PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ORUC ƏHMƏDOV - 100

QÜDRƏTDƏN KAMAL PAYI ALAN SƏNƏTKAR

            Aşıq Oruc haqqında hələ ötən əsrin 80-ci  illərində eşitmişdim. Ancaq onu da səmimi deyim ki, Aşıq Orucun  İsmayıl Məmmədlinin atası olduğunu bu günlərdə “Bütöv Azərbaycan” (13.02.2020) qəzetində dərc olunmuş yazıdan  öyrəndim. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin qələmə aldığı “Ustad oğlu şagird olmaz” sərlövhəli yazıda  Aşıq Orucun  şəklini gördüm. Həmin məqalədə müəllifin də imza yerində fotosu verilmişdir. Ulu Dədə Qorquda  müdrikliyinə görə bir daha dönə-dönə  Göy Tanrıdan rəhmət dilədim.

Bu dünyanın gəliş-gedişini, hər nəsnəsini incəliyinə qədər duyub- bilən  ulu Dədə Qorqud necə də  müdrikcəsinə buyurmuşdur: “Oğul atanın yetiridir, iki gözünün biridir”.  Ata ilə oğul-Aşıq Orucla İsmayıl Məmmədli necə də oxşar idilər. Bu məqamda onu da qeyd edim ki, İsmayıl Məmmədlinin öz dilindən atasının  aşıq olduğunu eşitmişdim. Ancaq Azərbaycan aşıq ədəbiyyatının tanınmış nümayəndələrindən sayılan  Aşıq Orucun barəsində heç nə demir, söz düşmədiyindən heç doğma atası olduğunu dilə gətirmirdi. İndi bildim ki,  bunun səbəbi  sadə və səmimi bir insan kimi tanıdığımız dəyərli dilçi alimimiz İsmayıl Məmmədlinin son dərəcə təvazökar olması imiş. Əslində, Aşıq Oruc Aşıq Vəli oğlu sıradan bir aşıq olmayıb. Onun həyat və yaradıcılığına diqqət yetirdikdə  görürük ki, aşıq  ədəbiyyatının sərrafı və bu dəyərli xəzinəni öz  töhfələri ilə zənginləşdirən sənətkarlardan olmuşdur. Aşıq Oruc 72 saz havasının mahir  ifaçısı, söz deyib, söz qoşan yaradıcı bir aşıq olub. Sadə bir həqiqət var: istedadı olmayan heç bir vaxt şeir yaza bilməz. Aşıq Oruc sinədəftər bir aşıq olub. Bu  istedad ona kökündən-şəcərəsindən gəlirdi. Atası Aşıq Vəli də öz dövründə Göyçə  aşıq məktəbinin sayılıb-seçilən nümayəndələrindən olub. Aşıq Vəli ruhoxşayan avazı, zil səsi, gur, şaqraq zəngulələri ilə  zamanının tanınmış sənətkarı olmuşdur. Deyirlər ki, öz dəst-xətti ilə seçilən Aşıq Vəli  Göyçə mahalının sevimli aşıqlarından imiş. Bu məqamda məlum  həqiqəti  bir daha vurğulamaq istərdim. İnsan genotipdən sonra fenotipin- təbii