PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“XƏSTƏ QASIMIN DASTANI”

Azərbaycan Aşıqlar Birliyi tərəfindən “Xəstə Qasımın dastanı” adlı yeni kitab nəşr olunub. Bu barədə məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, “Uğur” nəşriyyat-poliqrafiya mərkəzində işıq üzü görmüş kitabda XVIII əsrin görkəmli el sənətkarı Xəstə Qasım Tikmədaşlının dastan-rəvayət səciyyəsi daşıyan üç səfərindən söhbət açılır. Dastanı təqdim edən aşıq Hüseyn Qoşqarlı, nəşrə hazırlayanı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

Kitaba yazdığı geniş ön sözdə professor M.Qasımlının da qeyd etdiyi kimi, həm ustadnamələri, həm gözəlləmələri, həm də ürfani-fəlsəfi şeirləri ilə mükəmməl şair və aşıq kimi ucalan Xəstə Qasımın elin yaddaşında, xüsusən də  saz-söz sinədəftərlərinin hafizəsində yaşayan çoxsaylı dastan-rəvayətlərindən üç məşhur səfəri – “Xəstə Qasıma vergi verilməsi”, “Xəstə Qasımın Dağıstan səfəri” və “Xəstə Qasımın Şamaxı səfəri”ni mükəmməl şəkildə nəşr etməklə Azərbaycan Aşıqlar Birliyi orta çağ aşıq ədəbiyyatının dəyərli bir örnəyini yenidən dövriyyəyə qaytarmış olub.