AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Featured

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

18.03.2024

Əziz həmvətənlər! Əziz soydaşlar!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun və sağlıqlı ömür, səadət dolu günlər arzulayırıq.

Təbiətin əbədi nizamına əcdadlarımızın ehtiramını ifadə edən bu müqəddəs bayram bizə ulularımızdan yadigardır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü kimi mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Kökü tarixin dərin qatlarına gedib çıxan Novruz ənənələrini xalqımız minilliklər boyu yad təsirlərdən qoruyaraq yaşadıb. Novruz bayramı, Novruz ənənələri eyni zamanda xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.

Bu gün Azərbaycanda hər kəs böyük qürur hissi ilə qeyd edir bu bayramı. Çünki 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı birgünlük antiterror əməliyyatı zamanı qazanılan şanlı Zəfər Azərbaycana əbədi bahar gətiribdir.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik! Qoy bu bayram evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Bayramınız mübarək!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

Featured

GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA AŞIQ ƏLƏSGƏRƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLİB

04.03.2024

2024-cü il mart ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan “Musiqi kimliyimiz” layihəsi çərçivəsində “Azərbaycan aşıqları” adlı elmi-konfrans  və Aşıq Ələsgərə həsr olunmuş təntənəli gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, konfransın və konsertin keçirilməsində məqsəd tarixi ənənələrimizi təbliğ etmək, müasir dövrə gəlib çatmış aşıq sənətini bugünkü nəslə çatdırmaqdır. Vurğulanıb ki, layihə çərçivəsində mütəmadi olaraq müxtəlif aşıqların da gecələrinin keçiriləcəyi nəzərdə tutulur. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı öz çıxışında layihənin böyük əhəmiyyətindən söhbət açıb, qeyd edib ki, ilk dəfə keçirilən bu layihə aşıq sənəti, aşıq yaradıcılığı üçün böyük töhfədir. M.Qasımlı gələcəkdə aşıq sənətinin təbliği üçün mütəmadi olaraq bu cür layihələrin keçirilməsinin arzuedilən olduğunu bildirib.

Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecədə ustad sənətkarlar – Əməkdar  mədəniyyət işçiləri Fətulla Göyçəli, Əhliman və İbadət Allahverdiyevlər, aşıqlardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Ələddin Göyçəli, Qənbər Allahverdiyev, Əfqan Məmmədov, Vüqar Şəmkirli, Anar Abdullayev, Mirəli Mehdiyev və başqaları müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin sözlərini ifa ediblər.

Gecədə Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri Xətai Ələsgərli layihənin təşkilatçılarına təşəkkürünü bildirib.

TƏBRİZLİ AŞIQLAR AAB-DƏ
Featured

TƏBRİZLİ AŞIQLAR AAB-DƏ

12.02.2024

Bu günlərdə Təbrizdən gəlmiş bir qrup aşıq Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Son illərdə dünyanı ağuşuna almış pandemiya səbəbindən Azərbaycana gələ bilməyən cənublu aşıq qardaşlarımızın bu gəlişi əsl saz-söz bayramına çevrilib. Qonaqları salamlayan Azərbayacan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Cənubi Azərbaycandakı aşıqlarla AAB-nin daim sıx əlaqə saxladığını diqqətə çatdırıb, bu əlaqələrin yenidən əvvəlki qaydada davam edəcəyinə inamını ifadə edib.

Təbrizli qonaqlar – aşıqlar Əli İbadi, Əmir Məhəmmədi və Şahbaz Süleymani, balaban və nağara ustaları Əkbər Sərbazi və Bəhmən Mühiti səmimi qəbul və aşıq sənətinin bu günü və gələcəyi ilə bağlı dəyərli fikir mübadiləsinə görə minnətdarlıqlarını bildiriblər, o taylı-bu taylı ustad aşıqların sözlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Görüşdə Azərbaycan Aşıqlar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu iştirak edib.

