PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

"Onları heç vaxt efirə buraxmayacağam"

Müsahibimiz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.


- Məhərrəm müəllim, necəsiniz? Əgər belə demək mümkünsə, bugünkü əhval-ruhiyyəniz hansı aşıq havası üstündə köklənib?
- Təkcə bu gün deyil, əslində hər gün ovqatımızdan asılı olaraq ruhumuz bütün aşıq havaları üzərində köklənir. Təbii ki, burada qəhrəmanlıq da var, gözəllik də, müdrik düşüncələr də... Yəni bütün bu keyfiyyətlər hər gün bizim həyatımızdadır.

- İşləriniz necədir, Azərbaycan Aşıqlar Birliyində nə kimi yeniliklər var?
- Son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür.
Bildiyiniz kimi, bu il sentyabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı keçirildi. Əlbəttə, bu, əlamətdar bir hadisə idi. Qurultaya Azərbaycanın bütün regionlarından, o cümlədən xaricdən çoxlu qonaqlarımız gəlmişdi. Onlar şahid oldular ki, Azərbaycan dövlətinin aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir.
2016-cı ildə mən Azərbaycan Aşıqlar Birliyinə sədr seçiləndən sonra ilk işim aşıqların yenidən qeydiyyatı və gənc nəslin birliyə qəbulu məsələsini gündəliyə gətirmək oldu. Birliyin tərkibində yenilənmə işləri aparıldı. Üzvlüyə xeyli sayda gənc və istedadlı aşıqlar qəbul olundu. Sonrakı ildə də yenilənmə prosesi davam etdirildi. Artıq bu gün Azərbaycan Aşıqlar Birliyinin sıralarında ustad aşıqlarla yanaşı, gənc, yəni yeni nəsil aşıqları da yer alıblar. Onu da deyim ki, digər sahələrə olduğu kimi, aşıq sənətinə də gənc nəslin böyük marağı və axını var. Bunun da bir neçə səbəbi var. Birinci səbəb dövlətin bu sahəyə diqqət və qayğısıdır.
Bildiyiniz kimi, 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi-mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu da təbii ki, Birinci-vitse prezident, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində baş verib. Bu gün Azərbaycan Dövlət Televiziyası hər həftə saat yarım aşıq sənətinə yer verib. Bütün bunlar onu deməyə əsas verir ki, heç vaxt indiki qədər dövlət tərəfindən bu sənətin daşıyıcılarına belə bir diqqət və qayğı göstərilməyib. Bu gün sizdən bir az əvvəl bura bir neçə gənc və orta yaşlı aşıq gəlmişdi. Mən onları birinci dəfədir görürdüm. Gəlişlərinin səbəbini soruşdum. Məlum oldu ki, son vaxtlar dövlətin bu sənətə göstərdiyi diqqət və qayğı onları bura gətirməyə həvəsləndirib.
Həqiqətən də dövlətin bu sahəyə qayğısı aşıqlarımızın ovqatını yüksəldib, onlara qol-qanad verib. Yeri gəlmişkən, bir neçə fakt göstərmək istərdim. 2016-cı ildən bəri çox vaxt keçməyib. Bu müddət ərzində ilk növbədə, yeni və geniş bina ilə təmin olunmuşuq. Eyni zamanda, 15 aşıq fəxri ad alıb. İnanın, əvvəlki dönəmlərdə heç beş ildə bir aşıq fəxri ad alırdı, ya almırdı. Ancaq 2016-cı ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə yeddi aşığa fəxri ad verildi.
Hazırda birliyin üzvü olan aşıqlardan bir neçəsi Prezident təqaüdçüsü, onlarla aşığımız isə Əməkdar mədəniyyət işçisidir. Bütün bunlar Azərbaycan dövlətinin, ictimaiyyətinin aşıq sənətinə olan məhəbbətinin və diqqətinin göstəricisidir. Baxın, mən birliyə gələndən sonra gördüm ki, dövrə, zamana görə aşıqların geyimində bir dəyişiklik olmalıdır. Fkirləşdim ki, hərbi formanı xatırladan geyim tərzi ilə, yaxud uzun çəkmə və hündür papaqlarla irəli getmək olmaz. Tədricən vəziyyəti qaydaya saldıq. Artıq birliyin aşıqları tədbirlərə, televiziyaya yeni, milli və daha müasir geyim modelində, yəni yaxası düyməli, boynu örtülü və bədənə kip oturan köynəklə çıxırlar. Çünki bu geyimdə sazı ifa etmək daha rahatdır. Gördüyünüz kimi, yeni geyim tərzindəki papaqlar da nə ənənəvi aşıq papağı kimi çox hündür, nə də çox qısa deyil, orta səviyyədədir. Papaq milli qeyrətimizin, köynəyin üstündən geyilən çuxa isə milli adətlərimizin göstəricisidir. Eləcə də, xanım aşıqların geyimində müəyyən yeniliklər etmişik. Bu gün “Çeşmə” folklor qrupu məhz həmin geyimdən istifadə edir.

