AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Borçalı aşıq məktəbinin ünlü sənətkarı
Featured

Borçalı aşıq məktəbinin ünlü sənətkarı

15.04.2026

Hüseyn Saraçlı – 110

XX əsri, xüsusən də əsrin ikinci yarısını Borçalıda aşıq sənətinin inkişafının qızıl dövrü adlandıranlar haqlıdırlar. Bu dövr bütövlükdə Azərbaycan aşıq sənətində öz dəst-xəttinə görə seçilən çox böyük ustad saz-söz sənətkarları ilə fərqlənir. Şair Nəbi, Ağacan, Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Alxan Qarayazılı, Kamandar Əfəndiyev, fəaliyyətləri XXI əsrin ilk onilliklərində də davam etmiş Aslan Kosalı, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Nurəddin Qasımlı, Gülabı Xındı Məmmədoğlu və digərləri... Hər biri ayrıca bir məktəb olan ustad sənətkarlar.

Bu il sazının laylasında neçə-neçə aşıq böyüdən, neçə-neçə şairi xalqa tanıdan, insanların qəlbində sənət adlı sönməz işıq yandıran, ürəklərin dostu, könüllərin mehmanı olan Aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illik yubiley ilidir. Hüseyn Saraçlı bu gün də bizimlədi – sazda, mizrabda, pərdədə, simdədi. Onun ömrü ozan ömrü, saz ömrüydü.

Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov) 1916-cı ildə Borçalıda – indiki Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. İlk dəfə kəndlisi Aşıq İsmayılın şəyirdi olub, Quşçu İbrahimdən sənətin sirlərini öyrənib, Şair Nəbi və Sarvan Bayram kimi (hər ikisi Borçalının Faxralı kəndindəndir) güclü saz-söz xiridarlarının yanında püxtələşərək, kamil el sənətkarına çevrilib.

Aşıq sənətinə əvəzsiz xidmətlərinə görə Gürcüstanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən ilk və hələlik yeganə aşıqdır.

Aşıq Hüseyn Saraçlının sənətdə öz dəst-xətti ilə seçilən 14 şəyirdi olub. Sonuncu şəyirdi aşıq-sazbənd Kövrək Muraddır. Özündən öncə və sonra gələn bütün sənət adamlarına hər zaman böyük ehtiram bəsləyən ustad sinəsində nə vardısa, əsirgəmədən, hamısını şəyirdlərinə öyrədib.

Aşıq Hüseyn Saraçlı 1987-ci il aprelin 16-da 71 yaşında dünyasını dəyişib. Doğulduğu Saraçlı kəndində büstü qoyulub.

Hüseyn Saraçlı klassik aşıqlardan Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər, Bozalqanlı Hüseyn və başqa sənətkarların zəngin ənənəsini ləyaqətlə davam etdirən sənətkar idi. Təsadüfi deyil ki, ondan ustadınız kim olub, – deyə soruşanda deyirdi, “ustadım birmi, ikimi, hansını deyim? Birinci ustadım Borçalı xalqı, ikinci ustadım aşıq Qurbani...”.

Onun çalğısı da söhbətləri kimi ürəyəyatımlı idi. Repertuarında “Dol hicranı”, “Qara kəhər”, “Koroğlu kürdüsü”, “Mansırı”, “Məmmədbağırı”, “Sultanı” və “Bəhməni” kimi qədim aşıq havaları mühüm yer tuturdu. Dastan söyləyən vaxt bu havalardan öz məqamına uyğun istifadə etməyi bacarırdı.

Xalq şairi Zəlimxan Yaqubun diliylə desək, o, “məhlə aşığı deyil, yurd-mahal aşığıydı, bal dilli millətimin dili bal aşığı, meydanda Qoç Koroğlu, Rüstəm Zal aşığıydı”. Onun varlığından nə qazandısa sazın ömrü qazandı, yoxluğundan isə “nə itirdi Azərbaycan itirdi”.

Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Qəmbər Hüseynli, Hüseyn Arif kimi görkəmli ədəbiyyat və incəsənət nümayəndələri zamanında Hüseyn Saraçlı yaradıcılığına yüksək qiymət vermişlər. Təsadüfi deyil ki, ona “Saraçlı” təxəllüsünü bəstəkar Qənbər Hüseynli verib. Ustad aşıq sənət zirvəsinə bu adla yüksəlib.

Şair İlyas Tapdıq ötən əsrin 70-ci illərində yazırdı: “Onun sənətkarlığı sazı, qoşma və müxəmməsləri, təcnis və gəraylıları daha yaxşı başa düşməyə, təhlil etməyə imkan verir. Məsələn, cığalı havalar adlanan “Cığalı təcnis” və “Cığalı müxəmməs” Saraçlı sazında o qədər gözəl səslənir ki, misraların düzümü, cığa misralar, “cığa səs enmələri” bütün büllurluğu, aydınlığı ilə duyulur. Bir sözlə, təcnis “Cığalı təcnis”dən, “Müxəmməs” “Cığalı müxəmməs”dən seçilir”.

İstər sağlığında, istərsə də bu gün Hüseyn Saraçlı deyəndə ilk yada düşən onun bənzərsiz dastan ifaçılığı olur. Məclislərdə dastan söyləyəndə sanki bir mahir aktyora çevrilirdi. Dastandakı personajların hərəsini öz ləhcəsində səsləndirir, dinləyicini həyəcanla intizarda saxlamağı bacarırdı. Şair İlyas Tapdığın da dediyi kimi, dastanları söyləyərkən “qəhrəmanın obrazını sazla, sözlə, səsinin müxtəlif dönümləri ilə canlandıran, xalq məsəllərindən, atalar sözlərindən yerli-yerində istifadə edən, tamaşaçı və dinləyicisində dərin hiss-həyəcan oyadan bir aşıq, sənətkar kimi əvəzsiz idi”. Çaldığı havaların ruhuna uyğun söz seçir, bəziləri kimi yersiz hərəkətlərə yol vermirdi.

Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad aşıq elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil, gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda, o, həm libretto müəllifidir, həm də bəstəkar...”.

Sinəsi söz xəzinəsi olan Hüseyn Saraçlı həm də bədii yaradıcılıqla məşğul olur, aşıq şeirinin müxtəlif formalarında şeirlər qoşurdu. Sağlığında kitabı nəşr olunmasa da, onun şeirləri, söylədiyi dastan və qaravəllilər ilk dəfə 1992-ci ildə Süleyman Əfəndi (Süleymanov) tərəfindən nəşrə hazırlanaraq çap olunub. Anadan olmasının 100 illiyi ərəfəsində – 2016-cı ildə isə özünün bədii yaradıcılığı, dastan repertuarı və haqqında yazılan elmi-publisistik məqalələr və ona ithaf olunmuş şeirlərdən ibarət iki kitab (“Hüseyn Saraçlı” və “Nəğməli sinəmdə yüz dastan yatır”) tərəfimizdən hazırlanaraq nəşr olunub.

Bəli, o, bir dastan aşığıydı və elə bir ömür yaşadı ki, dünyasını dəyişəndən sonra özü də dillərdə dastan oldu. Haqqında məqalələr yazıldı, şəninə şeirlər qoşuldu. Ustadın vəfatı münasibətiylə yazdığı şeirdə Zəlimxan Yaqub deyirdi:

Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar!
Ay Zəlimxan, ağlamaqdan nə çıxar,
Az sızılda, az inildə, az ağla!
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!!!

Zəlimxan Yaqub həmin dastanı yaratdı.

