PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ƏFSANƏVİ KEÇMİŞİMİZİ QÜRURLA GƏLƏCƏYƏ DAŞIYAN HEYRƏTAMİZ OĞUZNAMƏÇİ ŞAİR – AZƏR BUZOVNALI

Azər Buzovnalının adını çox erkəndən eşitmişəm. Yadıma gəlir ki, 9-cu sinifdə Əliağa Vahidin kitabını mütaliə edəndə orada qarşıma bir misra çıxmışdı. Vahid özünə xitab edərək, deyirdi ki, filan müşkülü ustadımız Azər yenə varmı, ondan soruşaq? O zaman ustad Azərin kim olduğunu bilmək məqsədi ilə ədəbiyyat müəllimimə müraciət etdim.

Unudulmaz ədəbiyyat müəllimim Məmməd Mehralı oğlu mənə bu şəxsin Azər Buzovnalı olduğunu söylədi. O, bildirdi ki, Azər Buzovnalı ustad bir şair-qəzəlxan olubdur və Vahid də yəqin ki, ustadlığına, dərin ədəbi-tarixi biliyinə görə öz beytində Azər Buzovnalını böyük ehtiram və nisgillə xatırlamışdır. Mən daha sonra iyirmi yaşlarımda Universitetdə təhsil aldığım zaman Azər Buzovnalı və onun yaradıcılığı ilə maraqlandım, lakin çox az məlumat əldə edə bildim. Universitet illərində, yəni 70-ci illərdə təəssüf ki, onu yalnız bir qəzəl şairi kimi tanıya bilmişdik. Xeyli sonra sonra Elmlər Akademiyasında işlədiyim zamanlarda onun yaxın qohumu olan Rəhimağa müəllim ilə tanış oldum və o, bu sənətkar haqqında ətraflı danışdı və mənim Azər Buzovnalı yaradıcılığına, şəxsiyyətinə xüsusi maraq göstərdiyimi görüb, onun çap olunmayan xeyli əsərinin olduğunu söylədi. Rəhimağa İmaməliyev ensiklopediya idarəsində işləyirdi, əlinə imkan düşən kimi Azər Buzovnalının seçilmiş əsərlərini çevrələyən bir toplunu nəşr etməyə çalışacağını, mənə də həmin kitabdan bir nüsxə təqdim edəcəyini bildirdi. Bir müddət sonra (deyəsən 90-cı illərin əvvəllərində) mən həmin kitabı gördüm və orada əldə etdiyim bilgilərdən bir çox məsələləri öyrənə bildim. Azər Buzovnalı haqqında olan bu ilkin materiallar onu mənim gözümdə əfsanələşmiş bir şairə çevirdi. Sonrakı dönəmlərdə ən çox diqqətimi çəkən təkcə Vahidin onun haqqında söylədiyi sözlər yox, həm də bu böyük söz və fikir ustadının yaratdığı “Oğuznamələr” oldu. Bu məsnəvi təkçə böyük bir şairdən deyil, böyük bir fikir, əqidə, məslək mücahidinin yenilməz mücadiləsindən soraq gətirir.

“Oğuznamə” ənənəsi tarixən türk-oğuz dastançılığının, tarixi, salnaməçiliyin ana axarı, mərkəzi damarıdır. “Dədə Qorqud” boyları Oğuznamə ənənəsinin bir qoludur. “Oğuz Kağan” və bu sıradan olan xeyli sayda başqa oğuznamə qaynaqları da vardır.

Məlum olduğu kimi orta çağlarda Rəşidəddin, Əbülqazı Bahadırxan və başqa bilim adamları da bu yöndə çox dəyərli bilgilər daşıyıb bizə ötürmüşlər. Uzun qərinələrdən bəri bir çox sənətkarlar bu mövzuya müraciət etmişlər və onların sayəsində Oğuznamələr, Oğuz xaqanla bağlı bir çox dastan-rəvayətlər, kitablar ərsəyə gəlibdir. Azər Buzovnalının yüksək ustalıqla qələmə aldığı bu məsnəvidə həmin tarixi qaynaqların izi görünür. Əsərin ayrı-ayrı məqamlarında bəzi beytlərin mütaliəsi zamanı sanki Dədə Qorqudun dili və üslubu ilə qarşılaşırıq:

Xaqan üçün verərdilər canların,

Tökərdilər düşmənlərin qanların...

Əvvəlinci oğlu idi Qara xan,

Dəvasına cürət etməzdi arslan.

Orxan idi ikincinin də adı,

Mum edərdi dəva günü poladı.

Üçüncüsü, Gur xan – arslan gövdəli,

Sevərdi can kibi onu Türk eli.

Dördüncüsü, Göz xan – igitlər xanı,

Sanardı toy-düyün qanlı ğavğanı.

Dav gələrdi dördü dörd bin əsgərə,

Etsəydilər hücum əgər bir kərə.

Qılıncları qızıl qanlar aqdırar,

Qavqalarda ildırımlar çaqdırar...

