PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Zamanı dəyişən sənətkar

Məti Osmanoğlu
Professor Məhərrəm Qasımlının aşıq sənəti ilə bağlı uzun müddətdir apardığı televiziya proqramları Azərbaycanın mədəni həyatında mühüm tarixi rol oynayır. Bu proqramlar sadəcə maarifləndirmə, öyrətmə ocağı deyil, həm də texnologiyaların təsiri ilə ayaqları yerdən üzülmüş müasir düşüncəni öz köklərinə bağlayan, günümüzün insanlarını öz kökləri üstündə duyğulandıran, sevdirən, sevindirən bir sənət hadisəsidir.


Məhərrəmin televiziya proqramlarına təkcə Azərbaycan Respublikasında deyil, dünyanın soydaşlarımızın yaşadıqları yerlərində böyük maraq və sevgi var. Bizim ailədə isə bu maraq və sevgi bambaşqa olub. İllər boyu həftənin cümə günləri atam harada olsa, axşamtərəfi özünü tələsik evə yetirər: – “Ay uşaq, televizoru yandırın, birdən Məhərrəmin verilişi ötər!” – deyib, televizorun qabağında yerini rahatlayardı. Məhərrəmi ilk gəncliyindən tanıyan (Məhərrəmlə mən tələbə vaxtı bir otaqda qalmışıq) atam onun verilişlərinə xüsusi bir doğmalıqla baxır, proqram boyu özünəməxsus şərhlər verirdi...
“Mədəniyyət” televiziya kanalında “Saz-söz axşamı” verilişinin Aşıq Ədalətə həsr olunmuş proqramına baxanda atamın səsi qulağıma gəldi və bu söhbəti də elə o səsin müşayiəti ilə dinlədim: Ədaləti mənə ilk dəfə tanıdan atam olmuşdu...
Veriliş boyu Ədalətlə Məhərrəmin şirin söhbətində böyük saz ustasının keçdiyi ömür və sənət yolunun ayrı-ayrı məqamlarına, mərhələlərinə işıq düşdükcə həmin işıq altındamənim də zehnimdə Ədalət haqqında düşüncələr canlanır. Söhbətə ekrandan daha çox öz dünyamdan, öz düşüncələrimin pəncərəsindən baxıram. Məncə, Məhərrəmin televiziyada söhbət qurmaq ustalığı da elə bunda – ekranın o biri üzündəki tamaşaçını söhbətə qoşa bilməyindədir. Bu, peşəkarlıqdan daha çox fərdi keyfiyyətdir...
Cavabını axtardığım suallardan biri bu idi ki, uzun illərdir kumirimizə çevrilmiş Ədalət aşıq sənətinənə gətirib?
Keçmişə boylanmaq lazım gəlir. Stalin diktaturasından sonra bir qədər azad nəfəs alan Azərbaycan mədəniyyətində poeziya, rəssamlıq, kino, musiqi yenilik axtarışında idi. Bu yeniliyi var olduğu gündən bəri Azərbaycan türk etnosunu müşayiət edən aşıq sənətində Ədalət yarada bildi.
Ədalətin dediklərindən:“Gördüm zaman dəyişir. Fikirləşirdim ki, tarzənin tarda çaldığını mən sazda niyə çala bilmirəm? Başladım tardakı qayda ilə heç bir alət olmadan qımqıma eləyə-eləyə o pərdələrin hamısını saza artırmağa. Saza yarımpərdələri düzdüm. Allah rəhmət eləsin, Əmrah Gülməmmədov da bu işi başlamışdı, ancaq təzə pərdələrdən istifadə etməyə cəsarət göstərmirdi... İndi sazda bütün alətlərin imkanları var”.
