PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQLAR BİRLİYİNİN YENİ LAYİHƏSİ BAŞA ÇATIB

Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər başa çatıb.

Bu barədə məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, artıq layihə çərçivəsində görüləcək işlər yekunlaşıb. Belə ki, “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədyönlü bilinib. Respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılaraq, “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilərək onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb. Təqdim olunan CD albomda 16 aşıq havası yer alıb. Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” sazçı folklor qrupunun ifasından yazıya alınan “Misri”, “Osmanlı divanisi”, “Şahsevəni”, “Eyvaz peşrovu”, “Təbli-cəngi Koroğlu”, “Ovşarı”, “Cəngi Koroğlu”, “Dərbəndi Koroğlu”, “Koroğlu dubeyti”, “Sulduzu”, “Sürütmə Koroğlu”, “Koroğlu gözəlləməsi”, “Bozuğu Koroğlu”, “İrəvan çuxuru”, “Koroğlu müxəmməsi”, havaları milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.