AZƏRBAYCANLI ALİMİN MƏQALƏSİ QAZAXISTANDA ELMİ TOPLUDA NƏŞR OLUNUB

Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetində hazırlanıb 2024-cü ilin mart ayında Almatıda nəşr olunan “Türk xalqlarının folklor poeziyası və ədəbi əlaqələr (məqalələr toplusu)” adlı mötəbər elmi topluda Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da elmi məqaləsi çap olunub. Dünyanın bir çox ölklərinin nüfuzlu alimlərinin türk xalqlarının mədəniyyətində şifahi ədəbiyyat, onun genezisi, tipologiyası və poetikasına həsr olunmuş məqalələrinin yer aldığı bu elmi nəşrin “Folklor, şifahi ənənə və yazılı ədəbiyyat” bölməsində M.Qasımlının qədim musiqi alətlərinin (zərb, nəfəs, simli) yaranma tarixi, mənşəyi və keçdiyi inkişaf yolunun türk xalqlarının şaman ənənəsinə bağlılığından, ozanın və onun müqəddəs aləti olan qopuzun tarixi-mifoloji xüsusiyyətlərindən, ozanın çoxşaxəli fəaliyyətində söz və musiqi sehrinin mühüm əhəmiyyət kəsb etməsindən bəhs edən “Ozan və qopuz ənənəsi” adlı fundamental elmi məqaləsi toplunun ilk səhifələrində mötəbər bir elmi araşdırma kimi çap olunub.

AŞIQ NABATIN 100 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Nabatın anadan olmasının 100 illik yubileyi tamam olur. Xatırladaq ki, Nabat Paşa qızı Cavadova 1914-cü ildə Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Parçı kən­dində anadan olub. 1932-ci ildə dayıları ilə birlikdə Bərdə rayonunun Piyadalar kəndinə köçüb. Burada Aşıq Ələs­gərin qardaşı Məşədi Salehin oğlu Aşıq Musanın yanında şəyird olaraq sənətin sirlərini öyrənib. 1947-ci ildə həmin kənddə ailə qurub və elə həmin ildən Yevlax şəhərində yaşamağa başlayıb.

LƏNKƏRANLI ZİYALI HEYDƏR NƏZƏROV AAB-YƏ ÜZV QƏBUL OLUNDU VƏ TƏŞKİLATA XANIM AŞIQ GEYİMLƏRİ ƏRMƏĞAN ETDİ

Lənkəranlı ziyalı Heydər Nəzərov 2024-cü il aprelin 15-də Azərbaycan Aşlqlar Birliyində növbəti dəfə qonaq olub. Lənkəranın Boladi kəndində yaşayan Heydər müəllim ixtisasca pedaqoqdur, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, eyni zamanda respublikamızın cənub bölgəsində sazın-sözün bilicisi, təəssübkeşi və ən fəal təbliğatçılarından biri kimi tanınır. Klassik ustad aşıqlarımızın həyat və yaradıcılığına yaxından bələd olan Heydər müəllim AAB-nin fəaliyyətini və çağdaş aşıqlarımızın yaradıcılığını da yaxından izləyir, dastanlarımıza bələddir, özü də sazda ifa etməyi bacarır.

ƏSƏD RZAYEVİN 150 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il Azərbaycan aşqı sənətinin çox ünlü simalarından biri olmuş ustad sənətkar Əsəd Rzayevin anadan olmasının 150 illik yubileyi tamam olur. Ustadın yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Bu sıradan ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə bu böyük ustada həsr olunacaq. Verilişdə ustadın keçdiyi ömür yolu və yaradıcılığından söhbət açılacaq, aşıqlardan Xanlar Xəlilov, Kəmalə Qubadlı, Elməddin Məmmədli, İlham Məmmədli, Elməddin Bayramlı, Nemət Əliyev, Tural Mehdiyev və Şəhriyar Qaraxanlı müxtəlif aşıq havaları üstündə yubilyara həsr olunmuş şeirləri və özünün poetik yaradıcılığından nümunələri səsləndirəcəklər.

“Aşıq dastanları” adlı çoxcildlik nəşrə hazırlanır

Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə həyata keçirilir. Bu dəfə aşıq dastanlarına üstünlük verən AAB-də nəşrə hazırlanan “Aşıq dastanları” adlı çoxcildlik antologiyanın birinci cildi artıq yaxın günlərdə çap olunacaq.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Əziz həmvətənlər! Əziz soydaşlar!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun və sağlıqlı ömür, səadət dolu günlər arzulayırıq.

Təbiətin əbədi nizamına əcdadlarımızın ehtiramını ifadə edən bu müqəddəs bayram bizə ulularımızdan yadigardır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü kimi mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Kökü tarixin dərin qatlarına gedib çıxan Novruz ənənələrini xalqımız minilliklər boyu yad təsirlərdən qoruyaraq yaşadıb. Novruz bayramı, Novruz ənənələri eyni zamanda xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.

Bu gün Azərbaycanda hər kəs böyük qürur hissi ilə qeyd edir bu bayramı. Çünki 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı birgünlük antiterror əməliyyatı zamanı qazanılan şanlı Zəfər Azərbaycana əbədi bahar gətiribdir.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik! Qoy bu bayram evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Bayramınız mübarək!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

AAB-NİN “KOROĞLU HAVALARI” ADLI LAYİHƏSİ DAVAM EDİR

Azərbaycan Aşıqlar Birliyində ayrı-ayrı ustad aşıqların həyat və yaradıcılığının öyrənilməsi və təbliği ilə yanaşı, saz havalarının təbliğinə də böyük önəm verilir. Xüsusilə də qəhrəmanlıq ruhu aşılayan havaların aşıqların repertuarında üstün yer tutması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə xüsusi layihələr həyata keçirİlir.

“SAZ-SÖZ AXŞAMI”NIN NOVRUZ BURAXILIŞI

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən və milyonlarla tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı Novruz bayramına həsr olunacaq. Bayram ərəfəsində - mart ayının 23-də efirə gedəcək verilişdə aşıqlardan Elman Talıstanlı, Elməddin Məmmədli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Babək Şakirli, Nəcəf Uğurlu, Azər Fərmanoğlu, İmralı Fikrətoğlu, Famil Laçınlı, Sehran Əbülfəzqızı və Sahil Laçınlı “Baş yayma”, “İncəgülü”, “Yüngül şərili”, “Şirvan gözəlləməsi”, “Sulduzu”, “Gözəlləmə”, “Orta sarıtel”, “Aran gözəlləməsi”, “Şahsevəni” və “Mirzəcanı” aşıq havaları üstündə bahar təravətli ifaları ilə könüllər oxşayacaqlar.

 “Misri” folklor qrupu isə “Novruz” kompozisiyası ilə çıxış edəcək.

İSMAYILLIDA BAYRAM KONSERTİ

Qarşıdan Novruz bayramı gəlir. Artıq ölkəmizin hər yerində bayram şənliklərinə start verilib. Bu ilki bayramın özəlliyi ondan ibarətdir ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Xankəndi və Xocalı da daxil olmaqla ölkəmizin hər yerində bayram tonqalları alovlanır.  

1 -dən səhifə 39