Beləliklə, bəlkə heç özü də fərqinə varmadan Ədalət aşıq sənətinin modern solo saz ifaçılığı cərəyanını yaratdı. Ədalətin sazın ifa imkanlarını təkmilləşdirməsini XIX əsr mədəniyyətimizdə böyük hadisə olan Sadıqcanın tarın təkmilləşdirilməsi sahəsində gördüyü işlə müqayisə etmək olar. Sazın səslənmə imkanlarının təkmilləşdirilməsi, ilk növbədə, saz havalarının strukturuna, məzmununa öz təsirini göstərdi. Məhərrəm Qasımlının dəqiq ifadə etdiyi kimi, aşığın vokal ifa etdiyi saz havası ilə instrumental saz havası struktur baxımdan bir-birindən ciddi şəkildə fərqlənir. Bu, bir tərəfdən sazın təkmilləşdirilməsinin nəticəsidir – səslənmə imkanlarının genişləndirilməsi bu alətdə çalınan havaları da dəyişib. İkincisi, burada Ədalətin fərdi ifa ustalığı, musiqi dühası böyük rol oynayıb. O, saz havalarının strukturuna müdaxilə edib, klassik havalara öz bəstələrini əlavə edib.
Ədalətin yaratdığı yeni kompozisiyalar çox tezliklə kütləviləşdi, “xalq musiqisi” kimi klassik əsərlərə çevrildi. Məsələn, müqayisə etsək, görərik ki, Aşıq Xındı Məmmədin qeyri-adi ustalıqla oxuduğu klassik “Yanıq Kərəmi” ilə Ədalətin “Yanıq Kərəmi”si, əslində, fərqli əsərlərdir. Aşıq Ədalətin ifa etdiyi başqa qədim havalar da yeni və təkrarsızdır.Bu fərdi tərz tezliklə cərəyana çevrildi, Ədalətin aşıq sənətində açdığı yolun davamçıları gəldi: Aşıq Xanlar Məhərrəmov (Allahdan rəhmət diləyirəm), Əli Quliyev, bir qədər sonra Fəzail Miskinli, Bala Ədalət –Ədalət Dəlidağlı onunyaratdığı kökdən göyərib virtuoz saz ifaçılığını yeni bir axına çevirdilər. Bu gün Güney Azərbaycanda Aşıq Ədalətin çox ciddi davamçıları var: Aşıq Çingiz Mehdipur, Fərman Fərzi kimi böyük sənət adamları yetişib (indi vokal ifaçılığa keçmiş xanım Parisə Ərsalaninin adını da bu siyahıya əlavə etmək olar).
Ədalətin aşıq sənətinə, xüsusilə saz ifaçılığına gətirdiyi daha bir yenilik, saz musiqisini meydan folklorundan salon səhnəsinə gətirə bilməsi oldu. Ədalətə qədər də aşıq musiqisi salonlarda səsləndirilirdi. Lakin bu, bayağı şəkildə siyasiləsdirilmiş, ideologiyaya bulaşdırılmış (məsələn, Stalinin, kolxozun, partiyanın, pambığın təbliği ilə) meydan sənətinin bir fraqmentinin səhnəyə gətirilməsi idi və etnoqrafik karnaval səciyyəli həmin fraqmentlər çox vaxt ekzotik xarakter daşıyır, aşıq sənətini gözdən salırdı. Ədalət Moskvada İttifaqlar Evinin Sütunlu Salonu kimi nəhəng konsert səhnəsinə, Bakının konsert salonlarına sazın özünü gətirdi, tamaşaçılara sazın “danışdıqlarını” dinlətdi. Sovet ideologiyasından üz döndərmiş yeni nəsil sazı Ədalətin ifası ilə qəbul etdi. Azərbaycanda zövqlərin coğrafi məkanını bütövləşdirənAşıq Ədalət səhnəyə “dil deyib danışan”sazı gətirməklə yanaşı, özünün zahiri görkəmi, zövqlü geyimi, səhnə davranışı ilə fərqli bir aşıq imici də gətirdi.