Bu il bu böyük sənətkarın anadan olmasının 110 illik yubileyidir. Bu münasibətlə doğma yurdu Gürcüstanda və Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ancaq sənətsevərlərin ustadla bağlı bir arzusu var: doğma kəndi Saraçlıda ev-muzeyinin yaradılması! Bu, ustadın ruhuna ehtiram olmaqla yanaşı, bütövlükdə ozan-aşıq sənətinə verilən qiymət, göstərilən diqqət və qayğı kimi əhəmiyyətli, həm də vacibdir.

Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

https://xalqqazeti.az/az/medeniyyet/260265-borcali-asiq-mektebinin-unlu-senetkari

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı keçirilib
Featured

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı keçirilib

23.01.2026

2026-cı il yanvarın 22-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, bu konsert rəhbərlik etdiyi təşkilatın elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbirdir. Bu layihə Azərbaycan xalq musiqisinin köklərinə işıq salmaqla, aşıq sənətinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulayır, onu müasir auditoriyaya, xüsusilə gənc nəslə daha dolğun şəkildə təqdim etməyi hədəfləyir. Ramil Qasımov bildirib ki, layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur. O, “Dastan axşamları”nın təşkili üzərində işlədiklərini də diqqətə çatdırıb, bu proqramlar canlı ifa, dastan söyləmə, musiqi müşayiəti və bədii təqdimat formatında olacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Agentliyin təşkil etdiyi müsabiqələrdə Qərbi Azərbaycana qayıdış mövzusunun son illərdə prioritetə çevrildiyini bildirib. Qeyd edib ki,  Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər, dinc yolla qayıdış təməl insan hüquqlarıdır. A.Əliyeva təxminən 1 ildir fəaliyyətə başlayan “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin qısa müddət ərzində bir sıra nümunəvi layihələrlə çıxış etməsini yüksək qiymətləndirib. O, Agentliyin bu cür peşəkar, aktual layihələrə bundan sonra da dəstək olacağını vurğulayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq sənətinin milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2025-ci ildə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr etdiklərini bildirib.

Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib. Sözləri Aşıq Alıya məxsus “İrəvan çuxuru”nu Nəbi Nağıyev və Nazim Quliyev, sözləri Aşıq Ələsgərə məxsus “Baş sarıtel”i Əli Pənahoğlu, “Baş müxəmməs”i Fətulla Göyçəli, ƏIəddin Göyçəli, İmran Xəlilov, “Hüseyni”ni Xanım Göyçəli, sözləri İsa Körpülüyə məxsus “Göyçə gözəlləməsi”ni İmralı Fikrətoğlu, sözləri Müşgül Musaya məxsus “Göyçəgülü”nü Ələddin Göyçəli, sözləri İsgəndər Ağbabalıya məxsus “Çalpapaq”ı Dərya Mərdanzadə, sözləri Alqayıt Xəlilova məxsus “Gəraylı”nı Xanlar Alqayıt ifa ediblər. Bundan başqa, Fətulla Göyçəli, İxtiyar Qocayev, Ləman Mirzəyeva, Elməddin Hacı  və digərləri aşıq sənətinin incilərini təqdim ediblər.

QHT Agentliyi Qərbi Azərbaycana qayıdış mövzusunda mühüm təşəbbüsləri dəstəkləməkdə davam edəcək.

WhatsApp Image 2026-01-23 at 11.05.00.jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.00(1).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.00(2).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.00(3).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.01(1).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.01.jpeg

 

AŞIQ MÜSLÜM  ƏSGƏRİ VƏFAT EDİB
Featured

AŞIQ MÜSLÜM ƏSGƏRİ VƏFAT EDİB

02.12.2025

Azərbaycan aşıq sənətinə daha bir ağır itki üz verib – Cənubi Azərbaycanda aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olan ustad aşıq Müslüm Söhrab oğlu Əsgəri 2025-ci il noyabrın 28-də dünyasını dəyişib.

Zəncan aşıq mühitinin ustad nümayəndələrindən olan Müslüm Söhrab oğlu Əsgəri 1938-ci il iyulun 1-də Zəncanın Badamıstan kəndində anadan olub, atası Hacı Söhrab mahalın adlı-sanlı aşıqalrından biri kimi tanınıb. Kənddə məktəbi bitirdikdən sonra 1955-ci ildə Zəncana gələrək dini təhsil almağa başlayıb.

Sənətin sirlərini atası Aşıq Söhrabdan öyrənərək 1968-ci ildən müstəqil aşıqlığa başlayıb. Tez bir zamanda Zəncanda tanınıb, toylarda və el şənliklərində iştirak edib. Zəncanla yanaşı, İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində, Gilan, Xalxal, Tehran və Qum şəhərlərində də toylara dəvət alıb.

Zəngin dastan repertuarı olan Aşıq Müslümün söylədiyi dastanlar lentə alınaraq qorunur. Onun söylədiyi dastanlardan 30-nu Məhəmməd Rəzzaqi yazıya alıb.

Aşıq Müslüm 2006-cı ildə Bakıda olub, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda folklorşünas alimlərlə görüşüb. 2007-ci ildə Türkiyənin Qazi Universitetində keçirilən simpoziumda İran aşıqlarını təmsil edib. Sonrakı illərdə də dəfələrlə Türkiyədə müxtəlif aşıq festivallarında iştirak edib.

Aşıq Müslüm eyni zamandan bədii yaardıcılıqla da məşğul olub, vətənə, el-obaya, ana dilinə, təbiətə və həyatın müxtəlif sahələrinə məhəbbətdən doğan şeirlər yazıb.

Aşıq Müslüm Əsgərinin əziz xatirəsi o taylı-bu taylı sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

“AZƏRBAYCAN AŞIQ YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏCƏSSÜMÜ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Featured

“AZƏRBAYCAN AŞIQ YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏCƏSSÜMÜ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

15.04.2026

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə 2026-cı il aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminar saz-söz ustadı Molla Cuma, görkəmli yubilyar aşıqlar Hüseyn Saraçlı (110) və Pənah Pənahovun (100) sənət yoluna həsr olunub.

Tədbir iştirakçıları əvvəlcə muzeyin aşıq sənəti guşəsi ilə tanış olublar. Qonaqlara burada nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeydə aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş görkəmli saz-söz ustadları ilə bağlı guşələrin olduğunu, qiymətli eksponatların saxlanıldığını bildirib.

AAB-nin sədri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı seminarın əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan Molla Cuma, Hüseyn Saraçlı və Pənah Pənahovun yaradıcılıq irsinin yaşadılması və təbliğinə töhfə olduğunu deyib.

MEMİM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov seminarın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, seminarın məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və vətənsevərliyi yaradıcılığında tərənnüm etmiş aşıqlarımızın irsinin tanıdılmasıdır. Vüqar Hümbətov MEMİM tərəfindən bu qəbildən tədbir və layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Bənzərsiz dastan ustası – Hüseyn Saraçlı”, AAB-nin üzvü, tədqiqatçı, Molla Cumanın nəticəsi Elman Əzizovun “Molla Cumanın ədəbi irsi” və MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Pənah Pənahov yaradıcılığında aşıq və xalq mahnı üslubunun vəhdəti” mövzularında məruzələri dinlənilib.

Tədbir çərçivəsində həmçinin Əməkdar mədəniyyət işçisi, ustad aşıq Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun, eləcə də aşıqlardan Məharət Şəfili, Gəncəli Babayev, Ədalət Alməmmədov, Fikrət Cəfəroğlu və balaban ustası Ələkbər Ələkbərovun təqdimatında  bu ölməz ustadların repertuarlarından seçmə aşıq havaları tədbirə rəng qatıb. Bədii qiraətçi Azər İqrar Molla Cumanın şeirlərini səsləndirib.