coğrafi mühitin yetişdirməsidir. İnsanın bioloji nüvəsində və mənəvi  mahiyyətində  genotipi və dünyaya göz açdığı fenotipi- coğrafi mühiti dayanır. Bu  mahiyyət insanı ömrü boyu tərk etmir, harada yaşamasından asılı olmayaraq canında-qanında daşıyır. İstedad və mənəvi enerji  gendən, həmçinin mənəvi və təbii coğrafi mühitdən qidalanır. Aşıq Oruc əsrlərlə saz-söz məkanı  kimi ad çıxarmış Göyçə mahalının Yarpızlı kəndində dünyaya gəlmişdir. Bu kəndin özündən  onlarla aşıq yetişmişdir. Aşıq Oruc belə bir məkanda- Aşıq Vəlinin ocağında və saz-sözlə nəfəs alan Yarpızlıda doğulub böyümüşdür. Mənəvi mühitin zənginliyinə baxın. Bütöv  bir kənd, bütün Göyçə saz-sözlə nəfəs alır, qoşma-gəraylı ilə danışır. Xain və məkrli ermənilər  min illərlə  bu  böyük mənəvi mühiti yaratmış xalqı min bir hiylə ilə öz doğma yurd-yuvalarından keçmiş SSRİ hökumətinin ermənipərəst başbilənlərinin əli ilə köçürməyə nail olurlar. Aşıq Oruc ata-babalarının min illərlə yaşayıb-yaratdığı Göyçənin yaxınlığında yerləşən Gədəbəyi yurd yeri seçir. Gədəbəylə  Göyçəni təkcə eyni  təbii coğrafi mühit yox,  həm də  eyni mənəvi  mühit  birləşdirirdi. Min illərlə  Azərbaycan  dövlət və dövlətçiliyinin idarəetməsində yaşamış Göyçə və Gədəbəy mahalı eyni adət və ənənənin daşıyıcısı olmuşlar. Min illər ərzində Göyçə və Gədəbəydə  fəaliyyət göstərmiş aşıq sənəti eyni bir məktəbin tərkib hissəsi idi. Aşıq Oruc ruhən Göyçədən ayrıla bilmədi. O,  Gədəbəyin üzü Göyçəyə baxan, havası eyni olan, yal-yamacı, otu-suyu  Yarpızlıdan seçilməyən bir kəndində-Zəhmət kəndində  yurd saldı. Bu işıqlı dünya ilə  də 56 yaşında  elə orada vidalaşdı. Aşiq Oruc Gədəbəyi  təsadüfən yurd yeri  seçməmişdi. Dedik ki, Göyçə ilə Gədəbəyi eyni bir dəyər- saz-söz mənəvi mühiti birləşdirirdi. Bu  gün  Azərbaycan aşıq sənətində Gədəbəy aşıq məktəbi ayrıca bir məktəb kimi dəyərləndirilir və tədqiq olunur. Bu yanaşma  Azərbaycanın coğrafi sərhədlərinin daralması sayəsində məcburən meydana çıxmışdır. Əslində, həmin coğrafiyada  aşıq sənəti Göyçənin adı ilə bağlıdır. Vaxtilə eyni bir dövlətin sərhədləri daxilində olmuş Kəlbəcər-Göyçə və Gədəbəy eyni bir saz-söz və sənət məktəbində qovuşmuşlar.

