PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əlixan Abbasqulu oğlu Niftəliyev 2022-ci il noyabrın 13-də vəfat edib.

Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını bütünlüklə aşıq sənətinə həsr etmək qərarına gəlib.  Şirin səsi və sənətə böyük marağı onu dövrünün tanınmış ustad sənətkarı Mikayıl Azaflının yanına gətirib. Bu böyük sənətkarın yanında şəyird olaraq aşıq sənətinin incəliklərini mənimsəyib. Zil, şaqraq və məlahətli səsi ilə seçilən Aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb.

 Ustad yanında püxtəlişdikdən sonra müstəqil aşıq kimi el şənliklərində, rəsmi dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib, Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında ləyaqətlə təmsil edərək qızıl medal, fəxri fərmanlar və müxtəlif qiymətli hədiyyələrlə təltif olunub.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Özünəməxsus ifa tərzi ilə seçilən Aşıq Əlixan eyni zamanda güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq mahnıları və dastanlar Az.TV-nin “qızıl fondunda” qorunub saxlanılır. Bu sıradan “Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır. İfaları UNESCO səviyyəsində lentə alınaraq qorunur.

Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın gücləndirilməsində böyük xidmətləri olan Aşıq Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştitrak edib.

Hər zaman bənzərsiz ifası ilə seçilən ustad sənətkar Əlixan Abbasqulu oğlu Niftəliyevin əziz xatirəsi yaxınlarını, doğmalarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