PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Ustad aşıq Bəylər Qədirovun 100 illik yubileyi keçirildi

Aşıq Bəylər QədirovAzərbaycan aşıq sənətinin elə bir simasıdır ki, onu hər zaman xatırlamaq, yadigar səs yazılarını dinləmək insana müsbət təsir edir. Bəzən sənətkarları yubiley və xatirə günlərində yada salırıq. Əslində, belə olmamalıdır. Əsl sənətkar hər zaman xatırlanmalı, hər zaman anılmalıdır. XX əsr Azərbaycan aşıq sənətinin, Şirvan-Muğan aşıq mühitinin görkəmli nümayəndələrindən biri olan ustad aşıq mərhum Bəylər Qədirov sazsevərlərin yaddaşında həmşə yaşayır. Ustad aşığın xatirəsi dövlət tərəfindən əziz tutulur, ruhu sayğı ilə anılır.


Bəylər deyər, öz elimdən
Qüvvət alım gəncləşim mən.
Nə sən düş mənim əlimdən
Nə qocalım telli sazım.

Ustad aşıq Bəylər Qədirovun 100 illik yubileyi  keçirildiÖmrünün sonuna, yəni 1991-ci ilə qədər sazını yerə qoymayan ustad bu gün həqiqətən də əbədiyaşarlıq qazanıb. Onu illərlə sinəsində gəzdirdiyi, başını çanağına söykədiyi, ürəyinindəkiləri simlərinə pıçıldadığı ana saz yaşadır.

Noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında ustad aşıq Bəylər Qədirovun anadan olmasının 100 illiyinə həsr edilən yubiley tədbiri keçirildi.

Ustadının ruhu dolaşdığı məkana onun sənətinin vurğunları toplaşmışdı. Onlar əvvəlcə ustadın lent yazılarına qulaq asdılar. Bəlkə çoxlarına elə gəldi ki, heç ustadın 100 illik yubileyi və xatirə gecəsi deyil, bura onun solo konsertinə gəliblər. Səhnədən aşıq Bəylər Qədirovun əzəmətli portreti tamaşaçılara boylanır, ecazkar səsi isə qulaqlara axıb dolurdu. Bəylər Qədirov oxuyur, zaldakılar isə susub dinləyirdi. Ustadın səsindən qopan hər bir söz, barmağından süzülən hər bir ifa insanları keçmişlərə aparırdı. Möhtəşəm aşığın yubiley tədbirində onu tanıyanlar, eləcə də övladları, nəvə və nəticələri, yaxınları, doğmaları da iştirak edirdi. Ustadın səsi gəldikcə, insanların üzündə sevinc vardı, bəziləri xəyala dalır, bəziləri ürəyində böyük sənətkarla söhbət edirdi. O, isə öz ruhlar aləmindən, öz uca, əbədi məqamından tamaşaçılarına, ruhunu alqışlamağa gələnlərə boylanırdı.
Aşıq Bəylər Qədirovun anadan olmasının 100 illiyinə həsr edilən gecəni Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı açaraq ustad sənətkarın XX əsr aşıq sənətinin inkişafında oynadığı rolun əhəmiyyətini qeyd etdi. O, bildirdi ki, aşıq Bəylər mükəmməl aşıq olub və Şirvan aşıq mühitinin bütün göstəricilərini özündə ehtiva edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarının iştirakçısı olan aşıq Bəylər Qədirovun Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyündə aşıq sənətini layiqincə təmsil edib. Şamaxının Cəyirli kəndindən olan ustad aşıq Abbasın yanında şəyird olan aşıq Bəylər aşıq sənətinin sirrlərini ustadından mükəmməl öyrənib. Öz sənəti ilə xalqın əbədi məhəbbətini qazanan mərhum ustadın “Şikəstə” havalarının mahir ifaçısı olduğunu deyən AAB sədri M.Qasımlı aşıq Bəylərin xatirəsinin əbədi yaşayacağını vurğuladı. “Bəylər Qədirov bir ustad aşıq kimi bülbül avazlı sənətkar idi. O, Şirvan aşıq mühitinin bütün xüsusiyyətlərini özündə daşıyırdı. Ustad sənətkar şikəstə havaların mahir ifaçısı idi, bənzərsiz səsi, avazı vardı”-deyə bildirən M.Qasımlı qeyd etdi aşıq Bəylər ömrünün sonuna qədər sazı sinəsindən yerə qoymayıb.

Ustad aşıq Bəylər Qədirovun 100 illik yubileyi  keçirildiAAB sədrinin çıxışından sonra söz saza verildi. Gecənin musiqili hissəsini Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu “Orta şəşəngi” havası ilə açdı. Onların ardınca səhnəyə Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü, tanınmış aşıq Ulduz Sönməz və şəyirdləri Qönçə Qubadlı və Gülbəniz xanım dəvət edildi. Onlar “Ordubadi” havası üstündə Ulduz Sönməzin ustadın xatirəsinə həsr etdiyi şeiri oxudular.
Ustad aşıq Abbas Musaxanoğlu ifasına keçməmişdən əvvəl aşıq Bəylər Qədirovla bağlı xatirələrini danışdı. Ustadı uşaqlıqdan tanıdığını, canlı şəkildə ifalarına qulaq asdığını deyən A.Musaxanoğlu bildirdi, aşıq Bəylərin sənəti kimi insanlığı da gözəl idi. Sonra o, ustadın da repertuarında özünə mühüm yer tutan “Döymə Kərəmi” havasını ifa etdi.

Xalq artisti Ağacəbrayıl Abdullayev ustadı şəxsən tanıdığını, onunla ünsiyyətdə olduğunu fəxrlə dilə gətirdi.
Gənc aşıq Əli Tapdıqoğlu səhnəyə çıxaraq “Zarıncı şikəstə” havasını təqdim etdi. Əməkdar Mədəniyyət İşçisi aşıq Əhliman Şirvanlı isə “Orta müxəmməs” havasını ifa etdi. Əməkdar Mədəniyyəti İşçisi Ağamurad Şirvanlı isə “Qobustanı” havası ilə ustadın ruhunu alqışladı. Gözəl Kəlbəcərli “Azaflı dubeytisi” , aşıq Vüqar Mahmudoğlu və aşıq Rza Məmmədov “Gözəlləmə”, Roman Azaflı və Könül Bayramova “Kərəm gözəlləməsi”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva, Kəmalə Qubadlı, Şaiq İncəli və Avdı Musayev “Təbrizi”, Məharət Habiloğlu, Rza İslamoğlu və Xavər Zəngilanlı “Şirvan gözəlləməsi”, Qələndər Zeynalov, Dəmir Vəliyev və Nazim Quliyev “Hüseyni” havalarını təqdim etdilər.
Gecənin sonuna yaxın aşıq Bəylər Qədirovun övladları Adilə xanım və İxtiyar bəy səhnəyə çıxaraq atalarının 100 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyinə görə Azərbaycan dövlətinə və Aşıqlar Birliyinə təşəkkür etdilər.
Ustad aşıq Bəylər Qədirovun 100 illik yubileyinə həsr edilən gecə Şirvan aşqılarının ifasında “Müxəmməs” havası ilə başa çatdı.
İradə SARIYEVA