PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan aşıqlarının dövlət müstəqilliyimizin 25 illiyinə “Çiçəklən, ana yurdum” töhfəsi...

Əbülfəs Qarayev:”Prezidentimiz həmişə aşıqları, aşıq sənətini diqqətdə saxlayır”
AAB sədri Məhərrəm Qasımlı aşıqlar ordusunun dövlətin yanında olduğunu bəyan etdi...
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasının 25 yaşı tamam olur. 25 il əvvəl dövlətçilik tariximizdə baş verən bu mühüm və vacib hadisə xalqımızın taleyində əhəmiyyətli rol oynadı. Dövlət müstəqilliyimiz bizə çox böyük səadət bəxş edib. Xalq, dövlət olaraq xoşbəxtik ki, XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə nail ola bilmişik.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir, konsertlər, yığıncaqlar təşkil edilir. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan aşıqları dövlətə, dövlətçiliyə öz sevgisini göstərdi. Aşıqlar vətənimizin gözəlliyini saz-sözlə tərənnüm etdilər. Doğma Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin alqışlandığı, bu möhtəşəmliyin tərənnüm edildiyi saz havaları, şeirlər Vətənə bir ərmağan edildi.
Sirr deyil ki, tarixən aşqıların dövlət quruculuğunda, onun əzəmətinin tərənnüm edilməsində, dövlətçiliyə xalq sevgisinin formalaşmasında rolu böyük olub. Fzərbaycan hökmdarlarının hamısı olmasa da, böyük bir qismi aşıqlara, ozan aşıq sənətinin inkişafına böyük təkan verib, aşıqları xalq elçisi kimi qəbul edib, tanıyıb, onları qayğı ilə əhatə edib.

Ölkədəki vəziyyəti, görülən abadlıq işlərini, xalqın güzəranını aşıqdan başqa kimi yaxından müşahidə edə, görüb duya bilər ki? Taleyi xalqın həyatı ilə yaxından bağlı olan aşıqlar Azərbaycanın müstəqilliyə qovuşmasını hər zaman arzu edirdilər. Bu günkü aşqılar da Vətənimizin müstəqilliyindən ilham alır, onu vəsf edir. Bir məsələni də qeyd edim ki, aşıqlarımız arasında kifayət qədər qarabağ müharibəsi iştirakçıları var, Yəni onlar düşmənin cavabını səngərdə də verməyi bacarıblar. Həm sazı, həm sözü, həm də əməli ilə Vətənin xidmətində olan aşıqlarımız elə, Vətənə sədaqətlidir.
Vaxtilə ustad aşıqlar Azərbaycanın vüqarını, əzəmətini, gözəlliyini tərənnüm edib. Mərhum aşıq, ustad Əkbər Cəfərov özünün

"Azərbaycanım” şeirində yazır:
Qoy durum dolanım sənin başına
Dağları vüqarlı Azərbaycanım.
Muğanı ceyranlı, Mili turaclı,
Gəncəsi çinarlı Azərbaycanım.

Keçən həftənin şənbə günü Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan "Çiçəklən, ana yurdum” adlı sazlı-sözlü tədbir keçirildi. Ötən həftənin diqqətçəkən və maraq doğuran gecələrindən olan "Çiçəklən, ana yurdum” tədbiri yadda qalan oldu.

Azərbaycan aşqılarının böüyk sevgi və coşğu ilə iştirak etdiyi gecəni Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açdı. Nazir bildirdi ki, dövlətimiz Azərbaycan mədəniyyətinin, maddi-mənəvi dəyərlərimzin, eləcə də adət-ənənələrimizin qorunub təbliğ olunması sahəsində iri miqyaslı işlər həyata keçirir. Ə.Qarayev qeyd etdi ki, Azərbaycan mədəniyyətinin inkişafında aşıq sənətinin xüsusi rolu var və mədəniyyət tariximizə parlaq səhifələr yazmış aşıqlarımız çox olub. Nazir vurğuladı ki, üzü Dədə Qorquddan bəri olan bütün ozanlar, aşıqlar xalqı birliyə, dövlətçilik naminə birləşməyə, dövləti qorumağa çağırıb. Ə.Qarayev həmçinin aşıq sənətinə olan dövlət qayğısından danışıb:”Bu qədim sənətin UNESKO-nun mədəni irs siyahısına daxil edilməsi hadisəsi dövlət qayğısı sayəsində baş verib. Qeyd edim ki, biz aşıq sənətini UNESCO-ya salmamışdan əvvəl bədnam qonşularımız bizim müqəddəs sənəti mənimsəyib öz adlarına UNESCO-ya salmaq istəyirdilər. Biz bundan xəbər tutduq və Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun və alimlərimizin, tədqiqatçılarımızın səyi, köməkliyi sayəsində qədim milli sənətimiz olan aşıq sənətini bu mötəbər quruma daxil etdik. Cənab Prezidentin özünün aşıq sənətinə, aşıqlara çox böyük hörməti, rəğbəti, qayğısı var. O, aşıq sənətinə, aşıqlara diqqət, qayğı göstərir. Bir neçə gün əvvəl bir neçə aşığa fəxri ad təqdim etdim. Bundan əvvəl də bir neçə aşıq cənab Prezident tərəfindən fəxri adlara layiq görülüb, görüləcək də. Prezidentimiz həmişə aşıqları, aşıq sənətini diqqətdə saxlayır.