"Onları heç vaxt efirə buraxmayacağam"
Demək olar ki, hal-hazırda Aşıqlar Birliyinin birmənalı olaraq özünəməxsus geyimləri var və tədbirlərdə bu libasda iştirak edirlər. Eləcə də, az müddət ərzində “Çeşmə” folklor qrupu, “Şirvanşah”, “Misri”, “Buta”, “Qobustan”, “Laçın” sazçı qrupları yaratmışıq. Həmçinin, Xalq Bankın “Xalq əmanəti” layihəsi çərçivəsində üç cildlik “Aşıq Ədəbiyyatı Antologiyası” nəşr edilib. Aşıq yaradıcılığı incilərinin toplandığı üç cildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. Onu da xüsusi olaraq vurğulayım ki, “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlərin lüğəti öz əksini tapıb. Olduqca nəfis tərtibatda təqdim edilən antologiya bir sıra özəlliklərə malikdir. İlk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də Dədə Qorquddan üzü bəri böyük ustad sənətkarlarımız nəşrdə bir toplu halında cəmlənib. Eyni zamanda, bu il aşıqlarla bağlı on kitab nəşr olunub. Bu kitablarda hətta bəzi dastanlar yeni variantda təqdim olunub. Bundan əlavə, aşıqların ifasından ibarət disklər yazılıb. Keçirilən tədbirlərin isə sayı-hesabı yoxdur. Bura aşıqların yubileyləri, kitab təqdimatları, sənətlə bağlı müzakirələr və s. daxildir. Bir məsələni də deyim ki, Azərbaycan Aşıqlar Birliyinin VI qurultayının stenoqramını çapa hazırlayırıq. Həmin stenoqramı Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun xüsusi buraxılışında təqdim edəcəyik. Gələcəkdə isə, Azərbaycan Aşıqlar Birliyinin əvvəlki qurultaylarının əlimizdə olan stenoqramlarını toplu halında ictimaiyyətə təqdim etməyi nəzərdə tuturuq.
Ancaq bu məqamda bir gileyimi cəmiyyətə çatdırmaq istərdim. Bu gün Azərbaycan aşıq sənətinin qorunmasının əsas dayağı dövlətdir, xalq deyil. Xalq aşıq sənətinə əvvəlki kimi maraq göstərmir və qorumur.

- Niyə? Səbəb nədir?
- Səbəd odur ki, artıq el şənlikləri, toylar şəklini dəyişib. Bu dəyişiklik aşıq sənətinə də öz təsirini göstərib. Toylarda aşığa meydan verilmir. Artıq o gördüyünüz üç günlük toylar yoxdur. Halbuki toy xalqımızın çox gözəl adətlərindən biridir. Bugünkü toylarda çalınan yad, yüngül musiqilər, insanların belə musiqilərə saatlarla oynaması bizi çox narahat edir. Tarixən toylar 3, 7 və daha artıq, bəzən hətta 40 gün davam edərdi. Bu uzun çəkən toylara aşıq dəstələri dəvət olunardı, dastanlar danışılardı. İndi aşıqlardan soruşuram ki, hansısa toyda dastan danışanı olubmu? “Yox” cavabı verirlər.

