PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Görkəmli söz ustası Aşıq Pənahın 90 illik yubileyi qeyd edilib

Oktyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənahın anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aşığın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını bildirib.

Əməkdar Mədəniyyət İşçisi kimi fəxri ada layiq görülmüş aşığın bir çox əsərlərinin indi də ədəbiyyatımızın və musiqi tariximizin qızıl fondunu bəzədiyini bildirib.
Az ömür yaşayan, lakin ustadlar-ustadı adlandırılan Aşıq Pənah sazda 32 ənənəvi aşıq havasını məharətlə ifa edib.
Aşıq Pənahın qaynar istedadı, rəvan təbi ona imkan verib ki, 18 aşıq havası (“Dilbər”, “Yeddi qardaş”, “Azərbaycan” və s.) bəstələyib. Eyni zamanda mahnılar da bəstələyən aşığın “Nə qəşəng bəzənmisən!”, “Ana Kürüm” və digər mahnıları hələ aşığın sağlığında çox geniş yayılıb, bu gün də sevilə-sevilə müğənnilərimizin repertuarını bəzəməkdədir.

Bildirilib ki, Aşıq Pənah Azərbaycan Yazıçılar Birliyinin üzvü idi, o, "Saz və söz”, "Məhəbbətdən danışaq”, "Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitablarının müəllifi idi.

Aşıq Pənahın əvəzsiz sənətkar, sinədəftər el aşığı olduğunu bildirən Xalq Artisti Arif Məlikov xüsusi olaraq onun “Qəhrəman şah Nəcəf”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. dastanları məclislərdə məharətlə ifa etdiyini deyib. Aşıq Pənahın özünün yaratdığı 2 dastan (“Sülh”, “Pambıqçılar”) və 130-a yaxın qoşma müəllifi olduğunu bildirib.

Görkəmli aşığın xatirəsinə həsr edilmiş tədbirdə incəsənət ustaları, tanınmış aşıqlarla yanaşı, istedadlı gənc aşıqlar və “Çeşmə” folklor qrupu, “Misri”, “Buta”, “Qobustan”, “Laçın” sazçı qrupları aşığın sözlərini saz havası üstündə ifa ediblər.