Məhərrəm QasımlınınƏdalətlə söhbətinə baxıram və vaxtilə yaşadığım hissi bir daha yaşayıram. Müsahib kimi Aşıq Ədaləti danışdırmaq, ondan sənin istədiklərini “qopartmaq” çətindir. Ədalətin içi o qədər dolu və zəngindir ki, bu zənginliyi səninlə gah alim dilində, gah böyük səhnədən çıxış edən orator dilində, gah uzaq əsrləri yaddaşında daşıyan ozan dilində danışmağa çalışır və demək istədiklərinin heç mində, milyonda birini deyə bilmir. Onda saza əl atır. Ədalətin bir insan və sənətkar kimi fərqliliyi və fərdiliyi də elə bundadır. Çaldığı havalarda, musiqi komposiziyalarında özünün çatmaq istədiyi bir yüksəklik görür, səni oraya qədər aparır, qarşıdakı üfüqdə o yüksəklikdən sonra yeni bir yüksəklik gəlir, Ədalət sənə oranı da göstərir. Oradan o tərəfə... oradan da o tərəfə... yüksəkliklər silsiləsi davam edir. Ədalət bir də gözünü açıb görür ki, tamaşaçı ilə özünün yaratdığı dünyada, eyni havanın içindədir. Ədaləti dinləyən mütləq onun havasına düşür, o hava ilə yaşayır...
Məhərrəm Qasımlının “Saz-söz axşamı” başa çatır, o söhbətin havası içində mənim də gözlərimdə bir vaxtlar özümün gördüyüm, ünsiyyətdə olduğumAşıq Ədalətyüksəkliyi canlanır.

Duvaqqapma
1985-ci ildə “Ulduz” jurnalındaƏdalətlə müsahibəm dərc olunmuşdu.Jurnalın baş redaktoru rəhmətlik Yusif Səmədoğlunun məsləhəti ilə hazırladığım bu yazı ənənəvi müsahibə deyildi, Ədalətlə müxtəlif görüşlərimiz əsasında yazılmış dialoq-hekayə idi. Ədalətin sənətinin və xarakterinin görünməyən tərəflərini göstərməyə cəhd etdiyim dialoq o vaxtın oxunan yazılarından oldu. Jurnal əldən-ələ ötürüldü, redaksiyaya çoxlu məktublar gəldi, zənglər edildi. Buna baxmayaraq yazını “yuxarı” dairələr süngü ilə qarşıladı. Kommunist Partiyasının aparıcı orqanlarından olan “Azərabycan kommunisti” jurnalında “Ulduz” jurnalı haqqında kəskin tənqidi məqalə çap olundu və məqalədə amansızlıqla “vurulan” yazılardan biri də həmin söhbət idi...
Tənqidi yazı redaksiyanın adından imzasız verilsə də, müəllifi məlum idi, məqaləni Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri işləyən bir ədəbiyyat adamı yazmışdı.
1986-cı ildə Qazaxda Səməd Vurğunun 80 illiyinə həsr olunmuş yubiley mərasimində mən də iştirak edirdim. Tədbirlərdən biri şəhər stadionunda oldu. Hələ yığıncaq başlamamışdı. Təsadüf elə gətirmişdi ki, Mərkəzi Komitədə işləyən “ədəbiyyat adamı” ilə yanaşı dayanmışdıq. Birdən Ədalət bizə yaxınlaşdı.
- Hara gedirəm hamı sənin məqaləndən danışır, yaman yazıbsan... – məni bağrına basıb təşəkkür elədi. – Məndən yazanların hamısını böyüdürlər, Səyavuş Sərxanlı məndən yazmışdı, “Qızıl qələm” mükafatı aldı.Görərsən, sənə də mükafat verəcəklər, –dedi və şaqqıldayıb güldü.
- Mən artıq mükafatımı almışam, ustad, - deyib yanımdakı “ədəbiyyat adamının” üzünə baxdım. – Yaxşıca aşımın suyunu veriblər...
- Sənin yazın haqqında əyri bir söz deyən atabaatası ilə qələt eləyir, başını da daşa döyür,– deyib, üzünü yanımızdakı “ədəbiyyat adamına” tutdu. – Bu oğlanı tanıyırsan?
Məni gülmək tutmuşdu, cəld “hadisə yerindən” uzaqlaşdım. Ustad Ədalət isə partiya çinovniki ilə söhbətini xeyli davam etdirdi...

as-11.jpg