- Qeyd etdiyiniz kimi, aşıq sənətinin yaşaması və inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür. Bəlkə aşıq sənətinin əvvəlki şöhrətini bərpa etmək üçün də dövlətin dəstəyindən yaralanmaq lazımdır, nəinki, toylara ümid bəsləmək...
- Tamamilə doğrudur, yol buna qalır. Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayındakı məruzəmdə elə bu məsələyə toxundum. Hətta qurultayın qətnaməsinə də salındı ki, respublikada ayrıca Dastan Teatrı yaradılsın. Bu gün Azərbaycan aşıq sənətində dastançılıq ənənəsinin qorunması çox vacibdir və bunun üçün də Azərbaycan Aşıqlar Birliyinin nəzdində Dastan Teatrı yaradılmalıdır. Xüsusilə də, Bakıda yaradılan Dastan Teatrında istedadlı aşıqlarla aktyorlar dastanlarımızı teatrlaşdıracaqlar. Bununla bağlı bir sıra örnəklərimiz var, məşqlər də edilib.
Hesab edirəm ki, bu istiqamətdə dövlət səviyyəsində iş aparılarsa, çox gözəl effekt verə bilər. Və sizin dediyiniz kimi, burada sənət qazana da bilər, eyni zamanda dastanlarımızın yaşamasında, nəsildən-nəslə ötürülməsində mühüm rol oynayar. Ona görə buna gedilməlidir və gediləcək, inşallah.

“Camaat artıq şoudan bezib”

- Məhərrəm müəllim, təbii ki, bu işlərin həyata keçirilməsi maddiyat tələb edir...
- Şübhəsiz. Bunu nəzərə alan Mədəniyyət Nazirliyi qurultaydan sonra var gücü ilə dastan teatrını yaratmağa çalışır. Bu teatrın yaradılması insanlarımıza gözəl bir ərməğan ola bilər. Çünki, inanın, camaat artıq şoudan bezib. Siz özünüz də bu cəmiyyətin içərisindəsiniz, yəqin müşahidə edirsiniz, toylara gələn insanların 90 faizindən çoxu yüngül musiqilərdən, şoulardan narazıdırlar. Hamı istəyir ki, əvvəlki milli adət-ənələrimizə qayıdılsın, el şənliklərimizi, toylarımızı xalq musiqilərimiz, saz havalarımız bəzəsin. Əminəm ki, gec-tez buna qayıdılacaq.

- Ancaq buna baxmayaraq, televiziyalarımızı zəbt edən yüngül musiqi ifaçılarına, onların kliplərinə, seriallara, səviyyəsiz şoulara, qalmaqallara ölkənin tanınmış şirkətləri, nəhəg ticarət şəbəkələri “sponsor” adi ilə külli miqdarda pul xərcləyir...
- Bəli, dərd də elə bundadır. Kapitalizmin belə çirkin tərəfləri də var. Kapitalizm həmişə milli-mənəvi dəyərlərin, mədəniyyətin tapdanmasına yol aça bilir. Amma onun qarşısını almaq məsuliyyəti dövlətin, biz ziyalıların üzərinə düşür. Biz bu cür neqativ hallara qarşı müqavimət göstərərək onu aradan qaldırmalıyıq. Yoxsa, meydanı onlara buraxsaq, xalq mənəviyyatını, xalq mədəniyyətini, xalq musiqisini məhv edərlər.
Təqribən 2000-ci ildən bəri keçən dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti bütün gücü ilə milli-mənəvi dəyərlərin qorunmasına çalışıb. Xalq bu istiqamətdə fəallıq göstərsəydi, dövlətin müdaxiləyə ehtiyacı qalmazdı. Lakin dövlət görür ki, məsələyə dövlət səviyyəsində müdaxiləyə zərurət var. Ona görə də dövlət milli mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə böyük həssaslıqla yanaşır və qayğı göstərir.

- Məhərrəm müəllim, yola salmaqda olduğumuz 2018-ci il Azərbaycan Aşıqlar Birliyi üçün hansı əlamətdar hadisələrlə yadda qalacaq?
- Bu il Aşıqlar Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Sarayında, Filarmoniyada, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ədəbi-bədii konsert proqramları ilə çıxış etdi. Bu tədbirlərin davamı, Gəncədə, Qazaxda, hərbi hissələrimizdə təşkil olundu.

