PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİ MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ QEYD OLUNUB

Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi və tədbir keçirilib. Tədbiri muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Aşıq Ələsgərin həyat və yaradıcılığından danışıb.

Direktor müavini Təranə Zeynalovanın aparıcılığı ilə keçən tədbirdə sonra söz Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğluna verlib. O, Aşıq Ələsgərin Azərbaycan aşıq sənətində və ədəbiyyatımızdakı yeri və xidmətlərindən danışıb, ölkə başçısının sərəncamıyla ustad aşığın 200 illik yubileyinin ölkəmizin hər yerində geniş qeyd olunduğunu vurğulayıb. M.Nəbioğlu deyib ki, Azərbaycan Aşıqlar Birliyi Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə ayrıca tədbirlər proqramı hazırlayıb, hələ ötən ilin sonlarından yubiley tədbirlərinə start verilib. İndiyədək Birlik tərəfindən ustadın seçmə şeirlərindən ibarət ayrıca kitab nəşr olunub ki, burada ilk dəfə olaraq hansı şeirin hansı aşıq havası üstə oxunması haqda məlumat və bu gün az işlənən sözlərin izahlı lüğəti də verilib. Geniş oxucu kütləsinin ixtiyarına verilmiş digər kitab isə “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlanır. Eyni zamanda Aşıq Ələsgərin sözlərini oxumuş aşıqların ifalarından ibarət disk də buraxılıb.

Sonra sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, Cəbrayıl Tarix-diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbaslı və digərləri çıxış edərək Aşıq Ələsgər sənətinin qüdrətindən söz açıblar.

Tədbirdə həmçinin Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvləri – Birliyin sədr müavini Altay Məmmədli, Əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov və Samirə Əliyeva, eləcə də aşıqlardan Fəzail Milkinli, Əfsanə Kəfrimli və Respublika İncəsənət Gimnaziyasının şagirdləri müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin şeirlərini ifa ediblər.