PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ŞAKİRİN 100 İLLİK YUBİLEYİ AĞSUDA QEYD OLUNUB

2022-ci il aprelin 28-də Ağsu rayon Mədəniyyət Sarayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakirin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş söz ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi Mirzə Bilalın ən layiqli davamçılarından biri olan Aşıq Şakir Hacıyevin adının bu gün də dillər əzbəri olmasından, sənətiylə milyonların qəlbini fəth etməsindən danışıb. O, eyni zamanda qeyd edib ki, Aşıq Şakir Şirvan aşığı olsa da, onun sənətinə olan məhəbbətin coğrafiyası Azərbaycanla yanaşı, bütün Qafqazı, Orta Asiya və İranı əhatə edir. O, məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalarına öz möhürünü vurmuşdur.

Sonra Aşıq Şakirin ifasında lent yazısı – “Nə bağ bildi, nə də bağban” aşıq mahnısı səsləndirilib.

Tədbirdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ulu öndərimiz H.Əliyev milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan folklorumuz və aşıq sənəti haqqında belə deyib: “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq.” Ulu öndərin bu dahi kəlamı onun layiqli varisi İlham Əliyev və Birinci vitse-prezident, H.Əliyev fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin devizinə çevrilib. Saz-söz sənətçiləri, aşıqlarımız da mənəviyyatımızın, mədəniyyətimizin keşiyində duranlar, bayrağımızı daha uca zirvələrdə dalğalandıranlar sırasındadır. Natiq çıxışının sonunda Aşıq Şakir sənətinin davamçılarına uğurlar arzulayıb.

Dövət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxışında bildirib ki, Aşıq Şakir dövrünün ritmi ilə yaşayan, yazıb-yaradan sənətkar olub. Respublikanın ən mötəbər tədbirlərinin bəzəyi olan sənətkar el şənliklərinin, toy-mağarların ən əziz, ən arzulanan qonağı sayılıb. Keçirdiyi yığıncaqların söz-söhbəti aylarla dillərdə dolaşıb. İstər lirik sevgi qoşmaları, istər ibrətamiz qoşmaları, istərsə də əmək qəhrəmanlarından bəhs edən mahnıları eyni həvəslə dinlənilən Aşıq Şakirin dastan, nağıl söyləməsi də dinləyicisinin yaddaşına əbədi həkk olunub.

Mədəniyyət kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütünlüklə Aşıq Şakir Hacıyevə həsr olunub.

M.Qasımlı həmçinin qeyd edib ki, ustad sənətkarın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Aşıqlar Birliyinin Mədəniyyət nazirliyinə ünvanladığı müraciət müsbət qarşılanıb.

Azərbacan Respuklikası Milli Məclisinin deputatı Tahir Kərimli müqəddəs Ramazan ayına təsadüf edən saz-söz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, Aşıq Şakir xanəndə kimi də çox sevilmiş, onun ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələr aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirmiş və xanəndələrimiz, müğənnilərimiz onun repertuarından çox şey öyrənmişlər.

Tədbirdə çıxış edən jurnalist Tofiq Abdullayev uzun müddətdən bəri görkəmli şəxslərdən, ziyalılardan, sənət adamlarından bu böyük ustad sənətkar haqqında topladığı xatirələrdən və bu xatirələrin toplusu olan 3 kitab ərsəyə gətirməsindən bəhs edib.

Məclisin sonunda Aşıq Şakirin nəvəsi, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova çıxış edərək Şirvan aşıqlarının çoxundan fərqli olaraq Aşıq Şakirin çox gözəl saz çalmasından, aşıq yaradıcılığının digər qollarına məxsus olan havaları və muğamlarımızı öyrənib məharətlə ifa etməsindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirib.

Yubiley məclisinin bədii hissəsində məclisin sazlı-sözlü qonaqlarından Azərbaycan Aşıqlar Birliyi Şirvan bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, tanınmış xanəndə Elbrus Niftəliyev, aşıq-xanəndə İnci Şirvanlı, aşıqlardan Elman Talıstanlı, Mətləb Məmmədov, Elçin Məmmədov, Rza Məmmədov Amil Dadaşov Aşıq Şakirin repertuarından havalar ifa ediblər.

Sonda Aşıq Şakirin nəvəsi Babək Şakirli ustad sənətkarın hər zaman sevə-sevə ifa etdiyi, yaddaşlarda yaşayan “Şirvan şikəstəsi”ni ifa edib.

Tədbir ustadın lent yazısı ilə yekunlaşdırılıb.