- Bu il həm də Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayında sizin bu quruma növbəti müddətə sədr seçilməyiniz və “Şöhrət” ordeni ilə təltif edilməyinizlə müşayiət edildi. Bu münasibətlə sizi gec də olsa, təbrik edir, sizə cansağlığı və iş fəaliyyətinizdə uğurlar arzulayıram.
- Çöx sağ olun, minnətdaram. Ölkə başçısına təşəkkür edirəm ki, aşıq sənəti ilə bağlı xidmətlərimi yüksək qiymətləndirib. Bu, mənim simamda aşıq sənətinə və Azərbaycan aşıqlarına verilən qiymətin ən bariz nümunəsidir. Deyərdim ki, Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti daim diqqətdədir. Gördüyümüz işlərlə əlaqədar etdiyimiz müraciətlərə dövlət tərəfindən müsbət cavablar verilir. İnşallah, bundan sonra daha böyük işlər görməyi planlaşdırırıq.

“Bu gün bazarlarda, çayxanalarda oxuyan aşıqlar da var”

- Bu işlər hansı istiqamətdə aparılacaq?
- İndiki halda üç istiqamət var. Birinci istiqamət dünyasını dəyişən və hal-hazırda yaşayan ustad aşıqlara xüsusi ehtiramla yanaşaraq onların yubileylərini keçirmək, kitablarını nəşr etdirməkdir. İkinci istiqamət orta nəsil aşıqlarla bağlıdır. Təqribən 60-25 yaş arasında olan aşıqlardır ki, onlara diqqət və qayğını əsirgəməməliyik. Çünki aşıq sənətinin bugünkü məsuliyyətini, yükünü məhz onlar öz çiyinlərinə götürüblər. İstər dövlət tədbirlərinə, istərsə də digər qeyri-rəsmi tədbirlərə həmin aşıqlar cəlb olunurlar. Bunu nəzərə alaraq əxlaqi normalara da xüsusi önəm veririk. Nə gizlədim, bu gün bazarlarda, çayxanalarda oxuyan aşıqlar da var. Əlbəttə, bu, ürək ağrıdıcı məqamdır. Biz mümkün qədər bunun qarşısını almağa çalışırıq.
Üçüncü istiqamət isə yeni nəsil aşıqlara aiddir. Bəlkə də aşıq sənəti ilə əlaqədar uğurlarına ən çox ümid bəslədiyim bu nəsildir. Bunlar 15-20 yaş arası olan aşıqlardır. Ona görə də bu gün gənc aşıqlara dayaq durur, onların mükəmməl yetişməsinə çalışırıq.

“Güney Azərbaycanda aşıqlıq özü də güclüdür”

- Məhərrəm müəllim, bəs Aşıqlar Birliyinin regionlarda fəaliyyəti necə təşkil olunur?
- Aşıqlar Birliyinin regionlarda da fəaliyyətləri var. Ən ucqar bölgələrimizdə aşıq sənətinin inkişaf etdirilməsi çərçivəsində səfərlər təşkil edirik. Bu istiqamətdə Şamaxıda, Gəncədə, eləcə də Gədəbəydə, Tovuzda, Ağstafada, Qazaxda müəyyən işlər gedir. Regionlarda filialların, musiqi məktəblərində saz şöbələrinin açılması istiqamətində səylə çalışırıq. Mən istəyirəm ki, aşıq məktəbləri Gədəbəydə, Tovuzda olan kimi, Azərbaycanın çox yerində olsun. İndi Şamaxıda aşıq musiqi məktəbi yaratmaq istəyirik və bu istiqamətdə işlər gedir. Ağstafada əvvəlki musiqi məktəbi bərpa olunacaq.
Bir vacib xəbəri də xalqımıza çatdırmaq istərdim. Belə ki, üzümüzə gələn Novruz bayramı ərəfsində dövlət səviyyəsində aşıq müsabiqəsi keçirilməsinin vacibliyini düşünürük. Bununla bağlı ilk olaraq müsabiqənin canlı yayımı üçün Azərbaycan Dövlət Televiziyasından razılıq almışıq. Bu müsabiqə baş tutandan sonra regionlarda da gənc aşıqların müsabiqəsini keçirməyi planlaşdırırıq. Bununla bağlı Mədəniyyət Nazirliyi də razılıq verib. Ümid edirəm ki, bu planlarımızı gələn il gerçəkləşdirəcəyik.