WhatsApp Image 2026-04-15 at 13.10.16.jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.16(3).jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.16(2).jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.16(4).jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.17.jpeg

CƏFƏR XAKİPUR AAB-NİN QONAĞI OLUB
Featured

CƏFƏR XAKİPUR AAB-NİN QONAĞI OLUB

29.12.2025

2025-ci ilin son günləri AAB-də daha bir əlamətdar hadisə ilə yaddaq alıb. Belə ki, Təbrizli ustad aşıq Cəfər Xakipur Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə olan görüşdə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və AAB-nin əməkdaşı, ustad aşıq, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı da iştirak ediblər.

Azərbaycanda sənətsevərlərin yaxşı tanıdığı ustad aşıq Cəfər Xakipur dəfələrlə respublikamızda olaraq müxtəlif rəsmi tədbirlərə qatılıb, el şənliklərində iştirak edib. Dəfələrlə AzTV və digər televiziya kanallarında, radio verilişlərində çıxış edib və hər çıxışı ilə sənətsevərlərin rəğbətini qazanıb.

Ustad aşığın bu dəfəki gəlişi də yaddaqalan olub. Görüş zamanı Azərbaycan Aşıqlar Birliyinin Cənubdakı aşıqlarla qayğısından, qarşılıqlı yaradıcılıq əlaqəsindən söhbət açılıb, bu istiqamətdə görülməli olan işlərə diqqət yönəldilib.

Görüş zamanı Cəfər Xakipur eyni zamanda bir neçə aşıq havası ifa edərək o taylı-bu taylı söz adamlarının şeirlərini səsləndirib. Həmin ifalar AAB-nin Youtube kanalındakı səhifəsində yayımlanmaq üçün lentə alınıb.

Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad aşıq Cəfər Hüseyn oğlu Xakipuru aşıq sənətinin inkişafındakı xidmətlərinə görə AAB-nin fəxri diplomu ilə təltif edib.

Sonda xatirə şəkilləri çəksirilib.

IMG 20251229 151948

IMG 20251229 151934

 

 

 

 

AŞIQ DEHQAN VƏFAT EDİB
Featured

AŞIQ DEHQAN VƏFAT EDİB

24.11.2025

Azərbaycan aşqı sənətinə böyük itki üz verib. Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi,   sağlığında ikən aşıq sənətinin canlı əfsanəsinə çevrilən   ustad Aşıq Məhəmməd Hüseyn Dehqan 2025-ci il noyabrın 22-də vəfat edib.

Məhəmməd Hüseyn Qulam oğlu Dehqan  1934-cü ildə Cənubi Azərbaycanda – Urmiyada anadan olub. Erkən yaşlarından aşıq sənətinə maraq göstərib. Yeniyetmə vaxtlarından Aşıq Fərhadın yanında şəyird olaraq sənətin sirlərini, klassiklərin yaradıcılığını, dastanları öyrənib. Bir sənətkar kimi püxtələşdikdən sonra müstəqil şəkildə aşıqlığa başlayıb.

Urmiya aşıq mühitinin inkişafında böyük xidmətləri olan Aşıq Dehqan özünəməxsus ifaçılıq məktəbi yaradan, Urmiya aşıq ifaçılığında mühüm yer tutan  ustad səınətkarlardandır. O, klassik saz havalarının mahir ifaçısı kimi tanınıb, zəngin repertuarı ilə seçilib. Özünəməxsus çalğı tərzi ilə məşhur olub. 80-dən çox saz havasını mükəmməl ifa edir, 40-dan çox dastan bilirdi. Xüsusilə də Xəstə Qasımla bağlı dastanları və onun poetik irsini dərindən bilirdi.

2010-cu ildə UNESCO tərəfindən onun ayrıca diski buraxılıb. Dəfələrlə Azərbaycanda olub, Bakıda konsert proqramı ilə çıxış edib.

Aşıq Dehqanın çox sayda şəyirdi olub,  neçə-neçə sənətkar yetişdirib.

Böyük sənətkr, ustad aşıq Dehqanın əziz xatirəsi o taylı-bu taylı sənətsevərlərin qəlbində əziz xatirə kimi daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Xatirə Bəşirli professor,  İLK AŞIQ ROMANI
Featured

Xatirə Bəşirli professor, İLK AŞIQ ROMANI

04.02.2026

Professor Məhərrəm Qasımlı mənə bir kitab təqdim etdi və soruşdu ki, sən heç aşıq haqqında roman görmüsən, oxumusan...?!

Həmən düşünürəm ki, “Koroğlu”, “Şah İsmayıl”, “Qurbani”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s.və i. dastanlar əslində elə aşıqların özləri haqqında düzüb-qoşduqları aşıq romanlarıdır. Hələ böyük ozanımız Dədə Qorqudun düzüb qoşduqları bir ayrı...

Tahir Həsənli isə “Haqdan yanan çıraq” adlı romanında bilavasitə Xaltanlı Tağının həyatını romanlaşdırıb, yəni öz çapında bir ilkə imza atıb.

Xaltanlı Tağı – yəni aşıq Tağı XVIII əsrin sonu, XIX əsrin ortalarında Quba və Şamaxı şəhərləri arasında yerləşən Xaltan kəndində doğulub, Şirvan bölgəsində fəaliyyət göstərmiş bir el sənətkarıdır. Romanda aşıq Tağının babası, atası, özü və nəvəsinin həyatı Quba, Dərbənd xanlıqlarında yaşanmış ictimai-siyasi, qismən də mədəni hadisələr fonunda qələmə alınmışdır.

Əslində, bizim ədəbi ənənəmizdə az təsadüf edilsə və ya rastlanmasa da, Orta Asiya eposlarında baş qəhrəmanın hekayəsi – ömür tarixçəsi baba, ata, özü, oğul, nəvə xəttilə təsvir edilir, yəni bir soyun taleyi silsilə şəkildə təqdim edilir. T.Həsənli bu metodla, düşünürəm, Aşıq Tağının özündən əvvəl, sonra yaşamış insanların taleyi, ömrü fonunda, əslində, Dərbənd, Quba, Şamaxı, Gəncə, Ərdəbil, Amasiya və s. yerlərdə baş vermiş tarixi hadisələri, o dövrün görkəmli şəxsiyyətlərini, çarizmin yerlərdəki amansız siyasətinin yerli xalqların taleyinə faciəvi təsirlərini həm də sərgiləmək üçün gərəkli tutalqa olmuşdur.

Mütləq qeyd edilməlidir ki, roman tarixi hadisə və tarixi şəxsiyyətlərlə yanaşı, Dərbənddən Ərdəbilə, Tehrana, Gəncə, Amasiya və s. şəhərlərin coğrafiyası, etnoqrafiyası haqqında məlumat, adət-ənənə, dil və s. təsviri, tanıtımı baxımından zəngin məxəz kimi maraq doğurur. Romandakı hadisələrin vüsəti epik genişlik, romançılığa xas səbirli təhkiyə, təbiət təsvirləri, obrazların lirik, psixoloji aləmi diqqətlə izlənilir.

Aşıq Tağının Haqq aşığı olduğuna oxucusunu inandırmağa çalışan roman müəllifi epos qəhrəmanlarına xas, xarakterik olan buta alma, yuxugörmə, ürəyə damma-öncəgörmə kimi motivlərdən ustalıqla istifadə edə bilmişdir.

