PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

XAÇMAZDA AŞIQ ŞƏMŞİRİN BÜSTÜ UCALDILIB

Martın 26-da Xaçmaz şəhərində Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin büstü ucaldılıb. Böyük söz ustadının büstü açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə yer alıb.
Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbirdə çıxış edərək Azərbaycanın hər yerində aşıq sənətinə yüksək qiymət verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ustad sənətkarın büstünün qoyulduğu “Şəxsiyyətlər muzeyi” 2006-cı ildə yaradılıb. İndi bu muzey-parkda Azərbaycanın 56 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin xatirəsi əbədiləşdirilib.

Tədbirdə vurğulanıb ki, son illərdə milli-mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənəti ilə bağlı olan tarixi irsimizə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşığın həyat və yaradıcılığına nəzər salıb, onun şifahi xalq ədəbiyyatımızın inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb.
Qeyd olunub ki, Aşıq Şəmşir Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb, yetmişdən artıq saz havasını və 20-dən çox dastanı peşəkarlıqla ifa edib. Onun zəngin irsi təkcə Azərbaycanda deyil, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, aşığın oğlu Qəmbər Şəmşiroğlu da çıxış edib.
Mərasimdə Aşıq Şəmşirin şeirləri səsləndirilib, nəğmələri ifa edilib.

M.NƏBİOĞLU