- Birliyin beynəlxalq əlaqələri nə vəziyyətdədir?
- Hazırda beynəlxalq əlaqələrimiz çox yaxşıdır. Türkiyə, Gürcüstan, Dağıstan aşıqları ilə sıx əlaqələrimiz var. Bu yaxınlarda yanıma Dərbənd şəhərindən qonaqlar gəlmişdi və onlar Azərbaycan sazına, aşıq sənətinə çox böyük maraq göstərirdilər. Mən də öz növbəmdə, diqqət göstərərək, onlara Azərbaycan aşıq sənəti ilə bağlı kitablar verdim. Çox məmnun oldular. Hətta onlar gedəndən sonra Dərbəndin bir kitabxanasından mənə təşəkkürnamə gəldi.
Güney Azərbaycan da daim diqqətimizdədir. Şübhəsiz ki, Güney Azərbaycanda aşıqlıq özü də güclüdür.

“Müsabiqəyə qatılan uşaqlardan kütləvi şəkildə pul yığıblar”

- Ancaq bütün bunlara rəğmən, siz Azərbaycan Aşıqlar Birliyinə sədr seçiləndən sonra aşıqlar arasında ixtilaflar yaşanması, bunun da əsas səbəbinin aşıqlar arasında ayrı-seçkilik etməyinizlə bağlı mətbuatda yazılar dərc edilir. Bəzi aşıqlara şərait yaradılmamasından gileylənirlər. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Əslində iddiaların bəziləri əsaslıdır. Bəli, o kəslər ki, meydanı ələ keçirmək istəyirlər, mən onlara imkan vermirəm. O adamların ki, istedadı yoxdur və vaxtilə aşıq sənətini gözdən salmağa çalışıblar, mən onların qarşısını almışam. Təbii ki, onlar da tərəfimdən müqavimətlə qarşılaşır və etirazlarını bildirirlər. Ancaq mən onlara əhəmiyyət vermirəm. İstedadı olan, sənətə şərəflə, ləyaqətlə xidmət edən insanlara yol həmişə açıqdır. Ancaq o adamın ki, niyyətində məkr var, müəyyən qədər istedadı olsa belə, ona meydan vermək olmaz. Belələri, televeziyalara yol taparaq hətta aşıq müsabiqələri keçirməyə başlayır. Sonra da məlum olur ki, müsabiqəyə qatılan uşaqlardan kütləvi şəkildə pul yığıblar. Sənəti bu dərəcədə gözdən salmaq olmaz. Ona görə də mən o adamlara qarşı qəti mübarizə aparmışam, bundan sonra da yolumdan dönməyəcəyəm.
Sənətin gerçək mənzərəsini ortaya gətirmək üçün istedadlı insanlara yollar açılmalıdır. Amma mən dələduzluq yolu ilə camaatın qanını sormağın, müxtəlif vədlərlə baş aldadıb onlardan pul qoparmağın əleyhinəyəm. Əgər özünə aşıq deyən şəxs bu sənəti uçuruma aparırsa, mən niyə onların efirə çıxmasına imkan verməliyəm? Elə aşıqlar var ki, gücüm çatdığı qədər mən onları heç vaxt efirə buraxmayacağam.
Onlar da bunun əvəzini çıxmaq üçün mənim və Aşıqlar Birliyinin ünvanına müxtəlif şayiələr, böhtanlar yağdırırlar. Qeyd etdiyim kimi, mən onlara əhəmiyyət vermirəm. Çünki Mirzə Ələkbər Sabir demişkən, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!”.

“Onların istəyi budur ki, Məhərrəm Qasımlı getsin, yerinə gəlsinlər”

- Məhərrəm müəllim, ümumiyyətlə, bu cür məlumatların ictimailəşdirilməsində maraqlıların kim olduğunu bilirsiniz?
- Bəli, kimlikləri mənə bəllidir. O adamları bu sahədən uzaqlaşdırmışam ki, sənətə zərərləri olmasın. Onların istəyi budur ki, Məhərrəm Qasımlı getsin, yerinə gəlsinlər. Əgər özlərini bu sahəyə layiq bilirdilərsə, gəlib qurultayda namizədliklərini irəli sürərdilər. Qurultayda hami birmənalı olaraq namizədliyimi irəli sürdü və yekdilliklə də səslərini mənə verdilər. Ona görə də mənə qarşı qaryaxmalar Azərbaycan Aşıqlar Birliyindəki fəaliyyətimin üzərinə kölgə sala bilməyəcək.