Əlbəttə, bu mənbə və qaynaqların hər birini tarixi istinad mənbəyi kimi qiymətləndiririk. Ustadın onlardan bəhrələnə bilməsi mümkün ola bilən bir tarixi gerçəklikdir. Bununla belə, Azər Buzovnalının təqdimatındakı “Oğuznamə” əsəri öz tarixi missiyasına görə mənim diqqətimi heyrətləndirici səviyyədə özünə çəkə bildi. Çünki Azər Buzovnalı bu əsəri iyirminci yüzilliyin 20-ci illərində – Sovet hakimiyyətinin qurulduğu və siyasi-ideoloji baxımdan tüğyan etdiyi bir zamanda yazmışdır. Hər yanda leninizm, sosializm, bolşevizm ideoloji-siyasi təbliğatının getdiyi bir zamanda Azər Buzovnalı kökümüzə, tariximizə boylanır və “Oğuznamə” qələmə alır. Qeyd etməliyik ki, həmin dövrlərdə siyasi-ideoloji basqıdan, təqib və təzyiqlərdən qorxaraq böyük şairlərimizin heç birisi bu mövzuya toxunmayıb. Türklük, türkçülük, oğuz və oğuznamələr ən böyük təhlükə sayılaraq yasaqlandığı bir illərdə ən böyük şairlərin yaradıcılığını diqqətlə izləsək görərik ki, onlar Oğuz, Oğuznamələr, Oğuz xaqan kimi milli və tarixi mövzulardan ildırım sürətilə qaçıb uzaqlaşıblar. Qələm əhlinin böyük əksəriyyəti bu qəbildən olan mövzuları görməməzliyə qoyublar. Mən düşünürəm ki, ustad Azər Buzovnalı dərin elmi biliyi olan, dərin tarixi düşüncəsi olan bir ziyalı mücahid kimi Buzovna bağlarında öz ədəbi-tarixi missiyasını yerinə yetirmək qərarında olubdur. 1925-ci ildə çox çətin şəraitdə, hətta aclıq və səfalət içərisində o, öz kökünə, tarixi kimliyinə boylanaraq gələcəyin əsərini – Azər Buzovnalı “Oğuznamə”sini qələmə alır. Bu zaman içərisində hərdən də belə düşünürəm ki, onun Əmin Abidlə də müəyyən əlaqələri olubdur. Çünki Oğuznamə məsələsini həmin illərdə Azər Buzovnalı səviyyəsində dərindən ortaya qoyan bir mütəxəssis də Əmin Abid idi. Əmin Abid Türkiyədə oxumuşdu, İstanbulda yaxşı təhsil görmüşdü və oradan, xüsusən də nəhəng alim Fuad Köprülüdən əldə etdiyi bilikləri gəlib Bakıda Oğuznamələrin, o cümlədən Dədə Qorqud Oğuznamələrinin tədqiqatında ortaya qoymuşdu. Bu iki şəxsin köklü bakılı olması və əqidə baxımdan türkçülüyə-oğuz düşüncəsinə bağlılığı səbəbindən yəqin ki, bir-birilərinə müəyyən bilgilər ötürmüş və mənbələr təqdim etmişlər. Hadisələrin eyni dövrdə baş verməsi Əmin Abidin də 20-ci illərin ortalarında müxtəlif mətbuat orqanlarında Oğuznamələrə, Dədə Qorquda müraciəti və Azər Buzovnalının da bu poemanı, məsnəvini həmin illərdə qələmə alması – yəni 1925-ci ilin yayında Buzovna bağlarında başlayıb və yayın sonlarında bu məsnəvini başa çatdırması eyni dövrə təsadüf edir.

Bütün hallarda ustad Azər Buzovnalının “Oğuznamə” əsəri çox mükəmməl tarixi bilgi və məzmun içərisindədir. Münkündür ki, Azər Buzovnalının əsərində Rəşidəddinin “Oğuznamə”sindən gələn keyfiyyətlər daha çox hiss olunur, əlbəttə ki, burada bizim xəbərimiz olmayan qaynaqlar, bilmədiyimiz məsələlər də ola bilər. Amma bütün hallarda buradakı Oğuznamə, oğuzların tarixi-genetik şəcərəsi, salnaməsi çox ustalıqla və şərəflə, qürurla yazılıb ortaya qoyulmuşdur. Nuh peyğəmbərdən, dünya tufanından başlayan hadisələrin Yafəs, Qara xan, Oğuz xan və uzunmüddətli tarixi xronoloji ardıcıllığı nəhəng miqyas genişliyi ilə epik müstəvi boyu irəliyə – gələcəyə aparılır. Bütün bu dönəmin içərisində türk oğuz milli-mənəvi varlığının kimliyi, qohum-qardaş türk tayfaları, bu tayfaların tarix içərisindəki yerləri birmənalı şəkildə ustalıqla, həm elmi, həm də bədii səviyyədə ortaya çıxarılmasını təmin edə bilmişdir.

