Mayın14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Məhəmməd Şıxlının (Dərya Məhəmmədin) anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan aşıq sənətinə ağır itki üz verib – gənc və istedadlı solo-saz ifaçısı Azər Xanlar oğlu uzun sürən ağır xəstəlikdən sonra 2018-ci il may ayının 12-də vəfat edib. Azər Xanlaroğlu Məhərrəmov 1983-cü il aprel ayının 27-də Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Gözünü açandan evdə saz görən, sazın laylası ilə böyüyən Azər hələ kiçik yaşlarından saza-sözə böyük maraq göstərib, tez zamanda istedadı ilə yaşıdlarından seçilib, bənzərsiz ifası ilə bir daha sübut edib ki, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşıb, sorağı ölkəmizin hüdudlarını aşıb.
Ölkəmizdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş təıdbirlər davam edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların mədəniyyətinin tədqiqi problemləri” adlı XVII Beynəlxalq elmi-praktik konfrans da bu möhtəşəm yubileyə həsr olunub. 2018-ci il aprel ayının 13-də həmin konfrans çərçivəsində amerikalı tədqiqatçı Anna Oldfildin tərcüməsində Əminə Eldarovanın yenicə işıq üzü görmüş “Azərbaycan aşıq sənəti” kitabının təqdimatı keçirilib.
Türkiyədə fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun başkanı dösent-doktor Muhammet Savaş Kafkasyalı aprel ayının 13-də Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.
Birliyin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən M.S.Kafkasyalı rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri və indiyədək gördükləri işlər barədə məlumat verib, Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti ilə daha yaxından tanış olub.
Yazıçı-jurnalist Məti Osmanoğlu Azərbaycan Aşıqlar Birliyinin üzvlüyünə qəbul olunub. Aprelin 13-də Aşıqlar Birliyində Birliyin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı Məti Osmanoğluna üzvlük vəsiqəsini təqdim edib.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
XX əsr Azərbaycan aşıq sənətinin inkişafında, çoxəsrlik şifahi sənət ənənələrinin yaşadılmasında və milli folklor xəzinəmizin daha da zənginləşdirilməsində böyük xidmətləri olmuş Əməkdar İnsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin qeyd edilməsi haqqında 2018-ci il aprelin 2-də imzaladığınız Sərəncam çoxsaylı aşıqlar və sənətsevərlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı. Son illərdə mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinin də inkişafına göstərdiyiniz daimi diqqət və qayğının əyani təzahürü olan bu sərəncam görkəmli ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, eyni zamanda, Sizin bütövlükdə ozan-aşıq mədəniyyətinə verdiyiniz yüksək qiymətdir.
Azərbaycan aşıq sənətinə ağır itki üz verib. XX əsrin ortalarından günmüzədək bütün ömrünü aşıq sənətinin inkişafına və təbliğinə həsr etmiş Aşıq Şəhadət 2018-ci il martın 25-də vəfat edib.
Şəhadət Nəsib oğlu Gülməmmədov 1929-cu ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. Atası yaxşı saz çaldığından uşaqlıqdan onda da saza meyil yaranıb. Bu sənətin sirləinə dərindən yiyələnmək üçün 1943-cü ildə aşıq Ədhəmin yanında şəyirdliyə başlayıb. Yeddi il onun yanında sənətin sirlərinə yiyələndikdən sonra 1950-ci ildən müstəqil olaraq aşıqlığa başlayıb.