“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin illik nəşri olan “Ozan” elm və sənət toplusunun beşinci buraxılışı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” 30 noyabr 2021-ci il tarixli sərəncamları, aşıq sənətinin inkişafına, ustad aşıqların yubileylərinin qeyd olunmasına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına Azərbaycan Aşıqlar Birliyi adından təşəkkür məktubu, eləcə də, 2021-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına (İbad Allahverdiyev və Bəhmən Kazımov) və digər mükafatlara layiq görülmüş ustad sənətkarlara təbriklər də yer alıb.