PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Ozan-aşıq ensiklopediyası” iki mindən çox oçerk və yığcam elmi təqdimatları özündə ehtiva edir

Ozan-aşıq sənəti türk-oğuz xalqlarının, o cümlədən azərbaycanlıların mühüm sərvətidir. Çağdaş mərhələdə ozan-aşıq yaradıcılığının tədqiqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri bu işə əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər. “Ozan-aşıq ensiklopediyası” Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra milli mədəniyyətə böyük qayğının nəticəsi kimi ortaya çıxıb. “Ozan-aşıq ensiklopediyası” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşıqlar Birliyinin inkişafına dəstək məqsədilə ayırdığı vəsait hesabına nəşr olunub.

Ensiklopediyada ozan-aşıq yaradıcılığı ilə bağlı faktoloji bilgilər, sənətin mənşəyi, təşəkkülü, inkişaf tarixi, günümüzə qədərki mənzərəsi, ustad sənətkarların, el şairlərinin yığcam bioqrafiyası, sənət ənənəsi, dastançılıq və ifaçılıq xətləri, sinkretiklik, improvizasiya məsələləri, qopuz, saz, balaban, davul, nağara və s. barədə elmi-tarixi məlumatlar yer alır. Saz havalarının əsas səciyyəsi, melodik quruluşu və not yazıları əsasındakı təhlillərə xüsusi diqqət yetirilir. Türk şamançılığı, orta çağ təsəvvüf mədəniyyəti, ozan-aşıq keçidi və onun tarixi dinamikası ilə bağlı təhlillər də uyğun ölçüdə öz əksini tapır. Ozan-aşıq sənətinin elmi-nəzəri problemləri ilə məşğul olan folklorşünaslar, etnoqraflar, aşıqşünas və musiqşünaslar barəsində yığcam oçerklər təqdim olunur. Türk xalqlarında mövcud olan sənət ənənəsi və onun çağdaş mənzərəsi, eləcə də dünya xalqlarında ozan-aşıq sənətinə yaxın olan folklor sahələri haqqında da ensiklopedik bilgilər verilir. Bu nəhəng əsər iki mindən çox oçerk və yığcam elmi təqdimatları özündə ehtiva edir. Təqdimat və oçerklər ümumi qaydaya uyğun olaraq, əlifba sırası ilə verilib.
Məlumat üçün bildirək ki, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının baş redaktorluğu altında ərsəyə gələn nəşrdə yaradıcı heyətin üzvləri - filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli və Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadədir.

Müşfiqə BAYRAMLI

http://yeniazerbaycan.com/SonXeber_e84949_az.html


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117