XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ 100 İLLİYİ QEYD OLUNUB
Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı - dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O, elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, Hüseyn Arifin şeirlərində mənsub olduğu xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi.