PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıqlar sovetə xidmət etdikləri kimi müstəqil Azərbaycanı tərənnüm edə bilirmi?

“Sovetlərlə bağlı ifalar 1-2 faizdirsə, 90 faizdən artıq əsl aşıq sənəti yaşayıb”
Məhərrəm Qasımlı: “Müasir Azərbaycan aşıqları dövlət siyasətinə bağlı, dövlətçiliyə xidmət edən sənətkarlardır”
Minillərin ağır sınaqlarından, çarpışmalarından, təlatümlərindən adlayıb günümüzə gəlib çıxan müqəddəs aşıq sənəti biz türklərin ruhunu ifadə edir. Azərbaycan aşıq sənətinin əvvəlki yüzillikləri haqqında tədqiqatçı alimlər, aşıqşünaslar kifayət qədər araşdırmalar, tədqiqat işləri aparıb, kitablar nəşr etdirib, gənc alimlər bu sahədə elmi işlər müdafiə edib alimlik dərəcəsi alıblar.


Bizim aşıq sənətinin tamam başqa bir tərəfini müasir aspektdə araşdırdım. Bilirik ki, aşıq sənətinin ən yüksək tərəqqi tapdığı dövrlərdən biri XX əsrdir. Bu əsrdə aşıq sənəti, sözün əsl mənasında, özünü tam olaraq təsdiqləyib, bu çağda olduqca görkəmli aşıqlar ordusu yetişib və meydana çıxıb. Bu gün həmin qüdrətli aşıqların hər biri bir məktəb kimi tanınır. Ustad aşıqların yaratdığı möhtəşəm yaradıcılıq yolunu davam etdirənlər çoxdur. Uzun illər aşıq sənətini yaxından izləyən, bu barədə saysız yazılar yazan bir jurnalist kimi XX əsrin müxtəlif illərində, xüsusən də keçən əsrin 30, 40, 50, 60, 70-ci illərində çox populyar olan ustad aşıqların bəlli lent yazılarını təkrar-təkrar dinlədim. Əlbəttə, uca ustadların nəfəsindən, barmağından qopan hər bir hava özünəməxsus şəkildə insana təsir edir.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra uzun illər toz basmış arxivlərdə qalmış ustad aşıqların bir sıra lent yazıları aşkarlanıb internet resurslarında yayımlandı. Bu olduqca qiymətli bir işdir və bu gün dəyərli istinad yeridir. Sovet dövründə yaşayıb yaradan, müxtəlif incəsənət ongünlüklərində, dekadalarında, festivallarda çıxış edib sazımızı təbliğ edən ustad aşıqların bir çoxunun repertuarını dinləyərkən burada incə bir məqam sezdim. Nədir bu məqam? Aşıqların böyük əksəriyyəti o illərdə sovet hökumətini, kolxoz quruculuğunu, kommunizmi, dövrün siyasi liderləri olan Lenin, Stalini, onların həyata keçirdiyi siyasəti tərənnüm edən şeirlər ifa ediblər. Bu amil Azərbaycanın dahi aşıqlarının repertuarında birmənalı yer tutub. Ruhunu sayğı ilə andığımız aşıq Əsəd Rzayev, aşıq Mirzə Bayramov, Qaraçıoğlu İbrahim, eləcə də onlardan sonra yetişən aşıqlar sovet ideologiyasını saz vasitəsilə təbliğ ediblər. Unikal saz havaları üstündə sovet ideologiyasının tərənnümü bu gün həqiqətən də qəribə görünür və bu ifalara əsasən tənqidi yanaşılır. Bu gün hətta bəzən belə sualla qarşılaşırsan ki, aşığın sazı hansı səbəbdən bolşevizm ideologiyasını və bolşevik liderlərini tərənnüm etməliydi ki? Aşıq siyasətüstü mövqeyini qoruya bildiyi halda, onu niyə qorumayıb? Hətta onu da deyirlər ki, xanəndələr, müğənnilər aşıqlar qədər bolşevizm ideologiyasına xidmət etməyib. Bu kimi sual qarışıq fikirlər müasir cəmiyyətimizdə tez-tez səsləndirilir.
Sovet illərində bolşevizm ideologiyasını geniş şəkildə tərənnüm edən ustad aşıqların müasir varisləri müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyimizə xidmət edirmi? Bugünkü mənzərəni və keçmişdəki aşıqlarla çağdaş aşıqların dövlət məsələsinə yanaşmasının oxşar və fərqli cəhətlərini Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, görkəmli aşıq araşdırıcısı, folklorşünas, professor Məhərrəm Qasımlı ilə birgə çözdük.