Azərbaycan aşıqları 50-dən çox ölkədə olublar. Hər iki ildən bir Azərbaycan Aşıqlar Birliyi ilə birgə Beynəlxalq Aşıq Festivalı keçiririk. Aşıq sənəti xalqın ürəyindədir və aşıqlar xalqın yanındadır. Hər bölgəmizdən saz səsi gəlir. Bizim çox zəngin mədəni sərvətimiz var. Qoy həmişə aşıq sənəti yaşasın, qoy həmişə müstəqil Azərbaycan yaşasın, inkişaf etsin! Dövlətimizin müstəqilliyi əbədi olsun!”
AAB sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı tədbirdə söz dedi. M.Qasımlı dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun rəhbəri UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın aşıq sənətinə göstərdiyi qayğıdan danışdı. M.Qasımlı bildirdi ki, aşıq sənəti Azərbaycan mədəniyyətinin ən mötəbər qaynağıdır:”Dövlətimiz aşıq sənətinə misilsiz qayğı göstərir. Məlumdur ki, aşıq sənəti milli mədəniyyətimizin ən mötəbər qaynağıdır. Tarixən Azərbaycan aşıqları dövlətin yanında olub. Bu gün aşıqları böyük bir orduya bənzədirəm. Bu ordu Azərbaycan mədəniyyətinə, söz sənətinə, dövlətinə, dövlətçiliyinə xidmət edir. Edəcək də”.

Gecənin aparıcısı Zöhrə Xəlili səhnəyə gələrək aşıqları meydana dəvət etdi. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan "Çiçəklən, ana yurdum” adlı sazlı-sözlü tədbirdə ilk olaraq "Misri” və "Çeşmə” folklor qrupları çıxış etdi. Gənclər "Ana yurdum” mahnı-kompazisiyasını. Aşıq Nəbi Nağıyev və aşıq Nazim Quliyev isə "Azərbaycanım” oxudular. Şirvan aşıq mühitini təmsil edən aşıq Əli Tapdıqoğlu "Dil aç telli sazım, Şirvan elindən” sədasını tamaşaçılara çatdırdı. Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva "Bakım” mahnısını ifa etdi. Solo saz ifaçıları Nemət Qasımlı, Roman Azaflı, Elvin Mehmanlı və Bəxtiyar Qurbanov "Ruhani” saz havasını təqdim etdilər. Aşıq Əhliman Rəhimov "Əsgər balam” mahnısını ifa etməklə Azərbaycan əsgərinə vətənin keşiyində ləyaqətlə, hünərlə durmağı tövsiyyə etdi. Naxçıvandan gələn aşıq Tural Bağırov "Naxçıvandadaır” oxudu. Aşıq Qələndər Zeynalov, aşıq Altay, aşıq Dəmir Vəliyev isə "Bayrağımız” mahnısını saz havası üstə ifa etdilər. "Baş müxəmməs” havasını isə aşıq Zülfiyyə İbadova, aşıq Könül Bayramova və aşıq Xatirə Gülməmmədli təqdim etdi. Aşıq Gözəl Kəlbəcərli və aşıq Əli Zeynalabdinov isə "Qarabağdadır” nidasını dilə gətirib sazla aləmə eşitdirdilər. Kəlbəcər aşıqlar qrupunun üzvləri-aşıq Elbrus Hüseynov, aşıq Şöhrət Kərimov və aşıq Əfqan (balabanda İbadət Allahverdiyev müşaiət edirdi) "Arazıma, Kürümə bənzər” deyə Vətəni vəsf etdilər. Bəlakəndən təşrif gətirən tambur ifaçısı Əfqan Rəhimov "Bəlakənim”, Roman Azaflı və Məhsəti Cabbarlı isə "Yaxşı olar” oxudular. "Koroğlular yadigarı”nı isə aşıq Şaiq İncəli, aşıq İlham Aslanbəyli və aşıq Avdı Musayev təqdim etdilər. Aşıq Bəhmən Göyçəli və aşıq Rəfiqə Göyçəli "Gözəldi”, aşıq Kəmalə Qubadlı "Vətənimiz çiçəklənir” ("Bəhri divani”), aşıq Ağamurad Şirvanlı və aşıq Vüqar Mahmudoğlu "Vətənimin seyrinə vardım” mahnıları ilə tamaşaçılar qarşısında çıxış etdilər. Aşıq Zülfüqar şamilov və aşıq Asudə Hüseynova isə "Səfası var Gədəbəyin” mahnısını oxudular. Sonda aşıqlar xorunun ifasında "Azərbaycan” mahnısının sədaları dinlənildi.
Qeyd edim ki, aşıqların ifası hər zaman tamaşaçı və dinləyicilərin ürəyincə olur. Bu dəfə də sazsevərlər aşıqların ifasından böyük zövq aldı. Sevindirci haldır ki, aşıq sənətinə dövlət qayğısı var. Bu gün aşıq sənəti özünün ən uğurlu dönəmin yaşayır. Hesab edirəm ki, aşıq sənətinin çox böyük gələcəyi var və bu sənəti gələcəyə istedadlı gənclər aparacaq...

İradə SARIYEVA
http://melumat-merkezi.com