Romanın bir yerində müəllif yazır ki, kiçik Tağı uzun müddət yuxu yatır, nənəsinə yuxu gördüyünü söyləyir: “Nənə, yuxu gördüm, uzun bir yol gedirəm. Babamdan da qoca, ağ saqqallı bir kişi mənə dedi ki, oğul, qorxma, get oxu, ucadan oxu, qoy səsini hamı eşitsin, səsin səni qoruyacaq. Mən bilmədiyim, əzbərləmədiyim sözlər oxuyurdum...” (s. 38) babası Tağınını yadına salır ki... “Yadındadır, balaca olanda bir gecə tapılmadın, tapılanda dedin ki, ağ saqqallı, ağ donlu bir kişi mənə sazı uzadıb dedi ki, al çal, oğul, xalqını düz yola çağır...” (s. 73)

Aşıq Tağının ömür hekayəsinə həsr olunmuş kitabda epos ənənəsindən gələn digər motivlərə də sıx-sıx rast gəlinir. Belə motivlərdən biri baş qəhrəmanın ölümünü hiss etməsidir: “Tağı kədərlə dolmuş ürəyini sözlərlə boşalda bilməyəcəyini görüb, son dəfə yanıqlı bir nalə çəkərək oxudu... Molla Osmanı çağırtdırıb dedi: – Osman, mən də gedirəm... bu körpələri göydə Allaha, yerdə sənə tapşırıram... Bu sözlərdən sonra o, yerinə uzandı... bir neçə dəfə kəlmeyi-şəhadətini təkrarladı. Yuxuya gedirmiş kimi, gözlərini yumdu”. (s. 182)

Romanda epos, dastanlarımızda yer alan aşığın sınağa çəkilməsi motivindən məzəli bir şəkildə bəhrələnmə var: “Qudyalda toy məclisindən əvvəl qızlar aşıqla əylənib, onu sınağa çəkmək istəyirlər: – “Aşıq, bu, mənim nənəmdir, gəlsənə, ona bir tərif deyəsən?

Aşıq Tağı bu üz-gözünü qaraldan, çadraya bürünən qadını duruşundan, bədən quruluşundan nənəyə oxşatmır, hiss elədi ki, qız onu sınağa çəkir. Aşıq işini bildi, oxudu:

O hilal qaşların bəndəvanıyam,

Gözlərin məstanı üzdü canımı.

Əqlimi başımdan tarimar edər,

Baxdı yanı-yanı, üzdü canımı.

– Aşıq, mən bilməmişəm, nənəm belə gözəldir.

Aşıq Tağı çadralı qızın daha da büründüyünü görüb, oxudu:

Mən sevmişəm gözlərinin ağını,

Onunçun çəkirəm iştiyaqını.

Necə bulud kəsə Ay qabağını,

Yar oldu pünhanı, üzdü canımı...” (s. 78-79)

Çadrası açılanın, doğrudan da, nənə deyil, gözəl bir qız olduğu bəlli olur.

Romanı canlı, oxunaqlı edən məqamlardan biri də toylarda aşıqların deyişməsidir. Aşıq Tağının oğlunun məclisində aşıq Haşım və aşıq Orucun, elə Aşıq Tağının “Arvadların bəhsi”nə aid şeir ətrafındakı şeirləşmələri maraq doğurur:

Aşıq Haşım:

Adəm övladıyam, sayılar adım,

Ucaldar ərini ağıllı qadın.

Rəhmətlə anılar nəslim, övladım,

Ata-anama hörmətim var mənim.

Aşıq Oruc:

Mən bəlayam, yaxşılığım deyilməz,

Əskik etdim əri, adı sayılmaz.

Tay tayını tapar, heç vaxt ayrılmaz,

Şər böhtanlı soz-sohbətim var mənim.

Aşıq Tağı:

Tağı deyər, boş höcətdən hay olmaz,

Hər çirkindən yaxşılara tay olmaz.

Arvad pissə, kişisindən bəy olmaz,

Yüz də desə, aş-çörəyim var mənim. (s. 173-174)

 Tahir Həsənlinin “Haqdan yanan çıraq” romanı, Xaltanlı Tağının yaşadığı dövrün şəxsiyyətləri, onların həyatı, fəaliyyəti, el qarşısında xidmətlərini bədii üslübda tanıtdırmaq yöndən də qiymətli məlumatlar sunmaqdadır. Molla Qasım, Abbasqulu ağa Bakıxanov, Şeyx Şamil, Molla Nur, Kürdəmirli Mövlanə İsmayıl Şirvani, həmin dövrdə Dərbənd, Quba, Şamaxı şəhərlərində yaşayan, mədrəsələrdə dərs deyən, el arasında böyük hörməti, nüfuzu olan Abdulla Əfəndi, Mirzə Əli Əfəndi, Əmir Əli kimi müəllim və üləmalar, Quba xanı Şeyxəli xan, Məhəmməd Yaraqlı və b. Çox maraqlı faktdır ki, mədrəsədə aşıq Tağı, Şamil (Şeyx Şamil), Məhəmməd, Həmzət, Abdulla kimi məşhur şəxsiyyətlərlə bir təhsil almışdır. Romanda aşıq Tağının Şeyx Şamillə bağlı maraqlı xatirələri də qələmə alınmışdır. Diqqətə çatdıraq ki, bu xatirələr nə qədər xəyal ürünü olsa da, müəllifin o coğrafiyadan olması, ağsaqqallarla, yaşlı ziyalılarla tanışlığı, eşitdikləri bu böyük şəxsiyyətlər haqqında yazdıqlarını həqiqət donunda təqdim etməsinə mötəbər tutalqa rolu oynamışdır.

 Romanda Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq mübarizəsinin yerli xalqlar arasında nə qədər dəstəklənməsi, o azadlıq mücahidinin parlaq həyatının müxtəlif dönəmləri, müridləri böyük sevgi, vətənsevərliliklə təsvir edilir. “Dərbənd Dağıstanının müxtəlif dillərdə danışan kəndlərinin əhalisi azadlıq eşqi ilə Şeyx Şamilin ətrafında birləşərək, azğın düşmənə qarşı cəsarət və mərdliklə vuruşurdu. Rusları dəfələrlə məğlubiyyətə uğradıb, iyirmi minlik qoşun yarada bilmişdilər...” (s. 98). “Şamil çox savadlı adamdır, böyük kitabxanası var” (s.99).

Şamilin adı ilə bağlı T.Həsənli maraqlı bir detalı da romanında nağıl edir. Qədim türk inanclarında, (nağıl, dastanlarımızda tez-tez rast gəldiyimiz) bir ailənin yeni doğulan uşaqları ard-arda dünyasını dəyişəndə sonradan doğulan uşağın əsl adını gizlədib, ona və ya tez-tez xəstələnən uşağa ikinci ad verərmişlər ki, Əzrayıl, pis ruhlar onu tanıya bilməsin... “Şamilin əsl adı Əli olub, uşaqlıqda ağır xəstələndiyi üçün adını dəyişib Şamil qoyublar (s. 99).

“Haqdan yanan çıraq” romanında Abbasqulu ağa Bakıxanovun təşəbbüsü ilə yaradılmış “Gülüstan” şeir məclisləri, orada iştirak edən həmin coğrafiyanın ünlü, yeni başlayan şairlərinin fəaliyyətləri xatırlanır. Eyni zamanda A.Bakıxanovun “Əmir Əli əfəndi ilə birlikdə Kəbə ziyarətindən qayıdarkən fani dünyanı tərk etməsi” yada salınır (s. 137).

“Abbasqulu ağa ilə birgə bir məclis təşkil etmişik. Adını da qoymuşuq: “Gülüstan”. Məlum olur ki, məclisin adı elə A.Bakıxanovun “Gülüstani-İrəm” tarixi əsərinə uyğun seçilib. “Eşitmiş olarsan, Abbasqulu ağanın bu yerlərin tarixinə aid qiymətli kitabı var: “Gülüstani-İrəm”. Biz tez-tez yığışıb dini, elmi mövzuda söhbətlər edirik” (s. 81).