M.Qasımlı bizimlə söhbətində bildirdi ki, Azərbaycan ozanları, aşıqları keçən çağlardan bəri həmişə dövlətin yanında olub. Aşığın tarixən dövlət maraqlarından çıxış etdiyini qeyd edən M.Qasımlının sözlərinə görə, aşıqların öz qopuzu, sazı ilə bütün çağlarda dövlətin yanında olması faktı əski mənbələrdə də əksini tapıb: “Azərbaycan aşıqları tarixən dövlətin yanında olub və dövlətçiliyə xidmət edib. Ozan bu xalqın qan yaddaşını, tarixini, mənəvi dünyasının yaşadıb, təbliğ edib. Qədim çağlarda ozanın eldə, toplumda, müasir dillə desək, cəmiyyətdə nüfuzu çox böyük olub və sözü keçərli idi. Uzağa getməyək, götürək elə Dədə Qorqudu. Dədə Qorqud bir ozan idi. Biz Dədə Qorqudu dövlətin yanında görürük. O bir ozan kimi dövlətə bağlı idi. Dövlətlə xalq arasında canlı bir körpü idi. Bu da onu göstərir ki, tarixən dövlətin ozana, ozanın da dövlətə, dövlətçiliyə bağlılğı olub. Dədə Qorqud dövlətin işinə xeyir-dua verirdi. “Kitabi-Dədə Qorqud” eposunda qeyd etdiklərimin hamısı ətraflı şəkildə göstərilib. Bu faktın özü onu göstərir ki, aşığın könlü xalqına, dövlətinə bağlıdır. Səfəvilər dövlətində də, həmçinin, aşığa böyük önəm verilirdi. O dövrdə yaşayan ünlü aşıqların əksəriyyəti Şah İsmayıl Xətainin yanında idi. Qurbani, Miskin Abdal buna əyani nümunədir. Yəni aşıq sənətinə dövlətin hər zaman müsbət münasibəti olub. Aşıq dövlətçiliyin tərənnümçüsü olub həmişə. Sonrakı mərhələlərdə də aşıq- dövlət münasibətləri yüksək səviyyədə olub. Saz bu xalqın mənəvi pasportudur, aşıq sənəti xalqımızın, dövlətimizin dəstək verdiyi ulu bir sənətdir”.
Sovet dövründə fəaliyyət göstərən bir sıra aşıqların bolşevizm ideologiyasını təbliğ etməsinə və bu ideologiyaya sadiq olmasına gəlincə, M.Qasımlı bildirdi ki, burada hansısa bir neqativ hal axtarmaq lazım deyil. AAB sədrinin sözlərinə görə, bu, aşığın xalqın arzu və istəyini, eləcə də aşıqların öz dövlətinə bağlı olmasının təzahürü idi: “Bəzi neqativ fikirlər səsləndirilir ki, niyə aşıqlar sovet quruluşunu tərənnüm edən mahnılar oxuyub, şeirlər yazıb. Hansı sahədə bu quruluş təbliğ olunmayıb ki? Elə bir sahə varmı ki, orada sovet hökuməti tərənnüm edilməsin? Aşıqlara gəlincə, onlar SSRİ-yə öz dövlətləri kimi yanaşırdı və dövlət quruculuğunda iştirak etməyə çalışırdılar. Bu dövrün, zamanın tələbi idi. Buna pis baxmaq lazım deyil. Aşıqlar bolşevizm ideologiyasına deyil, dövlətə xidmət edib. Əgər onlar kommunizmi, Lenini, Stalini tərənnüm etməsəydilər, bu sənəti tam olaraq yaşada bilməzdilər. Sovetlərlə bağlı ifalar 1-2 faizdirsə, 90 faizdən artıq əsl aşıq sənəti yaşayıb. Ustadlar fəaliyyət göstəriblər, şəyirdlər yetişdiriblər, böyük məktəblər yaradıblar. Sovet dövründə çox böyük aşıqlar ordusu yetişib. Siz sovet dövründə yaşayıb mövcud dövlətə xidmət edən aşıqlarla müasir aşıqların müstəqil Azərbaycana yanaşmasını müqayisə edirsiniz. Bu gün Azərbaycan aşıqları öz müstəqil dövlətinə bağlı aşıqlardır. Unutmamalıyıq ki, aşıq sənəti bir dövlətçilik atributu kimi diqqətdə olmalıdır. Çünki bizim milli-mənəvi sərvətlərimizin hamısı gözəldir, amma aşıq sənəti qədər dövlətçiliyə bağlı olan ikinci sənət yoxdur. Aşıq bütün ruhu ilə Azərbaycan milli kimliyinin, dövlətçiliyinin arxasındadır. Dədə Qorqud zamanında da belə olub, Şah İsmayıl zamanında da belə idi, bu gün də belədir. Baxın, Dədə Qorqud ensiklopediyası buraxıldı və onun “Ön söz”ünü ulu öndərimiz Heydər Əliyev yazdı. O bu sənətə çox böyük qiymət verib. Bu gün də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar strategiya onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Mən saza meyl göstərən yeni sazpərvər uşaqlara, gənclərə üzümü tutub deyirəm ki, Azərbaycanın sazı, sözü sizlərdən asılıdır. Azərbaycan dövləti də sizin sinənizə götürdüyünüz o sazı himayə etmək gücündədir. Bu, gənclər üçün çətin deyil. Dövlətə, dövlətçiliyə, sənətə ürəkdən bağlı olmaq lazımdır, ürəkdən xidmət etmək lazımdır. Bu gün Azərbaycan aşıqlarının yaradıcılığnda dövlət müstəqilliyimizi tərənnüm edən nümunələr çoxdur. Müasir Azərbaycan aşıqları dövlət siyasətinə bağlı, dövlətçiliyə xidmət edən sənətkarlardır. Biz indi müstəqil dövlətə sahibik və bunu aşıqlar mütəmadi olaraq öz yaradıcılıqlarında ehtiva edirlər. Yenə də deyirəm, tarixən aşıqlar dövlətin yanında olub və dövlət maraqlarını müdafiə ediblər. Aşıq xalqın içində olur həmişə, o, xalqın dövlətimizə, dövlətçiliyimizə daha sıx bağlı olması üçün təbliğat da aparır”.
İradə SARIYEVA