WhatsApp Image 2024-02-12 at 12.20.371.jpeg

WhatsApp Image 2024-02-12 at 12.20.381.jpeg

 

Featured

AAB-NİN “KOROĞLU HAVALARI” ADLI LAYİHƏSİ DAVAM EDİR

18.03.2024

Azərbaycan Aşıqlar Birliyində ayrı-ayrı ustad aşıqların həyat və yaradıcılığının öyrənilməsi və təbliği ilə yanaşı, saz havalarının təbliğinə də böyük önəm verilir. Xüsusilə də qəhrəmanlıq ruhu aşılayan havaların aşıqların repertuarında üstün yer tutması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə xüsusi layihələr həyata keçirİlir.

Bu mənada, “Koroğlu havaları” kimi tanınan saz havalarına diqqət yetirilməsi təsadüfi deyil. İndiyədək Gədəbəy, Kəlbəcər, Şirvan, Qazax, Tovuz və digər bölgələrdən olan aşıqların ifasında “Koroğlu” dastanından ayrı-ayrı qolların lentə alınaraq geniş ictimaiyyətə çatdırılması da bu havaların təbliğində böyük rol oynayır. Bir neçə il əvvəl isə Azərbaycan Aşıqlar Birliyi tərəfindən böyük tirajla “Koroğlu havaları” adlı ayrıca audiodisk buraxılıb.

“Koroğlıu havaları” adlı layihə çərçivəsində növbəti addım “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti buraxılışının bütövlükdə bu havalara həsr olunmasıdır. 2024-cü il mart ayının 30-da efirə gedəcək həmin verilişdə aşıqlardan Mirəli Mehdiyev, Nəbi Nağıyev, elməddin Məmmədli, Təbriz Vəliyev, Əli Pənahoğlu və Vüqar Şəmkirlinin ifasında “Bozuğu Koroğlu”, “Qəhrəmanı”, “Meydan Koroğlusu”, “Koroğlu dubeyti”, “Nəfəsalmaz Koroğlu”, “Türkü Koroğlu”, “Cəngi Koroğlu”, “Şahsevəni”, “İrəvan çüxuru” və “Misri” aşıq havaları təqdim olunacaq.

 

“SAZ-SÖZ AXŞAMI”NDA “KƏRƏM HAVALARI” TƏQDİM OLUNACAQ
Featured

“SAZ-SÖZ AXŞAMI”NDA “KƏRƏM HAVALARI” TƏQDİM OLUNACAQ

27.02.2024

Fəaliyyətində klassik aşıq ənənələrinin qorunması mühüm yer tutan Azərbaycan Aşıqlar Birliyində bu gün az işlənən aşıq havalarına yeni nəfəs verilməsi, belə havaların aşıqların, xüsusilə də gənclərin repertuarında öz yerini tutması işinə də daim böyük diqqət yetirilir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftənin şənbə günü efirə gedən “Saz-söz axşamı” verilişi bu yöndə əvəzsiz xidmət göstərir. Bu verilişdə ayrı-ayrı ustad aşıqların həyat və yaradıcılıqları barədə ətraflı məlumat geniş ictimaiyyətə təqdim olunmaqla yanaşı, dastanlarımıza və az öncə qeyd etdiyimiz kimi, klassik aşıq havalarına da ayrıca yer ayrılır. “Saz-söz axşamı”nın növbəti buraxılışının aşıqlar arasında “Kərəm havaları” kimi tanınan saz havalarına həsr olunması da bunun əyani sübutudur. Verilişdə “Yanıq Kərəmi”, “Sallama Kərəmi”, “Qürbəti Kərəmi”, “Zarıncı Kərəmi”, “Atüstü Kərəmi”, “Ceyranı Kərəmi”, “Hicran Kərəmi”, “Kərəmköçdü”, “Kərəm gözəlləməsi”, “ Zil Kərəmi”, “Kərəm dübeyti” və “Döymə Kərəmi” kimi havalardan bəhs olunacaq. Tamaşaçılar həmin havaları aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Cahangir Sənanoğlu, Gəncəli Babayev, Yaşar Məhərrəmli, Qorqud Məhərrəmli və Ədalət Alməmmədovun ifasında dinləyə biləcəklər. 

Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MİKAYIL AZAFLIYA HƏSR OLUNACAQ

05.02.2024

Bu il böyük saz-söz ustadı Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi tamam olur. Ustadın yubileyinin geniş şəkildə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Artıq yubiley tədbirlərinə strat verilib. Azərbaycan Aşıqalr Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə Mikayıl Azaflıya həsr olunacaq. Yaxın günlərdə efirə gedəcək verilişdə çıxış edən aşıqlar – Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Nizami Cəlaloğlu, Roman Azaflı, Şahniyar Əliyev, Elməddin Məmmədli, Əli Pənahoğlu, Vüqar Şəmkirli, İlham Məmmədli, Ruslan İbrahimoğlu və “Çeşmə” folklor qrupunun üzvləri ustad sənətkarın sözlərini və bəstələdiyi aşıq havalarını ifa edəcəklər.

“SAZ-SÖZ AXŞAMI”NIN NOVRUZ BURAXILIŞI
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NOVRUZ BURAXILIŞI

12.03.2024

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən və milyonlarla tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı Novruz bayramına həsr olunacaq. Bayram ərəfəsində - mart ayının 23-də efirə gedəcək verilişdə aşıqlardan Elman Talıstanlı, Elməddin Məmmədli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Babək Şakirli, Nəcəf Uğurlu, Azər Fərmanoğlu, İmralı Fikrətoğlu, Famil Laçınlı, Sehran Əbülfəzqızı və Sahil Laçınlı “Baş yayma”, “İncəgülü”, “Yüngül şərili”, “Şirvan gözəlləməsi”, “Sulduzu”, “Gözəlləmə”, “Orta sarıtel”, “Aran gözəlləməsi”, “Şahsevəni” və “Mirzəcanı” aşıq havaları üstündə bahar təravətli ifaları ilə könüllər oxşayacaqlar.

 “Misri” folklor qrupu isə “Novruz” kompozisiyası ilə çıxış edəcək.

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI  HÜSEYN ARİFƏ HƏSR OLUNACAQ
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI HÜSEYN ARİFƏ HƏSR OLUNACAQ

20.02.2024

Bu il Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin qurucusu və ilk sədri Hüseyn Arifin anadan olmasının 100 illik yubileyi tamam olur. Görkəmli söz ustadının yubileyinin layiqincə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, artıq yubiley tədbirlərinə start verilib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı btünlüklə Hüseyn Arifə həsr olunacaq. Xalq şairinin həyat və yaradıcılığına ayna tutacaq verilişdə aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Əfsanə Kərimli, Şahin Süleymanov, Azər Əkbərov, Nemət Əliyev, Sehran Əbülfəzqızı, Ruslan İbrahimoğlu, Mehdi İncəli və Əlizamin Kəlbəcərli “Mina gəraylı”, “Hüseyni”, “Aran gözəlləməsi”, “Kərəm gözəlləməsi”, “İncəgülü”, “Ağır şərili”, ”Cəlili”, “Ovşarı” və digər aşıq havaları üstündə Hüseyn Arifin şeirlərini ifa edəcəklər. 

Featured

DASTANLARA YENİ NƏFƏS VERİLIR

23.01.2024

Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə start verilib. Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra uğurlu nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə dastanlarımıza müraciət etmək qərara alınıb.

İki cilddə çap olunması nəzərdə tutulan antologiyada hazırda da aşıqlarımızın repertuarında mühüm yer tutan dastanlara yer veriləcək. Belə ki, günümüzün ustad aşıqlarından Ələddin Göyçəli, Fətulla Göyçəli, Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli, Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nasğıyev, Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin repertuarından lentə alınmış “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”, “Aşıq Hüseyn və Reyhan xanım” və digər dastanların yenidən sənətsevərlərə və geniş oxucu kütləsinə çatdırılması nəzərdə tututulur.

Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.