Bu məclislərdə aşıq Tağı, Abdulla Əfəndi, Əmir Əli, Məhəmməd Yaraqlı, Mirzə Əli Əfəndi və başqaları şeirlərini oxuyardılar, fikirlərini bölüşərdilər. Romandan öyrənirik ki, belə məclislərin birində Abdulla Əfəndi aşıq Tağıya bir bükülü hədiyyə edir: “Tağı, bu kitabı sənə hədiyyə gətirmişik. Abbasqulu ağanın “Gülüstani-İrəm” əsəridir. Üzünü mən köçürmüşəm, bizdən yadigar olsun”(s. 126).

Romanda dövrlə, dövrün tarixi, ədəbi şəxsiyyətləri, hadisələri ilə bağlı maraqlı, diqqətəlayiq məqamlar boldur. Oxucularda maraq yaradacaq bir detalı da təqdim etmək yerinə düşər. Dərbənddən Şamaxı ellərinə qədər məşhur olan Molla Nur haqqında romanda çox dəyərli məlumatlar yer alır. Müəllif onun dürüst, qoçaq, ədalətli, əliaçıq olduğunu sərgiləyən əhvalatlarla da oxucunu tanış edir. Onu, on qızıla satan Bağırı, tapançasına qızıl pul qoyub öldürməsi, Təngə dərəsində Molla Sadığı ifşa edərkən onun dondan-dona düşməsi, rus yazıçısı Bestujev-Marlinski ilə görüşməsini maraqlı dillə nağıl edir, qeyd edir ki, bu hekayələr indiyə qədər xalqın yaddaşında yaşamaqdadır (s. 117).

Maraqlıdır ki, yazıçı, Molla Nurla Tağını da əsərində qarşılaşdırır. Çar hökümətindən gizlənən Molla Nur sevimli xanımı Gülşadla dağlarda gizlin yaşayırlar: “Al bu xəncəri, məndən sənə yadigar olsun. Bunu mənə bir azadlıqsevər rus yazıçısı vermişdi... Qoy bu xəncər həmişə bizim görüşümüzü xatırtlatsın” (s. 120).

Məlum olur ki, vaxtilə Molla Nur Bestujev-Marlinski ilə görüşmüş, yazıçı, onun haqq mücadiləsini dəstəkləməyin nişanəsi kimi, ona gözəl bir xəncər bağışlayıbmış. Molla Nur da həmin xəncəri o dövrdə aşıqlığı ilə ətraf bölgələrə səs salan, hörmət qazanan aşıq Tağıya ərməğan edir. Həmin görüşdə aşıq Tağı Molla Nurun həyat yoldaşı Gülşad xanımı belə tərif edir:

“Başına döndüyüm, a Gülşən xanım,

Can içində cana vermərəm səni.

Yığsalar dünyanın varın, dövlətin,

Qoysalar bir yana, vermərəm səni.

– Aşıq, dediklərin düzdür, amma Gülşən yox, Gülşad xanım. Eybi yox, davam elə.

Dağlar maralısan, düzlərə ceyran,

Ordubad, Naxçıvan boyuna qurban.

Dəmirqapı Dərbənd, Şamaxı, Şirvan,

Küllü Dağıstana vermərəm səni. və s. və i. (s. 122, 123)

Aşıq Tağının yaradıcılığından gözəl örnək olan bu qoşma nümunəsi aşığın xalq yaradıcılığına, dastanlara bələdliyini, el ədəbiyyatından yaradıcı bəhrələndiyini sübut edir. Bu yerdə “Vermərəm səni” rədifli qoşma “Koroğlu” eposunda Qıratın tərifi səhnəsini yada salır.

Romanda önəmli tarixli şəxsiyyət olan Kürdəmirli Mövlanə İsmayıl Şirvani haqqında məlumat da dəyərlidir. Çar Rusiyasının sürgünə məcbur etdiyi böyük şəxsiyyət Türkiyəyə köçmək, sonra da Almaniyada yaşamaq zorunda qalır. Tahir Həsənli, “Mövlanə Şeyx İsmayıl Siracəddin Şirvanini, İslam tarixində fəlsəfi fikrin formalaşmasında mühüm rol oynamış, Nəqşibəndiyyə məktəbini təlim edən ilk Şeyx” kimi təqdim edir (səh. 134).

Aşıq Tağının Amasiyaya gəlib, bu böyük düşüncə adamı ilə görüşmə səhnələri romanın ən yaddaqalan hissələrindən biridir. Məlum olur ki, Qafqaz canişini Yermolov, Şeyxin özünü, sayı günbəgün artan müridlərini Rusiyanın ucqarlarına, digər ölkələrə sürgün etmişdir. Şeyxin dililə yazıçı oxucusuna belə bir fikir də təlqin edir ki, müridizm proqramı, əslində, Nəqşbəndiyyə təriqəti əsasında yaradılmışdır. (səh. 136).

Romandan bəlli olur ki, Xaltanlı Tağını – aşıq Tağını yetişdirən mühit, tarixi-siyasi hadisələr, ədəbi-tarixi simalar, səyahət etdiyi diyarlar əlbəttə ki, onun dünyagörüşünün, ədəbi zövqünün formalaşmasında əsas göstəricilərdəndir. Aşıq Tağı kimdir? Özü belə deyir ki, “mənim atam türk, anam tatdır” (s. 147). O, mollaxana təhsili ilə kifayətlənməyib, dövrünün, bölgənin ən ünlü mədrəsəsində dini təhsillə yanaşı, dünyəvi fənləri mükəmməl mənimsəyib. Molla Qasımı sevib, əsərləri ilə tanış olub, hətta aşıq şeirlərini onun təsiri ilə yazdığını söyləyənlər də var. Dövrünün elm adamı, nüfuzlu şəxs Abdulla əfəndi Tağıya deyir ki: “Tağı, səndə Molla Qasımın təsiri də görünür.” (s. 127)

Əsərdə yazıçı, Tağının dili ilə, Şirvan aşıq mühitini – onun nümayəndələrini tanıdığını, Şirvan aşıq ənənələrindən bəhrələndiyini yazır. “Mən və bizdən əvvəl fəaliyyət göstərmiş şirvanlı Dədə Kərəm, Dədə Yedgar, Mövlanə Şirvani, Sədi Şirvanlı, Ağahəsən Pirsaatlı, Sübhan xan Alpanlı və başqaları da Molla Qasım ənənələrini yaşatmışlar” (s. 129). Yəni dolayısıyla aşıq Tağı da Şirvan aşıq mühitindən, məktəbindən su içmiş, o ənənələr üzərində boy atmışdır:

Hanı mülkün, hanı malın,

Hanı etdiyin xəyalın?

İndi necə keçir halın,

Təki-tənha bu mənzildə?

Kimi alim, kimi hafiz,

Kimi xətib, kimi vaiz,

Kimi müxlis, qəlbi təmiz,

Pak müsəlman bu mənzildə (s.128).

 Yeri gəlmişkən, oxucuların diqqətinə çatdırım ki, dəyərli müəllim, ziyalı və araşdırmaçı Tahir Həsənlinin “Xaltanlı Tağı” adlı monoqrafiyası da var. Bu məlumatı professor Ramazan Qafarlı həmin kitaba yazdığı Ön sözdə vurğulayır.

Tahir Həsənli və professor R.Qafarlı da təsdiq edir ki, aşıq Tağı – (XVIII əsrin sonları – XIX əsrdə) Qubada doğulub (1776-1890), fəaliyyət göstərmiş, orada da vəfat etmişdir. “Şirvan aşıq məktəbinin qurucusudur.” Romandan yuxarıda sitat gətirdiyim mətndən də bəlli olduğu kimi, Şirvan diyarında – Dəmirqapı Dərbənddən Gəncə qapılarınadək böyük bir coğrafiyada uzun əsrlər aşıqlar mövcud olmuş, xalq içində tanınmış, sevilmişdir.