           Aşıq Oruc Gədəbəyə köçdüyü dövrdə bir insan kimi ən qaynar və coşqun, yaradıcılığının ən ilhamlı  vaxtı idi. 1950-ci ildə Gədəbəy aşıq mühitinə qədəm basan Aşıq Orucun  sözü-səsi, nəfəsi çoxluğa qarışıb itmədi. Əksinə,  o. gəlişi ilə Gədəbəy aşıq sənətinə yeni ab-hava gətirdi, təzə nəfəs qatdı. Bu fikrimi bu gün Gədəbəy aşıq sənətinin tədqiqatçıları və çağdaş davamçıları da təsdiqləyərlər ki, Aşıq Oruc həmin dövrdə təşkilatçılıq işləri ilə yaxından məşğul olmuş, onun təşəbbüsü ilə rayonda aşıqlar dəstəsi yaradılmışdır. Həmin aşıqlar dəstəsi ansambl halında  birləşərək təkcə respublikamızın  möhtəşəm səhnələrində yox, keçmiş SSRİ-nin səhnələrində yüksək mədəniyyət  nümayiş etdirdilər.

 Bütün mənəvi enerjisini aşıqlıq sənətinin inkişafına sərf edən Aşıq Oruc Gədəbəy aşıqları , ümumən el-oba camaatı tərəfindən  hər  zaman hörmət-ehtiramla qarşılandı, uşaqdan-böyüyə  hamı ədəb-ərkan göstərdi. Yeri gəlmişkən,  onu  da qeyd edək ki, qədirbilən və yaxşını pisdən asanlıqla  fərqləndirən xalqımız əsl sənətkarı .”qəlp”dən  seçib ayırmağı məharətlə bacarıb, aşıq sənətinə  “çörək ağacı” kimi yanaşanlara nəinki  hörmət-izzət qoyub, əksinə, belələrini məclis-mərəkəyə  belə dəvət etməyiblər. Həmişə belə olub, qədirbilən xalqımız yaradıcı aşıqları peşəkarlardan urvatlı tutub, onların arasında yerlə göy qədər fərq qoyub. Xalqımızın əsl sənətkarlara ehtiram bəsləməsi, urvatlı tutması onların araya-ərsəyə gətirdikləri “mənəvi yükləri”nin sanballı olması ilə bağlıdır. Xalq öz sənətkarlarına qarşı bu cəhətdən “təmənnalı” olub. Bu “təmənna”, bu umacaq  sənətkarın ortaya qoyduğu , xalqa ərməğan etdiyi “pay-püşü” ilə ölçülüb. Axı zaman-zaman aşıq elin içində olub, o, xalqın ruhu olub, içindən çıxdığı xalqın ruhunu ifadə edib. Nahaq yerə deyilməyib ki, elin gözü tərəzidir. Xalqı aldatmaq mümkün deyildir.

 Xalqın içindən çıxmış, onun milli-mənəvi ruhunun mükəmməl ifadəçisi olan  Aşıq Orucu zamanında xalq  urvatlı tutmuş , sənət qarşısında xidmətləri isə dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Tanınmış el sənətkarı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

          Aşıq Oruc Göyçə-Gədəbəy aşıq məktəbinin müqtədir və kamil sənətkarlarından biridir. O. yaradıcı aşıqdır. Ona qarşı süslənmiş xalq məhəbbətinin mayasında onun sənəti-  mahir ifası,  coşqun ilhamı, müdrik şairliyi dayanırdı. Onun əlçatan şeirlərini  maraqla oxudum. Ona görə əlçatan şeirləri dedim ki, Aşıq Orucun külliyyatı ilə tanış deyiləm, yalnız oğlu, tanınmış dilçi-alim, professor İsmayıl Məmmədlinin təqdimatında “Bütöv Azərbaycan” qəzetində dərc  edilmiş  şeirləri ilə tanış oldum. Ancaq yaxşı deyilib ki, dəryanın dadını  damladan da bilmək olur. Tam məsuliyyətlə demək olar ki, adıçəkilən qəzetdə işıq üzü görən gəraylı və qoşmalar müəllifin- Aşıq Orucun coşqun təbli və ilhamlı bir şəxs olduğundan xəbər verir. Şeirlər ədəbi-bədii cəhətdən yüksək   sənətkarlıqla qələmə alınıb, bu da  müəllifin istedad və peşəkarlığının gerçək təsdiqidir.

          Aşıq  Orucun qəzetdə dərc olunmuş şeirləri ilə tanış olduqda  aşıqlıq sənətinin bir ürfan, bir məslək olduğunu görürük. Gəraylı və qoşmaların dadı, tamı və mənəvi ruhu eynilə Göyçə aşıq məktəbinin , onun  azman yaradıcıları  Aşıq Alı, Aşıq Ələsgər ruhunun  bəlli ölçü-biçidə davamıdır. Aşıq olan kəs bu ruhu müqəddəs bilib, sazı-sözü uca tutub. Ustad sənətkarın “Neyləsin” gəraylısı, “Var”, “Danışaq”, “Sənin” qoşmaları əsl sənət nümunələri olub, sələflərinin əsərlərindən heç də geridə qalmır. Bu şeirlər poetik ritmi, axıcılığı ilə əsl ədəbi nümunələrdir. “Danışaq” və “Sənin” qoşmalarının  məzmun və mündəricəsində epoxanın  çalarları azacıq  duyulsa da, sənətkarlıq cəhətdən təqdirəlayiqdir. Qəzetdə dərc olunmuş azsaylı şeirlər  arasında Aşıq Oruc Əhmədovun  yüksək məzmun və mündəricəsinə görə seçilən iki poetik nümunəsi ilə də tanış olduq.  Bu iki ədəbi nümunə Aşıq  Orucun “Qıfılbənd” və “Sinə-sinə” adlanan təcnisidir. Qıfılbənd və təcnis yazmaq hər aşığa müyəssər olmur. Bu ədəbi janrlar aşığın yüksək istedadından, geniş təfəkküründən, dərin müşahidəsindən xəbər verir. Bəllidir ki.  əlinə hər saz  alan, qoşma-gəraylı düzüb-qoşan aşıq qıfılbənd və təcnisin” imtahanından”  keçə bilməyib, bu ədəbi növlərdə yaza bilməyiblər. Yazmaq demişkən, aşıq sənətində yazmaq bir peşə  kimi sonradan meydana çıxıb. Aşıq sənətində poeziya nümunələri bədahətən yaranıb.

