Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Azərbaycan Aşıqlar Birliyinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış sənətkarı, Əməkdar mədəniyyət işçisi, ustad Aşıq Haşım Qubalının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
ADPU-nun Quba filialında təşkil olunan yubiley tədbiri milli-mənəvi dəyərlərə, aşıq sənətinə və ustad sənətkara göstərilən ehtiramın parlaq ifadəsinə çevrilib.
Tədbiri giriş sözü ilə açan Quba Mədəniyyət Mərkəzinin rəhbəri, tanınmış mədəniyyət işçisi Ramiz Ramazanlı qonaqları salamlayaraq yubiley gecəsinin əhəmiyyətindən danışıb. O, Aşıq Haşım Qubalının Azərbaycan aşıq sənətinin inkişafında, xüsusilə Quba aşıq mühitinin formalaşması və yaşadılmasındakı xidmətlərini yüksək qiymətləndirib.
Açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, ustad sənətkarın uzun illər ərzində bölgənin mədəni həyatına verdiyi töhfələrdən bəhs edib, Aşıq Haşım Qubalıya Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və xatirə hədiyyələrini təqdim edib.
Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev ali təhsil ocaqlarında milli-mədəni irsin təbliğinə həsr olunan tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə görüşlər gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə və tarixi-mədəni köklərə bağlı şəkildə formalaşmasına mühüm töhfə verir. Professor Yusif Alıyev Aşıq Haşım Qubalının sənət yolunu ustad-şagird ənənəsinin, saz və söz mədəniyyətinin yaşadılmasının dəyərli nümunəsi kimi səciyyələndirib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə Aşıq Haşım Qubalının yaradıcılıq yolunun özünəməxsus cəhətlərini təhlil edib, onun ozan-aşıq ənənələrini qoruyan, inkişaf etdirən və gələcək nəsillərə ötürən dəyərli sənətkarlardan biri olduğunu bildirib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Orucov çıxışında dövlətin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb, yubilyara xoş arzularını çatdırıb.
Aşıqlar Birliyinin Katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və digər çıxış edənlər də ustad sənətkara yubiley münasibətilə təbriklərini və səmimi arzularını ifadə ediblər.
Yubiley gecəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və sənət adamları, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli, Şahniyar Mikayıloğlu və digər saz və söz ustalarının ifasında təqdim olunan aşıq havaları, poetik nümunələr və ədəbi-bədii çıxışlar gecəyə xüsusi rəng qatıb, tədbirin milli ruhunu daha da zənginləşdirib.
Aşıq Haşım Qubalının ailə üzvləri də çıxış edərək ustad sənətkara göstərilən yüksək diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər.
Yubiley gecəsi ədəbi-bədii kompozisiya və musiqi proqramından sonra səmimi çay süfrəsi arxasında davam edib. Tədbir xoş xatirələr, ustad sənətkara ünvanlanan ürək sözləri və yüksək qonaqpərvərlik mühitində başa çatıb.



