PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Dekabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.
Tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

Mədəniyyət və incəsənət xadimlərinin, tanınmış aşıqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək, ustad sənətkarın şifahi xalq ədəbiyyatına töhfələrindən, türk dünyasının aşıq sənətinə təsirindən söz açıb: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırıb və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür".
Nazirin sözlərinə görə, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Bakı şəhərində onun heykəli qoyulacaq. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpağından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir".
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi professor Məhərrəm Qasımlı deyib ki, bu gün saz-söz bayramıdır: "Aylardır ki, biz hamımız bu bayramın içərisindəyik. Aşıq Ələsgər ustadlar ustadıdır. Onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layıqdir. Biz hər yerdə onun şeirlərindəki mükəmməlliyə, poetik gözəlliyə baxdığımız zaman belə qərara gəldik. Bu mənada Aşıq Ələsgər özünün ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Aşıq Ələsgərin şeirlərinə baxdığımız zaman bu şeirlərin hər misrasında aşıq sənətinin nizamnaməsini görürük”.
Tədbirin bədii hissəsində aşıqlardan Əməkdar mədəniyyət işçiləri Ağamurad İsrafilov, Samirə Əliyeva, Əhliman Allahverdiyev, Ədalət Dəlidağlı və Bəhmən Göyçəli, eləcə də Altay Məmmədli, Telli Borçalı, Qələndər Zeynalov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Eldar Bağırov, Azər Fərmayıloğlu, Elman Talıstanlı, Babək Şakirli, Rza Məmmədov, Elçin Rəşidoğlu, Familə Göyçəli, İmran Həsənoğlu, Xanlar Xəlilov, Vaqif Göyçəli, Elməddin Məmmədli, Roman Azaflı, Şəhriyar Qaraxanlı, Ramin Qarayev, Şaiq İncəli, Qabil Borçalı, Əfqan Məmmədov, Şöhrət Kərimov, Elbrus Hüseynov, Vüqar Şəmkirli, Kəmalə Qubadlı, Sahil Qurbanov, Afil Bəxtiyar, Tacir Alxanov, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupunun üzvləri müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin sözlərini oxuyublar. Onalrı balabanda Əməkdar mədəniyyət işçisi İbadət Allahverdiyev, Ələkbər Ələkbərov və Əziz Göyçəli müşayiət edib.
Xanəndə Sevinc Sarıyevanın ifası, Aşıq Ələsgərin şeirlərini səsləndirən bədii qiraət ustaları Fatimə Vəfa və Aydın Rəvan çıxışları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sonda Aşıq Ələsgər ocağının nümayəndəsi – ustadın nəticəsi, “Dədə Ələsgər ocağı” İB-nin sədri Xətai Ələsgərli çıxış edərək Aşıq Ələsgərin 200 illik yubileyinin belə təntənə ilə qeyd edilməsinə görə ölkə başçısına, mədəniyyət nazirliyinə və Aşıqlar birliyinə minnətdarlığını bildirib.