PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“OZAN-AŞIQ SƏNƏTİ VƏ ƏDƏBİYYATI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının yeni kitabı işıq üzü görüb. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da görkəmli folklorşünas alim kimi tanınan, xüsusilə də aşıq sənəti və ustad aşıqların yaradıcılığının yorulmaz tədqiqatçısı olan M.Qasımlının bu kitabı hələ XX əsrin 90-cı illərində işıq üzü görmüş və bu gün də tədqiqatçıların etibarlı mənbə kimi üz tutduqları “Ozan-aşıq sənəti” kitabının təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir. “Ozan-aşıq sənəti və ədəbiyyatı” adlanan və əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənən bu kitab 34 çap vərəqi həcmindədir və aşağıdakı bölmələrdən ibarətdir: “Aşıq sənətinin tarixi kökləri”, “Aşıqlıq: yaranış və biçimlənmə mərhələləri”, “Aşıq mühitləri” və “Aşıq ədəbiyyatı”.

Kitabda ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti, aşıq mühitləri, eləcə də aşıq ədəbiyyatının səciyyəsi və əsas simaları konseptual və sistemli şəkildə açıqlanır, geniş etnocoğrafi hüdudlara malik olan Türk etnik mədəni sisteminin tarixi-estetik mahiyyəti bir bütöv halında elmi müstəvidə təhlil olunur. Yeri gəlmişkən, professor M.Qasımlının da qeyd etdiyi kimi, Sovet dönəmində aparılmış tədqiqatlarda ideoloji-siyasi basqılar nəticəsində kontekstin düzgün müəyyənləşdirilməmsi türk tarix və mədəniyyətinin kəskin təhriflərə məruz qalmasına, zərərli və natamam elmi qənaətlərə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. “Aşıq sənəti” anlayışı altında Azərbaycan alimləri ancaq keçmiş Sovetlər Birliyindəki “Azərbaycan aşıq sənəti”ni öyrənmişlər. Bu sənətin genetyik qaynaqlarını əhatə edən tarixi-coğrafi məkan isə daha böyük miqyaslıdır. Bütün bunları nəzərə alan professor M.Qasımlı bu fundamental əsərində aşıq sənəti və ədəbiyyatının istər genetik qaynaqları, istərsə də təşəkkül tarixi baxımından öyrənilməmiş problemlərini tədqiq edərək ortaya çox samballı bir elmi əsər qoymuşdur.

Bu əsər, M.Qasımlının kitaba yazdığı ön sözdə də qeyd etdiyi kimi, ömrünün az qala əlli ilini həsr etdiyi, Azərbaycanla yanaşı, Qafqazın bir çox bölgələrini, Orta Asiya, İran və Anadolunu dönə-dönə gəzib zəngin məlumat topladığı gərgin bir zəhmətin bəhrəsidir.

Kitabdan folklor və xüsusən də aşıq sənətinin tədqiqatçıları, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər faydalana biləcəklər.

Kitabın elmi redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.