 

İSMAYILLIDA BAYRAM KONSERTİ
Featured

İSMAYILLIDA BAYRAM KONSERTİ

07.03.2024

Qarşıdan Novruz bayramı gəlir. Artıq ölkəmizin hər yerində bayram şənliklərinə start verilib. Bu ilki bayramın özəlliyi ondan ibarətdir ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Xankəndi və Xocalı da daxil olmaqla ölkəmizin hər yerində bayram tonqalları alovlanır.  

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki İsmayıllı rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Yanvar Bədəlov adına Aşıqlar ansamblı da bu bayram münasibəti ilə özəl proqram hazırlayıb. Ustad aşıq Elman Mehdiyevin rəhbərlik etdiyi ansambl bu günlərdə İsmayıllıdakı Heydər Əliyev adına Mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Tədbirdə iştirak edənlər aşıqlardan Elman Mehdiyev, Cavid Əmiraslanov və Elçin Məmmədovun, solo saz ifaçısı Əliyar Bünyatovun, xanəndələrdən Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva və Şamil Mustafayevin çıxışlarını böyük rəğbətlə qarşılayıblar.

Aşıqları balabanda Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov müşayiət edib.

 WhatsApp Image 2024-03-07 at 12.08.0311.jpeg

WhatsApp Image 2024-03-07 111at 12.08.03.jpeg

Ustad Aşıq Mikayıl Azaflının yeni kitabı nəşrə hazırlanır
Featured

Ustad Aşıq Mikayıl Azaflının yeni kitabı nəşrə hazırlanır

19.02.2024

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə AAB-də ayrıca tədbirlər planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Həyata keçiriləcək tədbirlər planı çərçivəsində aşığın şeirlərindən ibarət kitabın nəşr olunmasının nəzərdə tutulduğunu bildirən M.Nəbioğlu deyib: “Saz-söz ictimaiyyətinə “100 illiyə 100 şeir ərməğanı” kimi təqdim olunacaq kitabda Mikayıl Azaflının yaradıcılığından seçmə şeirlər – əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alacaq. Hər şeirin sonunda həmin poetik nümunəni müşayiət edə biləcək saz havalarının, o cümlədən də ustadın özünün bəstələdiyi havaların verilməsinin isə sənətsevərlər, xüsusilə də gənc aşıqlar üçün böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Kitab üzərində iş, demək olar ki, tamamlanmaq üzrədir və yaxın günlərdə nəşriyyata təqdim olunacaq”.

Kitabın elmi məsləhətçisi və redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar isə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

https://azertag.az/xeber/ustad_asiq_mikayil_azaflinin_yeni_kitabi_nesre_hazirlanir-2928023

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

08.01.2024

Ötən ilin son günlərində Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun  yeni sayı – 2023-cü ildəki ikinci buraxılışı işıq üzü görüb. Toplu Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibəti ilə Mədəniyyət nazirliyinin təbrik məktubu və yubilyarla bağlı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun  “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri  ilə açılır.  

Toplunun bu sayında həmçinin professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, Musa Nəbioğlunun  “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”, Qəndab Əliyevanın  “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin,  Miskin Əsəd və Hüseyn Cavan”, Fəridə Kazımovanın  ““Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, Qüdrət Umudlunun “Şirvanın ünlü sənətkarı”, Leyla Məmmədovanın “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”, Həzi Həsənlinin  “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” adlı elmi və elmi-publisistik məqalələri, ustad aşıqlardan Sadıq Sultanov və Məmmədağa Babayevin şeirləri  yer alıb.

Oxucular eyni zamanda toplunun bu buraxılışında Azərbaycan Aşıqalr Birliyinin 2023-cü ilin ikinci yarısında həyata keçirdiyi tədbirlər və görüşlər barədə xəbərlərlə tanış olacaq, ozan-aşıq sənəti ilə bağlı yeni nəşrlər haqqında nməlumat əldə edə biləcəklər. Həmişə olduğu kimi, toplunun bu sayında da dastanlarımıza yer ayrılıb, bu dəfə  “Qurbani” dastanı təqdim olunub.    

8 -dən səhifə 36

  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