yəni sənətkar o dərəcədə qeyri-adi yüksək səsə malik imiş. Hətta deyilənə görə, onun 3 oktavaya qədər səsi olub.
1938-ci ildə Moskvada ilk dəfə Azərbaycan incəsənəti ongünlüyü keçirilir. Həmin dekadaya ölkəmizdən bir çox məşhur insan qatılır. Onların arasında Əsəd Rzayev də yer alır. Əsəd səhnəyə çıxan zaman vaxtilə Selikovun öldürülməsinə görə onu həbs etdirən erməni Anastas Mikoyanı (SSRİ Xalq Komissarları Soveti sədrinin müavini – red.) görür. Əsəd fikirləşir ki, Mikoyan mənim burada olduğumu bilsə, məni güllələyəcəklər. Üzeyir bəy Əsədə səhnəyə çıxıb oxumağını təklif edəndə o, vəziyyət barədə dahi bəstəkara məlumat verir. Özünün yerinə səhnəyə Aşıq Nabatın (Nabat Paşa qızı Cavadova; 1914–1973) çıxaraq “Osmanlı divanisi”ni oxumağı təklif edir. Üzeyir bəy Əsədə havanın adını dəyişdirməsini söyləyir. Əsəd “Osmanlı divanisi”ni “Meydan divanisi” adlandırır və bu havanın adı o zamandan belə tanınır. Beləliklə, Nabat səhnəyə çıxaraq divanini oxuyur. Bütün zal, o cümlədən Stalin bu ifaya heyran qalır. Stalin Nabatın ifasını ayaq üstə alqışlayır...
Əsədin məşhur bir sazı olub. O həmin sazı Nabata bağışlayaraq deyir ki, sən məni ölümdən xilas etdin. Aşıq Nabat ömrünün son gününə qədər o sazda ifa edib. Onu da deyim ki, Səməd Vurğun bu əhvalatdan sonra Aşıq Nabatı öz zəmanəti ilə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edib. Aşıq Əsəd də bu qurumun üzvü olub”.
Aşıq Əsədin yubileyi necə qeyd olunacaq?
Ustad aşığın 150 illiyi ilə bağlı keçiriləcək layihələr haqqında məlumat verən həmsöhbətim qeyd etdi ki, bu ilin aprel ayında Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında “Saz-söz axşamı” verilişinin Əsəd Rzayevə həsr olunmuş bölümü yayımlanıb. Qarşıdakı aylarda Tovuz rayonunda Aşıq Əsədin 150 illiyi ilə bağlı tədbir keçiriləcək. Aşıqlar Birliyi də yubileylə bağlı tədbir təşkil edəcək.
AAB-nin sədri deyir ki, folklorşünas alim Vəli Xuluflu tərəfindən toplanılaraq 1927 və 1929-cu illərdə çap edilən “Koroğlu” dastanının 2 qolu Hüseyn Bozalqanlının, 13 qolu (əvvəlcə 4, sonra 9) isə Əsəd Rzayevin dilindən yazıya alınıb. Folklorşünas Hümmət Əlizadə də “Koroğlu” dastanının bir neçə qolunu, xalq dastanlarından bir çoxunu Aşıq Əsədin dilindən qeydə alıb. Aşığın ilk şeirlər kitabı da onun yaxından köməkliyi sayəsində işıq üzü görüb. İkinci şeirlər kitabı isə çox sonralar, 1979-cu ildə çap olunub. Koroğlu havalarını heç kim Aşıq Əsəd qədər yaxşı oxumayıb.
AAB-nin fəaliyyətində nə kimi yeniliklər var?