Ən azından Molla Qasımı xatırlamaq, onun təsiri ilə çoxsaylı Şirvan aşıqlarının yetişdiyini yada salmaq vacibdir. T.Həsənli də, Xaltanlı Tağının Molla Qasımın ənənəsindən yararlandığını, əsərlərinə təsirinin böyük olmasını iftixarla söyləyir. Deməyim onda ki, Xaltanlı Tağıya qədər artıq Şirvan aşıq məktəbi – mühiti (bilirəm fərqli məvhumlardır – X.B.) mövcud idi. Olanı yenidən inşa etmək necə ola bilər? Əlbəttə, əsrlərlə mövcud olmuş və var olan Şirvan aşıq məktəbinin görkəmli, istedadlı nümayəndələrindən biri də elə aşıq Xaltanlı Tağıdır. Aşıq şeirinin əllidən artıq növündə istedadını sınayan aşıq Tağı bu məktəbin gəlişməsində, yaşamasında, mövzu baxımından yenilənməsində dəyərli əmək sərf etmişdir. Aşıq Tağının qoşmalarının daha çox yaşadığı Quba və ətraf bölgələrdə yayğın olduğunu, sevildiyini vaxtilə folklorşünas alim professor Azad Nəbiyev, ayrıca aşıq Xaltanlının həyatı, yaradıcılığına elmi iş həsr etmiş folklorşünas Ağalar Mirzə də qeyd etmişdir.

Doğma dili – Azərbaycan dili kimi, tat, ləzgi dillərini də mükəmməl bilən aşıq Tağı əsərlərini Azərbaycan türkcəsində qələmə almışdır. Bir çox şeirlərində ləzgi, tat sözlərindən də istifadə etmişdir. Romandan aydın olur ki: “Babası türkcə, nənəsi ləzgicə, anası tatca şeirlər öyrətməyə çalışırdılar... Tağı çətinlik çəkmədən öyrənirdi” (səh. 36).

Yeri gəlmişkən, romanda, Dərbənddən Şamaxıya qədər əhalinin ortaq danışıq dilinin Azərbaycan dili olduğunu yazıçı qeyd edir: “Dağlıların müxtəlif dillərdə danışmalarına baxmayaraq, hamı bir-biri ilə türkcə ünsiyyət qururdu” (səh. 99). Şamil (Şeyx Şamil – X.B.), Həmzət, Abdulla və b. ünlülərin təhsil aldığı mədrəsədə şeir məclisləri keçirirdilər. Tağı da aşıqsayağı şeirlərini söyləyərdi. Mədrəsədə ümumi anlaşma dili kimi türkcədən istifadə olunurdu. Şeirlər daha çox türk dilində söylənilirdi (səh. 53).

T.Həsənlinin romanı XIX əsr Azərbaycanın, əsasən, şimal coğrafiyasının tarixi, etnoqrafiyası, mədəniyyəti, əhalisi haqqında müəllifin əldə etdiyi məlumatların, oxuduqlarının daha çox bədii təxəyyülüdür. T.Həsənli romanında Aşıq Xaltanlı Tağının səyahət coğrafiyası xəttilə Amasiya, Həştərxan, Dərbənd, Ərdəbil, Gəncə, Şamaxı şəhərlərinin tarixi, mədəniyyətinin dövrü üçün durumunu nağıl edir. Ərdəbili belə canlandırır: “Ərdəbilin bazar meydanının qarşısında yerləşən Şeyx Səfi türbəsi uzaqdan öz gözəlliyi, əzəməti ilə diqqəti cəlb edirdi... türbənin fasadının nəfis kaşı işləmələrlə bəzədilməsi, bəzəkli baş tağları və daşlarla döşənmiş hovuz, səkkizbucaqlı məscid, onun yanındakı Şeyx Səfi türbəsini görəndə Tağını anlaşılmaz bir hiss bürüyürdü. ... Məscidə bitişik “Çinixana”dakı zəngin kitabxana, dövründə çox məşhur idi. Üç əsr əvvəl toxunmuş və böyüklüyü, gözəlliyi ilə bərq vuran “Şeyx Səfi” xalçası Tağını heyrətləndirdi” və s. və i. (səh. 142; 149).

Aydındır ki, müəllif roman qəhrəmanı aşıq Tağının dili, gözü ilə Ərdəbilin tarixi, dəyərli memarlıq incisi olan Şeyx Şəfi məqbərəsini, xalçasını bir daha, bir daha oxucusunun yadına salır.

Romanda Həştərxan şəhərinin tarixi ilə bağlı məlumatlar da maraq doğurur: “Üç yüz il əvvəl (aşıq Tağı 1800-cü illərdə Həştərxanda olub, yerlilərdən bu məlumatları toplaya bilib) ruslar tərəfindən işğal olunmuş bu vilayət uzun müddət Həştərxan xanlığı olmuşdur. İşğaldan sonra da hakimiyyət tatarlarda olmuşdur... Hələ 500 il əvvəl indiki şəhərin yaxınlığında tatar kəndi Hacı Tərxan olmuş, ticarətin genişlənməsi kəndi böyük şəhərə çevirmişdir. Hacı Tərxan da gəlmələrin dilində Həştərxan kimi səslənmişdir” (səh. 87).

Aşıq Tağı istər aşıqlığı, istər digər işləri ilə bağlı dəvət edildiyi, yolu düşdüyü şəhərlərdə olarkən, o yörələrin tarixi və mədəniyyəti ilə maraqlanmış, öyrənmiş, yeri gələndə şeirlərində vəsf və təsvir etmişdir:

“Şirvanın şöhrəti, şirin dili var,

Şəkinin mancanaq mədaxili var.

Salyanın aləmə bəlli kürü var,

Suda cələ qurur, ilişir heyvan...

Hər yerdə sayılır Gəncənin daşı,

Qarabağın çayı, çörəyi, aşı,

Zübtədün əyan, gələndə mehman”. (s. 133)

Və ya Qubanı belə vəsf edir:

Xaliq xəlq edəndə cümlə-cahanı,

Xoş yaradıb bu torpağı, nə gözəl!

Dəlisov çayları, şərbət suları,

Çəməni, çölləri, dağı nə gözəl! (s. 171).

Romanı oxuyarkən oxucunun sürəkli qarşılaşdığı məqamlardan biri də obrazların dilində bolluca yer alan atalar sözləri və məsəllərdir. Bir cəhəti xatırladım ki, yazıçının obrazları istər türk, ləzgi, tat, tatar olsun, Azərbaycan folkloruna xas atalar sözləri və məsəllərlə danışırlar, bu elementlər romanın dilini bəzəyir, hadisələrin düzgün qavranılmasına yardımçı olur:

“Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya zurnaçıya”, “Könül sevən göyçək olar”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Axmaq küçük qaysamadan pay umar”, “Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar, gedər”, “Özgə danası saxlayanın çatısı əlində qalar”, “Sən saydığını say, gör fələk nə sayır”, “Yetimə bir verərsən, bir də dilər, yatmağa yer də dilər”, “Qız yükü, duz yükü”, “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir, deyiblər”, “Mollanınkı vayla, aşığınkı toyla, deyiblər”, “Gəlin ocağa, dana bıçağa”, “Səhərin qızartısı axşama vaydır, axşamın qızartısı sabaha toydur, deyiblər”, “Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol”, “Min dərd varsa, min bir dərman da var”, “Ərlə arvadın torpağı bir yerdən götürülür”, “Su çanağı suda sınar”, “Taylı tayın tapmasa, günü ah-vayla keçər”, “qonağı olmayan evin bərəkəti olmaz”, “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”, “Yüz fikir bir borcu ödəməz” və s. və i. kimi onlarla xalq deyim və hikmətli sözləri roman boyu mətni maraqlı, oxunaqlı edir.

