PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

CANLI FOLKLOR XƏZİNƏSİ

"Azərbaycan mədəniyyətinin inkişafını, onun qədimliyini sübut edən kifayət sayda nümunələr var. Bunların arasında qədim məbədgahların, abidələrin yeri xüsusilə diqqətçəkəndir”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti


Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü ustad aşıq İsfəndiyar Rüstəmov dövrümüzdə aşıq sənətinin ən görkəmli nümayəndələrindəndir. Bu il ustadın anadan olmasının 80 illik yubiley ilidir. Çox maraqlı sənətkar taleyi yaşayan İsfəndiyar Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. Sənətin sirlərini əvvəlcə atası Ədil kişidən öyrənib, sonra isə ustadı Dərələyəz mahalından olan aşıq Məhəmməd olub.

Toylara getməyə o qədər də meyilli olmayan aşıq İsfəndiyar gənc yaşlarından sənətin incəliklərini mükəmməl öyrənməyə çalışıb, rayon və respublika səviyyəli müxtəlif tədbirlərdə, müsabiqə və festivallarda iştirak edib. 1958-ci ildə iştirak etdiyi festivalda diplom və döş nişanı ilə təltif olunub. Bu uğuru onu daha böyük işlərə ruhlandırıb, "tək əldən səs çıxmaz" prinsipi ilə Gədəbəy rayonundakı aşıqlarla birgə fəaliyyətini bir qədər də genişləndirib, gənc aşıqları öz ətrafına toplayıb. Nəhayət, 1964-cü ildə Gədəbəy rayon Mədəniyyət evinin nəzdində 9 nəfərdən ibarət aşıqlar ansamblı yaradıb. 1975-1977-ci illərdə keçirilən 3 turdan ibarət ümumittifaq festivalında həmin o 9 nəfərlə hər üç turda uğurla iştirak edərək qızıl medala layiq görülüb. O illərdə bu ansambla rəhbərliyinə, yaxşı təşkilatçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Aşıq İsfəndiyar çox maraqlı həmsöhbətdir. Aşıq sənətinin dünənindən, bugünündən, gördüyü ustadlardan, sənətin sabahını necə görməsindən elə maraqla, tutarlı mənbələrə və faktlara söykənərək danışır ki, adam onu dinləməkdən doymur. 40-a yaxın dastan bilən ustad sözün həqiqi mənasında canlı folklor xəzinəsidir.
Azərbaycan aşıq sənətinin inkişafında Göyçənin müstəsna yeri və rolu olduğunu hər zaman vurğulayan ustad deyir ki, özü də Göyçə aşıqlarından çox bəhrələnib. Göyçənin Aşıq Yunus, Oruc Əhmədov, Cilli Müseyib, Aşıq Ağayar və digərləri kimi böyük sənətkarları ilə yaxından ünsiyyəti olub, atası ilə dost olan Balamərzəli Aşıq Hüseynlə isə daha tez-tez görüşüb, dəyərli məsləhətlərini dinləyib. İstər havacat, istərsə də şeir seçimi ilə bağlı onlardan çox şey öyrənib. Deyir ki, Cilli aşıq Müseyib çox havacatlı aşıq idi: "Mən aşıq Müseyibin oxuduğu "Qaragöz"ü çox gözəl oxuyurdum. Bir dəfə aşıq Müseyib mənim bu ifamı eşidəndə ağladı. Soruşdum ki, ay Müseyib dayı, niyə ağlayırsan? Cavab verdi ki, ay bala, mən şəyird yetirməmişdim, ancaq indi sənin bu ifanı eşidəndən sonra hesab edirəm ki, mən yaşayacam".
Ustad-şəyird ənənəsinin son zamanlar yavaş-yavaş unudulması ustadı çox narahat edir. Deyir, bu gün beş-üç hava və elə bir o qədər də şeir bilən əlinə bir saz və mikrofon da götürüb meydana atılır ki, mən də aşığam. Unudurlar ki, ustad görməyən aşıq ola bilməz.
Aşıq sənətinin böyük gücə malik olduğunu, onun bütün imkanlarından istifadə etməyin vacibliyini vurğulayan Aşıq İsfəndiyar deyir ki, atam mənə Qurbaninin, Aşıq Ələsgərin, yaxud digər bir klassik aşığın şeirini öyrədəndə onu təhlil edir, hər misrada nə dediyini bütün incəliklərinə qədər başa salırdı. Bu gün ustad-şəyird münasibətləri demək olar ki, yox dərəcəsindədir, ustaddan dərs almağa meyil göstərilmir. Doğrudur, burada zəmanənin yaratdığı problemlər də az deyil. Amma bu sənətə gələnlər çalışmalıdır ki, ustadların sinəsində olanları öyrənsinlər.