Çox vaxt belə bir fikrə rast gəlirik ki, böyük söz ustadları, o cümlədən aşıq ədəbiyyatının nəhəng nümayəndəsi Aşıq Ələsgər yazıb-oxumaq bilməyib. Bu fikrin heç bir məntiqi əsası yoxdur, kökündən yanlışdır. Külli kainatın, ərşlə fərşin, cümlə-cahanın sirlərinə əl aparan  , “Ələst aləmi”ndən xəbərdar olan Aşıq Ələsgər savadsız olub, kitab-dəftər oxumayıb?! Ağıla sığan, məntiqə yaraşan fikir deyil. Haqqında söhbət açdığımız Aşıq Oruc da bu gün bizlərin oxuduğu məktəbi oxumayıb. Amma onlar bizlərdən çox-çox dərin  elmlərə baş vurub, bizim qavradığımız bilgilərdən daha zəruri məlumatları mənimsəyiblər. Onların bu gün bizlərin zərrə qədər məlumatımız olmadığı ürfan, nücum ( astronomiya), bir sözlə, insan, təbiət və həyat haqqında daha təbii və dəqiq bilgilər verən elmləri oxuyub öyrəniblər. Aşıq Oruc Azərbaycanda yenicə  təşkil olunmuş  sovet məktəbində vur-tut 4 il oxuyub. Amma “Qıfılbənd”ində  söz açdığı  məsələlərin heç biri barədə heç sovetin ali məktəblərində belə söhbət açmaq mümkün deyildir. Dördcə sinif oxumuş Aşıq Oruc bir el məclisində qarşılaşdığı (deyişdiyi)  Aşıq Teymurdan bədahətən  soruşur:

                                                   Səndən xəbər alım, ay aşıq Teymur,

                                                   Necə daşdır hər nişanı kölgəsiz.?

                                                   O nədir ki, nə dincəlib, dayanmaz,

                                                   Nə dolanır bu dünyanı kölgəsiz?

                                                  

                                                   O nədir ki, nəfəsi yox, qanı var?

                                                   O nədir ki, hər bir  rəngdən donu var?

                                                   O nədir ki, nə yurdu,  məkanı var?

                                                   Geşt eyləyər hər bir yanı kölgəsiz.

                                                   

                                                   Oruc deyər  nədir yerin pərgarı?

                                                   O nədir ki, gah qız olur, gah qarı?

                                                   O nədir ki, yerin-göyün ləngəri?

                                                   Əgər bilsən, hər nişanı kölgəsiz. 

Bu məqamda sərt bir məntiqi sual ortaya çıxır: yer (təbiət) və kainat (kosmik) elmlərindən xəbərdar olmayan,  ürfan  elmlərindən hali olmayan şəxs bədahətən  bu  cür dərin şeirlər söyləyə bilərmi? Yəqin ki, hər kəs daxilən razılaşar və  suala birmənalı cavab verər.  Ürfan  elmindən xəbərdar olmayan, ustad dərsi keçməyənlər “sirri-xuda”şeirləri yaza bilməzdi (söyləyə bilməzdi). Belə fövqəl düşüncə sahiblərinə, bu cür geniş təfəkkürə malik olan seçilmişlərə , yenilməz qüdrət sahibi tərəfindən kamalla mükafatlandırılmış şəxslərə necə savadsız demək olar?! Bir də ki, bu fikirlərin müəllifi olan arif şəxslərə savadsız deyənlərin ən azı özləri “piyadadırlar”. Belə “piyadaların” xoşbəxtliyi ondadır ki, onlar “piyada” olduqlarını bilmirlər.

