PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

TÜRKİYƏLİ ALİM AŞIQLAR BİRLİYİNİN QONAĞI OLUB

Türkiyəli professor, tanınmış aşıqşünas alim Əli Kafkasiyalı bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Ə. Kafkasiyalı əslən Azərbaycandandır və Azərbaycan aşıq sənətinin Türkiyədə təbliği sahəsində böyük xidmətləri var. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının ədəbi irsi Türkiyədə məhz onun sayəsində nəşr olunub.

O, eyni zamanda “Güney Azərbaycan aşıq mühitləri” adlı sanballı monoqrafiyanın müəllifidir. Qonaq bildirib ki, Azərbaycana bu dəfəki gəlişində əsas məqsədi Azərbaycan Aşıqlar Birliyi ilə işbirliyinin genişləndirilməsidir. Səmimi keçən görüşdə aşıq sənətinin tədqiqi və daha geniş miqyasda təbliği istiqamətində həyata keçirilməsi vacib olan məsələlərlə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iki ölkə aşıqları və bu sənətin tədqiqi ilə məşğul olan mütəxəssislərin birgə iştirakı ilə tədbirlərin keçirilməsinin və bu sahədəki mövcud ənənələrin yaşadılmasının zəruriliyi vurğulanıb.
Ə.Kafkasiyalı bildirib ki, yaxın zamanlarda Türkiyənin Qars və Ərzurum şəhərlərində aşıq sənətiylə bağlı böyük tədbirlər keçiriləcəkdir. Ərzurumda keçiriləcək Türk dünyası Folklor festivalı sayca onuncu – yubiley festivalıdır. Hər iki tədbirin eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və yaxından iştiraki ilə keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda maraqlı təkliflərinə görə qonağa təşəkkür edən AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Aşıqlar Birliyinin son dövrlərdə gördüyü işlər barədə məlumat verib, ona “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş kitabları hədiyyə edib.