Romanda eyni zamanda el adət-ənənələri – toy, qız bəyənmə, elçilik, nişan, xına, gəlin aparma, üzəçıxma və s. və i. rəngli, maraqlı səhnələrlə təsvir edilmişdir. Bu mərasimlərin diqqətçəkən mühüm xüsusiyyəti, o bölgələrdə yaşayan dil ayrılığı olmasına rəğmən xalq adətlərinin, xeyir-şər məclislərinin eyni format və məzmunda olmasıdır: “Şirinçaylar süfrəyə gətirildi... tərkibi, rəngi müxtəlif olsa da, qarışandan sonra ayrılması mümkün olmayan bir hala gətirib içərək bu qohumluğu bir daha şirinliklə qəbul etdiyini bildirdi” (s. 68).

Gəlinin bəy evinə gətirilməsindən sonra “Üzəçıxdı”, il tamamında gəlinin ata-anasının “Ayaqaçdı” süfrəsi ilə qonaqlanması kimi rəmzi, amma mənalı əxlaq yükü daşıyan ailə sisteminin təsiri və təbliği razılıq doğurur. Gəlinin ata-anasının da bu evə bir il tamamında gəlişi, yeni gəlinin yeni gəldiyi evə uyuşması, uyğunlaşması üçündür (s. 69).

Ailədə yenidoğulan uşaqla bağlı qurban kəsilib, qohum-qonşuya paylanması, uşağın yeddisi çıxan günü, evin ağsaqqalının – babanın ad qoyması kimi el adətləri sadə, amma ehtiramla nağıl edilir. XIX-XX əsrin əvvəllərinə qədər toylarımızın bəzəyi olan bəy süfrəsinin açılması, pəhləvanların güləşməsi, igidlərin at yarışına çıxmaları ötən-keçən milli toylarımızın əks-sədaları kimi canlandırılır.

Toyların dəm-dəsgahla keçirilməsi romanda geniş təfərrüatla təsvir edilməkdədir: “Yeyib-içib doyan adamlar gecə, aşıqdan dastan dinləməyə yığışmışdılar. Həyətin bir tərəfində... palaz, xalça atıb qadınlar, kiçik uşaqlar əyləşmişdilər. Aşıq Xaltanlı Tağı sazı qoltuğunda məclisə girdi... üzünü ağsaqqallara tutub salamlaşdı” (s. 104).

Müəllif Tahir Həsənli qeyd etdiyim kimi, milli toy adət-ənənələrimizin ən kiçik detallarını, ritual-mərasimlərini böyük həvəs, səbirlə oxucusunun diqqətinə çatdırmağa, yada salmağa, köklərimizi unutmamağa səsləyir, bir növ dünənlə bu günə körpü olmaq missiyasında çıxış edir.

Romanda aşıqların toylarda dastan söyləməsi, toyda sazəndələrə nisbətdə aşıqlara xüsusi önəm verilməsi diqqətdən yayınmır. Aşıqların yarışması, sınağa çəkilməsi, bir gəncin aşıqlığa addımında kamil aşıqlardan xeyir-dua alması da yada salınır. Maraqlı detal kimi T.Həsənli, Tağı Xaltanlının 70 yaşlarında ikən oğlu Sədinin adına “Sədi və Güllü” dastanını bağladığını diqqətə çatdırır (s. 176). Romanda Xaltanlı Tağının oğlu Sədiyə kömək məqsədilə Şeyx Şamilə məktub formasında yazdığı şeir də, fikrimcə, dəyərli örnəklərdəndir:

Sahibi-dövlətsən, əhli-səxavət,

Qurbanı olduğum, Şamil əfəndi.

Sərdarı-vilayət, əhli-qazavat,

Nəcabətli sultan, Şamil əfəndi.

Dilin zikirdədir, töhfi-taətdə,

Həmi mərifətdə, həm nəcabətdə,

Şəri-şəriətdə, ürfü-adətdə

Olmaz sənin kimi kamil, əfəndi (səh. 109).

Beləliklə, romandan alınan əhəmiyyətli sonuc odur ki, bir ailənin timsalında – baba – Mövlamqulu, oğul İsmayıl, nəvə – Tağı (aşıq Tağı Xaltanlı); nəticə – Sədi; kötücə – kiçik Tağı – yazıçı, XVIII-XIX əsr Azərbaycanın Şirvan mahalının əsasən şimal bölgələrindəki kəndlərin, əhalinin yaşamını, o dövrün siyasi, ictimai, mədəni hadisələri fonunda ustalıqla qələmə almışdır. Çar Rusiyasının yerlərdəki işıqlı, savadlı, nüfuzlu ailələri, adamları min bir bəhanə ilə məhv etməsi, sürgünlərə göndərməsi və el içində irticaya qarşı yaradılan xalq etirazlarının, üsyanların, baş verməsini diqqətə çatdırır. O dövrün nəinki Dağıstan ərazisində, ümumən çar imperiyasının sınırları daxilində bu üsul-idarəyə qarşı uzun illər mübarizə aparan, geniş etirazçıları, üsyançıları əhatə edən möhtəşəm Şamil hərəkatı, onun qəhrəman müridlərinin xatirəsinin, igidliklərinin anılması da romanın dəyərli məziyyətlərindəndir. Bu coğrafiyada iç-içə yaşayan, müxtəlif dillərdə danışıb bir dinə tapınan millətlərin xeyir-şərdə, mübarizələrdə yumruq kimi birləşmələri, qız alıb, qız vermələri, qaynayıb-qarışmaları, özəlliklə canlı hadisələr, obrazlar timsalında qələmə alınmışdır.

Dəyərli müəllim, gözəl ziyalı, yazar Tahir Həsənlinin Şirvanlı – Xaltanlı Aşıq Tağıya həsr etdiyi “Haqdan yanan çıraq” romanı yuxarıda sadaladığım dəyərli məziyyətlər və “Bir əlimdə sazdır, birində qələm”, deyən Xaltanlı Tağını tanıtmaq, yaşatmaq baxımından dəyərli bədii əsərdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

USTAD  AŞIQ  SƏDAQƏT  RƏSULOVU  DA  İTİRDİK
Featured

USTAD AŞIQ SƏDAQƏT RƏSULOVU DA İTİRDİK

12.12.2025
Ustad aşıq Sədaqət Rəsulov ömrünün 78-ci ilində vəfat etmişdir. Gədəbəy rayonunun Gərgər kəndində doğulan aşıq Sədaqət 14 yaşından aşıq sənətini öyrənməyə başlamış, 20 yaşında İsfəndiyar Rüstəmovun yanında şagird olmuş, sənətin sirlərini ondan öyrənmişdir. Aşıq İsfəndiyarla birlikdə on il məclislər keçirmişdir. Mahir saz-söz ifaçısı kimi tanınmışdır.
Gədəbəy aşıqlar ansamblının ən fəal üzvlərindən biri olmuşdur. (1975-1992). Ayrı-ayrı rayonlarda və respublika səviyyəli tədbirlərdə iştirak etmişdir. Birinci dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyində (1972) yüksək səviyyəli ifaçılığa görə ali mükafat almışdır. Yüksək ifaçılığa malik sənətkar kimi IV və V Aşıqlar qurultaylarının nümayəndəsi olmuşdur.
Allah rəhmət eləsin!
 