 İndi isə  ustadın təcnisinə diqqət yetirək:

                                  

                                               O hilal qaşını görəndə gözüm,

                                               Müştaq oldum  onun yar sinəsinə.

                                               Laçın hərəkətli, tovuz cilvəli,

                                               Qaldım qulluğunda yar sinə-sinə.

                                                     

                                                Gəzib bu dağları, lalə üzəsən,

                                                İnsaf eylə, gəl dərdimi üzəsən.

                                                Busə nədir , qıymayırsan üzə, sən,

                                                Al xəncəri, bağrım yar sinə-sinə.

                                                Oruc deyir sən gələndə, Yasəmən,

                                                Gah şad olub, gah batıram yasa mən.

                                                Nitqi- nəfəsimdən qopur yasəmən,

                                                O nədir  köksündə yar sinə-sinə? 

Qoşmada “sinə” və  “yasəmən” sözləri cinas  kimi işlədilib .Birinci bəndin ikinci misrasında  (Müştaq oldum  onun yar sinəsinə)  sinə döş mənasında , həmin bəndin dördüncü misrasında sinə-sinə sözü sınmaq, əyilmək mənasındadır.

Qoşmanın ikinci bəndində yeni qafiyə açılıb və “uzəsən” sözü cinaslaşdırılıb. İkinci bəndin birinci  misrasında (Gəzib bu dağları, lalə üzəsən) üzəsən (üzmək, dərmək) feildir. İkinci misrada (İnsaf eylə, gəl dərdimi üzəsən) üzəsən qoparmaq, üzmək mənasındadır. Üçüncü misrada (Busə nədir , qıymayırsan üzə, sən) üz- sifət, yanaq mənasında işlənilmişdir. Dördüncü misrada (Al xəncəri, bağrım yar sinə-sinə.) əyilə-əyilə, sınmaq mənasındadır.

          Qoşmanın möhür bəndində “yasəmən” sözü də məharətlə  cinaslaşdırılıb. Sonuncu bəndin birinci misrasında (Oruc deyir sən gələndə, Yasəmən) “yasəmən” sözü  qadın adı kimi işlənilib. İkinci misrada (Gah şad olub, gah batıram yasa mən) “yasa” matəm mənasındadır. Üçüncü misrada (Nitqi- nəfəsimdən qopur yasəmən)  “qopur yasəmən” söyləyən ustad sənətkar yasəmən ətrini, yasəmən qoxusunu nəzərdə tutmuşdur.

Aşıq ədəbiyyatının bütün dövrlərində bu məzmun və mündəricəli şeirlər adi şeirlər kimi qəbul olunmayıb.Qıfılbənd və təcnislər  dünyanın dərin sirlərinin açarını özündə saxlayıb. Bu səbəbdən qıfılbənd və təcnis yazmaq (əslində, bədahətən söylənilib) sənətkardan  fövqəl istedad və xüsusi bacarıq tələb edib.

 Aşıq Orucun yaradıcılığından örnək gətirdiyimiz hər iki ədəbi nümunənin mənəvi  enerjisi Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən gəlmirmi?! Deyim və duyum, forma və mündəricə eyni deyilmi?!

  Ustad sənətkarlar sözün bütün mənalarında  xalqın övladlarıdır., özü də əziz-xələf və sevimli övladları. Aşıq Oruc da sənətində mənəvi enerji və ruhunu yaşatdığı sələfləri Abbas Tufarqanlı, Xəstə Qasım , Aşıq Alı, Aşıq Ələsgər kimi xalqın yaddaşında əbədi yaşayacaqdır.

             XEYBƏR GÖYYALLI