“ÇEŞMƏ” QRUPU KONYA AŞIQLAR BAYRAMINDA İŞTİRAK EDƏCƏK
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu 2021-ci il noyabrın 19-da Türkiyənin Konya şəhərində keçiriləcək Beynəlxalq Aşıqlar bayramına dəvət alıb. Karatay bələdiyyəsinin təşəbbüsü və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən bu bayram sayca 55-cidir. Ötən il keçirilən 54-cü Aşıqlar bayramı Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi Zəfərə həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli sərəncamı ilə respublikamızın bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib. “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülənlər arasında ustad sənətkar, balaban ustası İbad Məhəmməd oğlu Allahverdiyev və aşıq Bəhmən İsa oğlu Kazımovun da adları var. Hər iki sənətkarı bu münasibətlə təbrik edir, uzun və sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.