Hər il oktyabrın 20 də Azərbaycan Aşıqlar Birliyində Aşıq Ələsgərin anım günü qeyd edilir.
20.10.2019-cu il tarixində Xaçmaz rayonundakı Şəxsiyyətlər Muzeyində aşıq sənətinin zirvələrindən olan Aşıq Ələsgərin anım günü qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə salamlayan AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər yaradıcılığının aşıq sənətinə verdiyi misilsiz sənət töhfələrindən ətraflı söhbət acdı. Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev Aşıq Ələsgər poeziyasının Azərbaycan mədəniyyətindəki böyük tərbiyəvi rolundan danışdı.
Tədbirdə Göyçə Mədəniyyət Mərkəzinin rəhbəri Akif Nəbiyev Aşıq Ələsgərlə bağlı ürək sözlərini söylədi. Aşıq Ələsgərin nəticəsi Xətayi Ələsgər tədbir iştirakçılarına təşəkkür etdi.
İştirakçılar Aşıq Ələsgərin büstü ilə yanaşı Aşıq Şəmşirin və Ədalət Nəsibovun da büstləri önünə əklillər qoydular.
Tədbirə bölgələrdən dəvət olunmuş aşıq Haşım Qubalı, Səlim Göyçəli, Bəhmən Göyçəli, Əziz Ağacanov və Altay Məmmədli ustad Aşıq Ələsgərin sözlərini oxudular.