PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ MOLLA PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİNİ QEYD ETDİ

2017-ci il mayın 15-də Azərbaycan Dövlət Filarmoniyasında XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi  və Azərbaycan Aşıqlar Birliyinin təşkil etdiyi “Könüldən könülə yollar görünür” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı qeyd etdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.

O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Molla Pənah Vaqif Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri olmuş şairdir. O, yüksək zövq, dərin və incə duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.
Molla Pənah Vaqif Azərbaycan tarixinə eyni zamanda  siyasi xadim kimi daxil olmuşdur.
AAB sədri çıxışında onu da vurğuladı ki, bu böyük şairin 300 illik yubileyinin respublikamızda böyük tənətənə ilə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il yanvarın 12-də sərəncam imzalamışdır.
2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə də qeyd edilir. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Şəkidə keçirilən 34-cü toplantısında isə 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunub.
Sonra aşıqların çıxışları başlandı. İlk olaraq səhnəyə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi   “Çeşmə” Folklor qrupu “Ovşarı” havası ilə çıxdı. Sonra səhnəyə Urfan Əli dəvət edildi. Ustad aşıq “Aran gözəlləməsi” havasını təqdim etdi. Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Kərəm gözəlləməsi”, aşıq Altay Məmmədli və aşıq Qələndər Zeynalov “Göyçəgülü”, Əməkdar Mədəniyyət İşçisi aşıq Ulduz Sönməz “Qaraçı”, aşıq Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçın “Dubeyti”, Əməkdar Mədəniyyət İşçisi Nemət Qasımlı və gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı və Roman Azaflı “Göyçə gözəlləməsi”, Əli Zeynalabdinov və Gözəl Kəlbəcərli “Naxçıvani”,  Ramin Qarayev “Hüseyni”, Əməkdar Mədəniyyət  İşçisi Əhliman Şirvanlı “Şəşəngi”, Təbriz Gədəbəyli, və Nəbi Nağıyev “İrəvan çuxuru”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva və Azər Fərmayıloğlu “Səyyadı”,  Cahangir Quliyev və Avdı Musayev “Qaytarma”,  Bəhmən Göyçəli və Rəfiqə Göyçəli “Ağır şərili”, Kəmalə Qubadlı və Şaiq İncəli “Mirzəcanı”, Dəmir Vəliyev və Vəli Şınıxlı “Oğuzoğlu”, Əməkdar Mədəniyyət İşçisi Ağamurad Şirvanlı “Şirvan şikəstəsi”, Cavanşir Quliyev və Toğrul Ayrumeli  “Bağarası”,  Vüqar Mahmudoğlu və Rza Məmmədov “Ayaq şəşəngi”, Məharət Habioğlu, Sahib Qaçayev, Xavər Zəngilanlı və Rza İslamoğlu “Orta şəşəngi” havalarını ifa etdilər.
Tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunan tədbir  “Çeşmə” folklor qrupunun ifasında “Müxəmməs” havası ilə başa çatdı.  

Musa NƏBİOĞLU



Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117