MİKAYIL AZAFLININ 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB
2025-ci il yanvarın 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarın həyat və yaradıcılıq yolundan söhbət açıb. Qeyd olunub ki, 1924-cü ildə Tovuz rayonunda anadan olan Mikayıl Azaflı ustad aşıq olmaqla yanaşı, həm də bir şair kimi tanınıb, bir sıra yeni aşıq havaları yaradıb.
GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VERİLİŞ HAZIRLANIR
Hər il olduğu kimi, bu il də Azərbaycan Aşıqlar Birliyində Gənclər günü münasibəti ilə bir sıra tədbirlər nəzərdə tutulur. Bunlardan biri də AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə gənclərə həsr olunmasıdır. Gənclər günü ərəfəsində yayımlanacaq həmin verilişdə “Qarabağ”, “Cəngi”, “Şirvan” və “Səda” sazçı folklor qrupları ilə yanaşı gənc aşıqlardan Vüqar Sadıqov, Zamin Sərdaroğlu, Məhəmməd Quliyev, Xəyal İbrahimov və Əli Əsgərlinin ifasında müxtəlif aşıq havaları təqdim olunacaq.
ZƏLİMXAN YAQUB – 75
Bu il dövrümüzün böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 ili tamam olur. Yaradıcılıqda özünəməxsus dəst-xətti olan, ölməz əsərləri ilə milyonların qəlbində özünə heykəl quran şairin yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaqdır.
XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ 100 İLLİYİ QEYD OLUNUB
Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı - dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O, elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, Hüseyn Arifin şeirlərində mənsub olduğu xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi.
Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb
Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir. Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır”. Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa zidd olduğunu bəyan edir.
Molla Cuma - 170
MOLLA CUMANIN İSMİ-PÜNHANI KİMDİR?!
Dad, qazılar, Yusif kimi zindanda əgləşmişəm,
Bülbül misal bağ içində əfqanda əgləşmişəm.
Yəqin bilin, mən olmuşam Məcnun kimi didərgin,
Kərəm kimi yanıb-yanıb dumanda əgləşmişəm.
Aşıq poeziyası yarandığı vaxtdan etibarən yeknəsəq və ya monoton olmamış, daim dinamik inkişaf prosesi keçirərək çeşidli şeir şəkillərində və biçimlərdə meydana çıxmaqla daha da zənginləşmiş və yeni-yeni janr keyfiyyətləri qazanmışdır. Bütün bunlar isə yaradıcı-ustad aşıqlarımızın bu istiqamətdəki peşəkar fəaliyyətlərinin, istedad və bacarıqlarının, ekspromt və improvizələrinin nəticəsində baş vermişdir. Azərbaycan aşıq poeziyasının inkişaf və zənginləşməsində xüsusi xidmətlər göstərmiş yaradıcı-ustad sənətkarlarımızdan biri də Molla Cuma (Cuma Salah oğlu Orucov) olmuşdur. Onun 1854/1855 və 1858/1859 kimi müxtəlif təvəllüd tarixləri vardır. Bizim qənaətimizə görə, ustad sənətkarın ömür yolu 1858/59-1920-ci illər arasını çevrələyir.