Onu da qeyd edim ki, Azər Buzovnalıdan əvvəl bir çox böyük məsnəvi yazanlar bu istiqamətin sözün əsil ustadları olmuşdur. İstər Nizami, istər digər böyük sənətkarlar olmuş olsun, amma belə bir məsnəvini – “Oğuznamə”ni Azər Buzovnalıdan başqa Azərbaycan türkcəsində, Azərbaycan ədəbiyyatı tarixində ortaya qoyan bir qələm sahibini mən görməmişəm. O mənada Azər Buzovnalının bu ədəbi-tarixi işi və onun içərisində yer alan türkçülük-oğuzçuluq düşüncəsi Azərbaycanda sovet ideologiyasının tüğyan etdiyi bir dönəmdə – iyirminci əsrin 20-ci illərində ərsəyə gəlməsi, yenə də qeyd edirəm ki, heyrətamiz bir məsələdir.

Mən indiyə qədər az da olsa bu işə diqqət ayıranların hamısına böyük qədirşünaslıqla razılıq edirəm. Amma Könül xanım Sabirqızına ayrıca təşəkkür etmək istəyirəm ki, aramızda olan bir söhbətdən sonra o mənim istəyimi gerçəkləşdirmək üçün qolunu çırmaladı, tez bir zamanda işə başlayaraq, əlyazmanı ilk varianta uyğun şəkildə bərpa edə bildi. İndi qarşınızda gördüyünüz bu dəyərli kitab həmin orijinal əlyazmanın əsasında hazırlanmış bir mətndir. Orada hətta yerli ləhcədən – Bakı, Abşeron-Buzovna danışıq tərzindən gələn cizgilər, əlamətlər, arxaizimlər də vardır. Onların hamısı qorunub saxlanılmışdır və Könül xanım çox böyük səriştə ilə onların sözlüyünü, elmi şərhlərini hazırlamışdır. Belə ki, bu aydınlaşdırmalar da oxuculara əsəri mənimsəmək, onun tarixi əhəmiyyətini dərk etmək imkanı verəcəkdir. Diqqət edin, Oğuzların və oğuznamələrin tarixi köklərinin haralardan gəlib haralara qədər uzanması, yəni Nuh tufanından Bozqurd düşüncəsinə qədər uzanıb gələn yoldakı mifoloji-xronoloji, yəni tarix içərisində Oğuz qövmünün Bozoklar, Üçoklar və digər tayfa-ulus qanadlarının necə yaranması, Ox və Yay məsələlərinin tarixi-əfsanəvi izahı böyük bir dastan-məsnəvinin – “Oğuznamə”nin yaranması üçün bədii-poetik təfəkkürə təkan vermək imkanındadır. Böyük söz və fikir ustadı Azər Buzovnalı bunu duymuş və mənalandırmağı bacarmışdır. Ustad özü də bir neçə yerdə yazdığının əfsanəyə bənzər bir tarix olduğunu söyləyir, amma onun qənaətinə görə bu, gerçəkliyə bağlı bir əfsanədir. Bizim qənaətimizə görə, türkün, oğuzun tarixi bütün hallarda əfsanələşmiş bir gerçəklikdir. O anlamda belə düşüncəni gerçəkləşdirən, öz qələminin tarixi missiyası kimi ortaya qoyan Azər Buzovnalının bu günkü müstəqil Azərbaycan dövlətinin milli-tarixi köklərə bağlı, strateji məqsədi də nəhəng söz ustadına diqqət və qayğımızı artırır.

Gözəl və həssas əlyazmaçı alim, fəlsəfə doktoru Könül Sabirqızına da ürəkdən minnətdarıq. Həqiqətən onun gözlərinin, ürəyinin işığı ilə bu əsər ərsəyə gəlmişdir. Çox şükürlər olsun ki, “Oğuznamə” adı altında Azərbaycan ədəbiyyatı tarixinə belə bir mükəmməl əsər daxil olur. Mən çox istəyərdim ki, bizim ədəbiyyat tariximizdə Azər Buzovnalının “Oğuznamə” əsəri xüsusi yer alsın və dəyərləndirilsin. Ümidvaram və inanıram ki, gec-tez bu əsər öz ədəbi-tarixi dəyərini alacaq. Ozan-qopuz və oğuz mədəniyyəti tariximizin öyrənilməsi baxımından bu əsərin misilsiz tarixi missiyası vardır. Onu daim diqqətdə saxlamalıyıq.

Nə yaxşı ki, Könül xanım kimi səriştəli və yüksək səviyyəli əlyazmaşünas mütəxəssis var, əsəri qiymətləndirə bilib. Bir insanın ki, ürəyində türk ruhunun, oğuz ruhunun yenilməz enerjisi olsun, onun yolları daim açıq olmuş olar. Qoy Azər Buzovnalının da nisgilli, nigaran ruhu bundan sonra şad olsun ki, onun “Oğuznamə” əsəri yenidən işıq üzü görür. Qoy sözə-sənətə yüksək dəyər verən Könül Sabir qızının qələmi, ürəyi var olsun. Həmişə elmimizə, mədəniyyətimizə bu cür dəyərli işlər təqdim eləsin.

Məhərrəm QASIMLI

Əməkdar elm xadimi, professor.