- Cənublu aşıqlarla əlaqələriniz necədir? Yenə də mətbuatdakı yazılara istinad etsək, münasibətlərin bir qədər sərin olduğu, hətta müəyyən problemlər yaşandığı qənaətinə də gəlmək mümkündür. Bununla bağlı nə deyə bilərsiniz?
- Qətiyyən elə bir şey yoxdur. Güney aşıqları ilə münasibətlərimiz çox yaxşıdır. Noyabrın 17-də Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq, Əməkdar mədəniyyət işçisi İmran Həsənovun anadan olmasının 90 illiyi qeyd edildi.

"Onları heç vaxt efirə buraxmayacağam"
Tədbirdə tanınmış və gənc aşıqlar, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və Anar Abdullayevin başçılığı ilə “Koroğlu” aşıqlar qrupunun üzvləri ilə yanaşı, aşıq Cəfər Xakipur da daxil olmaqla, Təbrizdən gəlmiş üç sənətkar öz ifaları ilə ölməz sənətkarın ruhuna ehtiramlarını bildirdilər. Televiziya verilişimə tez-tez istedadlı Güney aşıqları gəlir, yaxud tədbirlərə dəvət edirik. Bizdə olduğu kimi, Güneydə də aşıqların arasında xeyli təfriqəçilik, bölücülük var. Bunun da nəticəsi olaraq oradakı bəzi işbazlar Aşıqlar Birliyi yaratdığını elan edərək meydanı öz əllərinə almaq istəyirlər. Mən də dəfələrlə demişəm ki, İran dövlətinin içərisində Aşıqlar Birliyi yaratmaq qeyri-mümkündür, elə bir birlik yoxdur, ola da bilməz. Çünki İran dövləti buna yol verməz. Ancaq hansısa bir musiqi dərnəyi, yaxud musiqi evi yaradaraq onu İran Aşıqlar Birliyi kimi təqdim etmək, sadəcə, gülüncdür. Yenə də deyirəm, belə bir birlik yoxdur, ola da bilməz. Bir təşkilatın ki, möhürünü hazırlayıb ortasına Azərbaycan dilində latın qrafikası ilə yazasan İran Aşıqlar Birliyi, bu, uydurma, saxta bir şeydir.

“Onların bizim işimizə müdaxilə etməsi yolverilməzdir”

- Söhbət İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazidən gedirsə, o da deyir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bizim aşıqların içərisinə ixtilaf salır, hər gün bu ixtilafların güclənməsinə muxtəlif yollarla dayanmadan çalışır. Hətta Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığı məktubunda bildirib ki, Məhərrəm Qasımlı öz şəxsi mənafeyinə görə iki dövlətin münasibətini pozur. Aranızdakı bu problem nədən qaynaqlanır?
- Gördüyünüz kimi, mən o iddialara cavab vermirəm, münasibət də bildirmirəm. Sənətkar adamdır, öz iş-gücü ilə məşğuldur. Mənim İranda tanıdığım çox istedadlı aşıqlar var. Onlar Güney aşıq ənənəsinin əsasını təşkil edirlər. Onların o adamla heç bir əlaqəsi yoxdur. Onun mənim barəmdə irəli sürdüyü iddialar, söylədiyi fikirlər böhtandır. Ancaq o, bunu etməməlidir. Çünki mən onun haqqında heç vaxt artıq-əskik danışmamışam, danışmaram da. Onun Azərbaycan Aşıqlar Birliyinə müdaxiləsinə gəlincə, bu, mümkün deyil, ola da bilməz. Azərbaycan müstəqil dövlətdir, Azərbaycan Aşıqlar Birliyi də Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasətinə xidmət edən bir təşkilatdır.
Biz həmişə Güney Azərbaycandan qonaq gələn aşıqlara mehri-məhəbbətlə qollarımızı açırıq, ancaq onların bizim işimizə müdaxilə etməsi yolverilməzdir.