Məhərrəm Qasımlı Aşıqlar Birliyinin cari fəaliyyəti haqqında da məlumat verdi, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışdı. Vurğuladı ki, “Gənc aşıqlar” layihəsində 30-a qədər gənc aşığın ifası yazıya alınıb: “Həmin aşıqları mərhələ-mərhələ efirə dəvət etdik. Qərbi Azərbaycandan olan aşıqlar, o cümlədən gənc aşıqların ifaları hazırlanıb, avqustun sonlarında albom şəklində işıq üzü görəcək. Hazırda gənc aşıqlara ayrıca istiqamət kimi dastanları öyrədirik. Bu aşıqlardan bir neçəsi maraqlı dastan örnəkləri ortaya qoyur. Məsələn, Toğrul Ataxallının danışdığı “Yetim Aydın” dastanı efirə gedərək böyük rezonans doğurub. Gənc aşıqlardan Mehman Tovuzlunun üzərində işlədiyi “Novruz və Qəndab”, Qəlbinur İbrahimlinin “Mirzə Bilal” dastanları payız aylarında efirə gedəcək. Bu, çox əhəmiyyətli bir layihədir. Bundan başqa, bu ilin may ayında “Aşıq dastanları” adlı üçcildlik antologiyanın I cildi çap olunub. II cild oktyabr ayında nəşrə göndəriləcək. III cildin isə dekabrda nəşri planlaşdırılır”.
Bəs Orxan Paşa nə yazır?
Məlum olduğu kimi, Məhərrəm Qasımlı həm də bədii yaradıcılıqla məşğul olur, “Orxan Paşa” imzası ilə şeirlər qələmə alır. İndiyədək şeirlərindən ibarət beş kitabı işıq üzü görüb. Kitabları ölkəmizlə yanaşı, Türkiyə, İran və Gürcüstanda da çap olunub. Sonuncu nəşr olunan şeir kitabı “Əllərini uzat mənə” adlanır. Kitabda müxtəlif mövzuda qələmə aldığı şeirlər, o cümlədən azad Şuşaya həsr etdiyi “Gəlmişəm, Şuşam, gəlmişəm” şeiri də yer alır:
Müəllif bu şeiri Şuşada olarkən bir gecədə yazıb...
***
Avqustun 5-də Məhərrəm Qasımlının ad günüdür, 66 yaşı tamam olur. Görkəmli alimə cansağlığı, uzun ömür, elmi və bədii yaradıcılığında, ictimai fəaliyyətində uğurlar arzulayırıq.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) son illərdə həyata keçirdiyi uğurlu layihələrdən olan “Aşıq dastanları” antologiyasının 2-ci cildi üzrətində iş yekunlaşmaq üzrədir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, antologiyanın bu cildində “Əsli və Kərəm”, “Yetim Aydın”, “Qul Mahmud vəı Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan” və “Aşıq Hüseyn və Reyhan xanım” dastanları yer alacaq.
Son illərdə Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi uğurlu layihələrdən biri də aşıqalrın repertuarında dastançılıq ənənəsinin yaşadılmasına böyük önəm verilməsidir. Bir növ, dastanlarımıza ikinci həyat verilir – çağdaş aşıqlarımızın söylədiyi dastanlar lentə alınaraq televiziya vasitəsi ilə geniş ictimaiyyətə təqdim olunur, eyni zamanda kitab halında nəşr olunur.
Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad balabançı, Fəxri mədəniyyət işçisi, Nizami Abbasov 78 yaşında vəfat edib.
Nizami Əli oğlu Abbasov 1946-cı il iyul ayının 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Sənətin sirlərini dövrünün tanınmış balabançılarından olan atası Əli Abbasovdan öyrənib.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Camoy Qurbanovun 70 yaşı tamam olur. Hər zaman ustad aşıqlara böyük qayğı və diqqət göstərən Azərbaycan Aşıqlar Birliyində C.Qurbanovun yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı da bir sıra tədbirlər nəzərdə tutulur. Bu silsilədən ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu ustad sənətkara həsr ollunması nəzərdə tutulub. İyul ayının sonlarında ustadın özünün iştirakı ilə efirə gedəcək həmin verilişdə onun ömür və sənət yolundan söhbət açılacaq, ifaları səsləndiriləcək. Yubilayarın sənət dostları Hüsən və Kifayət Dəryahquliyevlər, Mahal İncəli kimi ustad aşıqlarla yanaşı, gənc aşıqlar Şahin Süleymanov, Coşqun Rəhimov və Ruslan Qazaxlı da öz ifaları ilə ustad sənətakrı təbrik edəcəklər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər uğurla davam etdirilir.