   Azərbaycan Aşıqlar Birliyi
USTAD AŞIQ MAHMUD MƏMMƏDOVA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI OLUB
Featured

USTAD AŞIQ MAHMUD MƏMMƏDOVA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI OLUB

23.10.2025

2025-ci il oktyabrın 23-də Azərbaycan Aşıqlar Birliyində ustad aşıq, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Mahmud Məmmədovun (1935-2020) xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Mahmud Məmmədovun ömür yolundan, bir sənətkar kimi özünəməxsusluğundan, aşıq sənətinə verdiyi töhfələrdən söz açıb.

Qeyd olundu ki, bu ustad sənətkara, onun yaradıcılığına hörmət və məhəbbətdən yaranan kitabı Həqiqət Xəlilxanlı ərsəyə gətirib.  Kitabda Aşıq Mahmud haqqında elm və sənət adamlarının xatirə yazıları, vaxtilə mətbuata verdiyi müsahibələr,  ona ithaf olunmuş şeirlər və özünün poetik yaradıcılığından müxtəlif nümunələr yer alıb.

Həqiqət Xəlilxanlı kitabın hazırlanması prosesindən, Aşıq Mahmudla bağlı xatirələrindən danışıb.

Tədbirdə iştirak edənlərdən “Tovuz” Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Musayev, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyt işçisi Musa Nəbioğlu, AAB-nin  sədr müavini Altay Məmmədli, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı, Ramilə Əliyeva, ustad aşıqlardan Cahangir Quliyev və Azər Fərmayıloğlu və digərləri çıxış edərək ustad aşıq Mahmud Məmmədovla bağlı xatirələrini söylədilər. Aşıqlar ona ithaf etdikləri şeirləri ifa ediblər.

Sonda ustadın oğlu Nəriman Mahmudoğlu kitabın hazırlanmasında zəhməti olanlara və təqdimat tədbirinin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

USTAD AŞIQ HÜSEYN ƏZİZOĞLU VƏFAT EDİB
Featured

USTAD AŞIQ HÜSEYN ƏZİZOĞLU VƏFAT EDİB

29.01.2026

Azərbaycan aşıq sənətinin çağdaş ustad sənətkarlarından olan Hüseyn Əzizoğlu vəfat edib.

Hüseyn Əziz oğlu Hüseynov 1947-ci ildə Ağstafa rayonunun Göyçəli kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən aşıq sənətinə böyük maraq göstərib, rayonda keçirilən tədbirlərdə çıxış edərək fəxri diplom və qiymətli hədiyyələrlə təltif olunub. Sənətin sirlərinə dərindən bələd olmaq üçün 1965-1968-ci illərdə ustad aşıq Aslan Aslanovun yanında şəyird olub. Ağstafada fəaliyyət göstərən Aşıq Alı adına “Dastan” ansamblında çıxış edib. Klassik aşıq sənətinin mükəmməl bilicilərindən biri kimi tanınıb.

Ustadların yaradıcılığını, klassik saz havalarını və dastanlarımızı mükəmməl bilən Hüseyn Əzizoğlu 1983-cü ildən Ağstafa mədəniyyət evində saz müəllimi və metodist kimi də fəaliyyət göstərib, 10 şəyird yetirib. 2017-ci ildə Mədəniyyət nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb.

Hüseyn Əzizoğlu eyni zamanda sazbəndliklə də məşğul olub, bu sənətin sirlərini usta Məhəmmədəli, Usta Xudu və Kamildən öyrənib.

Ustad sənətkar Hüseyn Əzizoğlunun əziz xatirəsi sənət dostlarının, onu tanıyanların və doğmalarının yaddaşında əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

 

 

USTAD SƏNƏTKAR AŞIQ YAŞAR MƏHƏRRƏMOV HAQQA QOVUŞDU
Featured

USTAD SƏNƏTKAR AŞIQ YAŞAR MƏHƏRRƏMOV HAQQA QOVUŞDU

12.12.2025

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir. Ustad sənətkar, Aşıqlar Birliyi idarə heyətinin üzvü aşıq Yaşar Məhərrəmov 47 yaşında ağır xəstəlikdən sonra qəfil vəfat etmişdir. O, Azərbaycan aşıqlığının zəngin repertuarına malik nadir və nəhəng simalarından biri idi. 200-dən artıq saz havasını sinəsində yaşadan aşıq Yaşarın repetuarı olduqca zəngin və təkrarsız idi. O həm gözəl ifaçı, həm də saz bəstəcisi idi. Beş saz havası yaratmışdı. Zəngin musiqi və söz repertuarı ilə Aşıqlar Birliyinin insan xəzinəsi statuslu sənətkarı idi. Onun repertuarı Aşıqlar Birliyi, Azərbaycan TV və Radionun qızıl fondunda qorunmaqdadır.

Əslən Kəlbəcərdən olan aşıq Yaşar son illərdə azad olunmuş Dəlidağa, İstisuya və digər səfalı yaylaqlara tez-tez səfərlər edir və bu gözəl diyarla nəfəs alırdı, həmin mövzu ilə bağlı şeirlər, mahnılar yaradırdı. Kəlbəcərə köçüb orada yaşamaq-yaratmaq arzusundaydı. Amansız xəstəlik imkan vermədi...

Onun itkisi Aşıqlar Birliyini dərindən sarsıtmışdır. Bir neçə ay öncə “Ustad sənətkar” fəxri nişanına layiq görülmüş aşıq Yaşar daha böyük adlara layiq idi. Gözəl insan, istedadlı aşıq, şair və bəstəçinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Saz-söz dünyası onu daim yaşadacaqdır.

Ruhu şad olsun.

Azərbaycan Aşıqlar Birliyi

 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub
Featured

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub

01.10.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində hazırlanmış “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, folklorşünas alimlərinin, universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbiri açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova kitabla bağlı geniş məlumat verib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən tutmu günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb. Qeyd olunub ki, ustad aşıqların kitaba daxil edilmiş şeirləri bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası mənzərəsi, bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması, tarixi yer-yurd adları ilə zəngin olması, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri, erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü və s.

M.Hüseynova vurğulayıb ki, kitab Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılarla yanaşı, ali təhsil ocaqlarının müvafiq fakültələrinin tələbələri üçün də qiymətli vəsaitdir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabı bu istiqamətdə növbəti uğurlu addım kimi dəyərləndirib.

[bt_youtube url="https://www.youtube.com/watch?v=xApN8PYByks" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

Akademik Muxtar İmanov “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin və onun sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aşıq sənəti ilə bağlı indiyədək gördüyü işləri yüksək qiymətləndirib, kitabın əhəmiyyətini qeyd edib, təşkilatın gələcək fəaliyyəti üçün tövsiyələrini verib.

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli, ADMİU-nun Aşıq sənəti kafedrasınnı dosenti, ustad aşıq Altay Məmmədli və digər çıxış edənlər kitabı İctimai Birliyinin növbəti uğurlu layihəsi kimi dəyərləndiriblər.

Sonda Musa Nəbioğlu çıxış edərək layihənin həyata keçirilməsində maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, kitabın hazırlanmasında əməyi keçənlərə və təqdimat tədbirinin təşkilinə görə ADPU-nun rəhbərliyinə, xüsusilə də bu işdə böyük əməyi olan Mahirə Hüseynovaya təşəkkür edib.

Tədbir ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çxışları ilə yekunlaşıb.

011025-1.jpg

011025-2.jpg

011025-4.jpg

011025-5.jpg

011025-3.jpg

https://azertag.az/xeber/asiqlar_qerbi_azerbaycani_terennum_edir_kitabinin_teqdimati_olub-3778415

1 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