- Məhərrəm müəllim, sizin qəbul etmədiyiniz İran Aşıqlar Birliyi 2015-ci ilin oktyabr ayının 9-da rəsmi olaraq yarandığını elan edən vaxtdan bəri bir sıra beynəlxalq aşıq festivalları keçirib, eyni zamanda xalq şairi Zəlimxan Yaqubun anım gecəsini, “Dədə Şəmşir”, “Aşıq Abbas Tufarqanlı”, “Aşıq Ələsgər” festivallarını. Eləcə də 2017-ci il dekabrın 10-11-də Tehranda “Aşıq Qərib”, yaxud 2018-ci il iyulun 29-30-da “Dədə Qurbani” festivallarını qeyd etmək olar. Hətta son iki tədbirdə qəzetimizin baş redaktoru Asif Mərzili də iştirak edib. Ancaq bu tədbirlərdə Azərbaycan Aşıqlar Birliyindən nümayəndə iştirak etməyib. Bunun səbəbi nədir? Halbuki İranın vitse-prezidentinin iştirakı ilə Tehranda Azərbaycan dilində keçirilən həmin tədbirlərdə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb, ölkəmizin şəninə şüarlar səsləndirilib...
- Allah işlərini uğurlu eləsin. Amma bu tədbirlərdə Azərbaycan Aşıqlar Birliyi təmsil olunmayıb, elə bir fikrimiz də yoxdur.

- Məhərrəm müəllim, yeri gəlmişkən, soruşmaq istəyirəm. Saz çala bilirsinizmi?
- Elə-belə də... Amma orta ixtisas musiqi məktəbində təhsil almışam. Musiqini duya bilirəm, dəyərləndirməyi bacarıram, onun ritmi, intonasiyası barədə anlayışım var. Ancaq aşıqlarımız səviyyəsində sazda ifa edə bilmərəm. Görünür, istedadım olmayıb. Xatırlayıram ki, uşaq olanda Əkbər Cəfərov, İmran Həsənov gəlib bizim kənddə çalıb oxuyardılar. Onlar gedəndən sonra mən də qarğıdalı şaxından saz kimi düzəldib uşaqlarla birlikdə o aşıqları yamsılayardıq. Elə bilirdik ki, biz də böyüyəndə onlar kimi aşıq olacağıq. Halbuki aşıqlıq Allah vergisidir. Amma mən aşıq musiqisinin mahiyyətini bilən bir adamam. Hətta onun mahiyyəti ilə bağlı dissertasiya yazmışam. Şübhəsiz ki, bu sənətin ustadlarına həmişə qibtə etmişəm.

“Aşıq ola bilmədim, amma...”

- Onda belə bir sual vermək istəyirəm, ən çox hansı aşıq mahnısını kimin ifasında dinləmək istəyərdiniz?
- İfasına görə, şübhəsiz ki, Ədalət Nəsibovu. Çünki o, bu sənətin şahıdır. Mən onun ifasında “Yanıq Kərəmi”ni yüz dəfədən çox dinləmişəm. Amma bu “Yanıq Kərəmi”nin heç biri digərinə bənzəməyib, hər ifası fərqli olub. Elə bil hər dəfə yenidən yaradır bu havanı. Bu mənada, Ədalət Nəsibovun ifası təkrarsızdır. Bu gün aramızda olan aşıqlardan Əli Quliyevin adını çəkmək istərdim. O, Ədalət Nəsibovun yolunu davam etdirən ustad aşıqdır. Oxumağa gəlincə, bir nəfərin yox, bir neçə aşığın adını çəkəcəyəm: özümün ən çox ruhən bağlı olduğum Əkbər Cəfərov, Aşıq Şakir Hacıyev, Kamandar Əfəndiyev. Mənim aşıq sənətinə gəlişim elə Əkbər Cəfərovun sənətinə olan bağlılığım səbəb olub. Doğrudur, aşıq ola bilmədim, amma gəlib elm aləminə çıxdım. Yeni nəsildən də ümid bəslədiyim istedadlı aşıqlar var. Güneydə də istedadlı aşıqlar az deyil, məsələn, aşıq Cavad Məhərrəmi, yaxud aşıq Cəfər Xakipur. Bu aşıqların ifasını çox bəyənirəm və demək olar ki, onları tez-tez dinləyirəm.
Mən səmimi olaraq bir gerçəyi sizə demək istərdim. Bu il 60 yaşım tamam oldu. Az yaş deyil. Mən ömrüm boyu bütün ruhumla çalışmışam ki, saza, sözə, qələmə, ümumilikdə, bu sənətə namusla, qeyrətlə xidmət edim. Yolum bu olub. Hesab edirəm ki, bu yolumdan çox da azmamışam, heç azmamışam.

Elbar ŞİRİNOV