Bu gün çoxlu sayda saz dərnəkləri və musiqi məktəblərində saz siniflərinin fəaliyyət göstərsə də, burada əsasən saz çalmağı öyrədirlər. Bir anlığa diqqət yetirək, tar çalan xanəndə deyil ki? Bu da onun kimi bir şeydir. Aşıq olmaq üçün də təkcə saz çalmaq kifayət deyildır. Aşıq klassik aşıqların sözlərini öyrənib oxumalı, qıfılbənd, təcnis, müxəmməs, ayaqlı təcnisi, qaravəlli və s. bilməlidir. Eyni zamanda aşığın səhnə və geyim mədəniyyəti də yerində olmalıdır. Aşıq daim öyrənməlidir. Yəni sazda çalmağı bacarmaq hələ aşıq olmaq demək deyildir. Bu sənətə meyli olanlara sazda çalmağı öyrətməklə yanaşı, səsi olanlara oxumağı, aşıqlığın bütün incəliklərini öyrətmək lazımdır.
Ustadın da qənaəti budur ki, musiqi məktəbində təhsil almaqla yanaşı, mütləq kamil ustaddan da dərs almaq lazımdır. Deyir, aşığın birincisi, ustad-şəyird münasibətindən yaranan, qidalanan tərbiyəsi olmalı, özündən böyüyün yolunu gözləməyi bacarmalıdır. İkincisi, daim öz biliyini artırmalı, məclisə çıxanda hazır olmalıdır. Üçüncüsü, aşıq yekəxana, ədəbaz olmamalı, xalq arasın-da ədəb-ərkanı, ağır təbiəti ilə fərqlənməli, böyüklərə qarşı hörmət göstərməli, özündən yaşlı aşıqlara hər zaman sayğılı olmalıdır. Yəni, birinci, aşığın tərbiyəsi, ikinci, biliyi və üçüncü, ustada qulluq etməsi vacib şərtdir.
Ustadın bir narahatlığı da aşıq sənətinin bu gün bəzi televiziya kanallarında təbliğinin düzgün qurulmaması ilə bağlıdır. Təbii ki, bu məsələdə ustad haqlıdır. Aşıq sənəti ilə bağlı verilişləri bu sahədə daha çox təcrübəsi və zəngin biliyi olanlar aparmalıdır. Belə verilişlərə başdansovdu yanaşmaq olmaz. Havaların düzgün çalınması, dastanların öyrənilməsi məsələlərinə geniş yer verilməlidir. Belə verilişlərə kamil ustadlar dəvət olunmalıdır.
1969-cu ildə ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra mədəniyyətə, ədəbiyyata, incəsənətə, eləcə də aşıq sənətinə qayğının artdığı göz qabağındadır və ustad deyir ki, o vaxtdan respublika səviyyəli möhtəşəm tədbirlərdə digər incəsənət ustaları ilə yanaşı, biz aşıqlar da çıxış edərdik və tədbirdən sonra Heydər Əliyev səhnə arxasında sənət adamları ilə görüşüb səmimi söhbət edər, dəyərli tövsiyələrini verərdi. Belə görüşlərin birindən sonra məhz ulu öndərin göstərişi ilə Gədəbəydə İsfəndiyar Rüstəmovun yaratdığı aşıqlar ansamblına "Xalq aşıqları" ansamblı statusu verilib, bununla da kollektivin dövlət tərəfindən maliyyə təminatı yaxşılaşıb. Ustadın rəhbərliyi ilə bu ansambl bir çox rəsmi tədbirlərdə iştirak edib, xarici ölkələrə - Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, İranda və s. ölkələrdə qastrol səfərlərində olub və hər yerdən də mükafatla qayıdıb.
Ulu öndər Heydər Əliyevin davamçısı, hörmətli prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın da aşıq sənətinə böyük önəm verməsini, məhz onların böyük səyi nəticəsində Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini də ustad minnətdarlıq hissi ilə qeyd edir. 2013-cü ildə Gədəbəydə Aşıq Musiqisi Məktəbinin tikilib istifadəyə verilməsi, məktəbin açılışında şəxsən Prezident İlham Əliyevin iştirakı da bu qayğı və diqqətin təcəssümüdür.
Gədəbəydə aşıq sənətinə maraq həmişə güclü olub, son illərdə isə bu maraq daha da artıb. Burada, arxada qoyduğu səksən illik ömrünün 60 ildən çoxunu aşıq sənətinə həsr etmiş, respublikamızda bu sənətin inkişafı və təbliği üçün böyük işlər görmüş ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun xidmətləri danılmazdır.

Musa NƏBIOĞLU
Əməkdar Mədəniyyət İşçisi,
Azərbaycan Aşıqlar Birliyinin katibi

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə