AZƏR XANLAROĞLU DÜNYASINI DƏYİŞDİ

Azərbaycan aşıq sənətinə ağır itki üz verib – gənc və istedadlı solo-saz ifaçısı Azər Xanlar oğlu uzun sürən ağır xəstəlikdən sonra 2018-ci il may ayının 12-də vəfat edib.
Azər Xanlaroğlu Məhərrəmov 1983-cü il aprel ayının 27-də Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Gözünü açandan evdə saz görən, sazın laylası ilə böyüyən Azər hələ kiçik yaşlarından saza-sözə böyük maraq göstərib, tez zamanda istedadı ilə yaşıdlarından seçilib, bənzərsiz ifası ilə bir daha sübut edib ki, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşıb, sorağı ölkəmizin hüdudlarını aşıb.