PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

İşıqlı zəka və geniş təfəkkür sahibi

16718834832622624765 750x500

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də öz rolu və yeri var. Bunu ölkə başçısı çıxışlarının birində belə qiymətləndirib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.
AZƏRTAC bir sıra tanınmış mədəniyyət, incəsənət xadimlərinin, qələm adamlarının ölkəmizin qazandığı uğurlar, böyük mədəniyyət siyasəti, eləcə də əldə edilmiş tarixi Qələbə ilə bağlı fikirlərini bölüşür.


Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil edir. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqət sayəsində mədəniyyət sahəsində daimi olaraq əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının hakimiyyətə gəldiyi 2003-cü ildən artıq Azərbaycan bütünlükdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə bütün sahələrdə - sosial-siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsinin inkişafı üçün genişmiqyaslı işlər görülməyə başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr həyata keçirildi. Eyni zamanda, mədəniyyət sferasının zənginləşməsi üçün Prezident ardıcıl olaraq sərəncamlar imzaladı və onların icrasını daim şəxsən diqqət mərkəzində saxladı”.
Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor xüsusi olaraq vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə xalqımıza, eləcə də bütün mədəniyyət, incəsənət xadimlərinə yeni yaradıcılıq ruhu bəxş edib. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi.
Ozan-aşıq mədəniyyətinin bizim milli-mənəvi varlığımızın əsas göstəricilərindən biri olduğunu söyləyən Əməkdar elm xadimi bildirib ki, Ulu Öndər Heydər Əliyev ozan-aşıq mədəniyyətini milli varlığımızın mötəbər qaynağı olduğunu xüsusi qeyd etmişdir. Bu söz Dədə Qorqud ensiklopediyasında qızıl hərflərlə keçir. Bu gün o ideya, o düşüncə öz əyaniliyini bir daha tapır. Bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə deyil, mədəni-mənəvi sahədə də çox böyük quruculuq işləri gedir.
Məhərrəm Qasımlı Prezident İlham Əliyev tərəfindən ustad aşıqlara fəxri adların, Prezident təqaüdlərinin verilməsindən də danışıb. Bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin, ictimaiyyətinin aşıq sənətinə olan mehri-məhəbbətinin və diqqətinin göstəricisidir. Son illərdə sözün həqiqi mənasında milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir.
Qazanılan tarixi Qələbədən söz açan Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, tanınmış şair Əkbər Qoşalı deyib ki, Prezident İlham Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətində parlaq səhifələrə nəzər salsaq yenə bir həqiqətə şahidlik etmiş olarıq: dövlət başçısı zəkası ilə bütün sferaları aydınlatmışdır. İctimai-siyasi sabitlik, yeni iqtisadi modelin uğurları, mükəmməl diplomatiya, çevik və balanslaşdırılmış xarici siyasət kursu, daxili əmin-amanlıq, humanizmə söykənən sosial siyasət prezidentin gerçəkləşdirdiyi ağır, fəqət şərəfli və taleyüklü missiyanın uğurlu taleyindən xəbər verir.
O, fikirlərini belə ümumiləşdirib: “İlham Əliyev uğurlu, qurucu Prezidentdir, qalib Komandandır, ən müxtəlif milli, bəşəri dəyərlərə aid hadisələrin memarı, alovlu müdafiəçisi, sözü imzası qədər keçərli olan görkəmli ictimai-siyasi və dövlət xadimidir. İlham Əliyevə azərbaycanlıların dərin məhəbbətinin səbəbləri hər birimizə gün kimi aydındır. Bunun ilk səbəbi Azərbaycan Prezidentinin etibarlı sarsılmaz lider olmasıdır. Bəli, o mübarək sözü bir daha xatırlatmaq istərdim: “Sözümüz imzamız qədər keçərlidir” – bu, İlham Əliyevin şah kəlamlarındandır! Çünki dəfələrlə təsdiq olunub, öz həyatiliyini sübut edib. İlham Əliyev o liderdir ki, onun lideri olduğu ölkənin 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlayan düşmən ölkə rəhbərliyini və xalqını belə gələcəyə baxmağa çağıra bilir. Bilirsiniz, bu, qalib müdrikliyidir, öz dövlətinin qüdrətinə, öz ordusunun istənilən vaxt istənilən çətin vəzifəni yerinə yetirə biləcəyinə dərin əminliyin ifadəsidir. İlham Əliyev öz xalqının məhəbbətinə, xalq-dövlət birliyinə arxalanır, ona görə güclüdür, səmimidir, uzaqgörəndir. Bu sözlər Müzəffər Ali Baş Komandanımıza aiddir: “İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik”. – Prezident Əliyev cari ilin oktyabrında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bu mövzuya toxunaraq çox təsirli sözlər dedi. Keçmiş işğalçı ilə barış anlaşmasının beynəlxalq hüququn fundamental prinsipinə əsaslanmalı olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, bu prinsiplərə -
ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi,
sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.
Bunları nəyə görə sadalayıram? – Bilirsiniz, yalnız bəşəriyyətin gələcəyini düşünə bilən böyük ürək sahibləri belə davrana bilər. Yeni dünya arxitekturasının qurulması liderlərdən, xalqlardan cəsur qərarlar, fədakarlıq tələb edir. Beləliklə, dardüşüncəli, dalan Ermənistanın böyük ürək göstərməsi qətiyyən mümkün olmayacağı üçün onun iç üzü dünyaya bir daha nümayiş edilmiş olur: Buyurun, Xocalı soyqırımına uğramış, 9 şəhəri, 300 kəndi viran edilmiş, tarixi-mədəni abidələri vandallığa məruz qalmış ölkənin lideri barış anlaşmasına çağırır. İlham Əliyevin barış anlaşması təklifi əsaslandığı 5 prinsipdən başqa ilkin şərt ehtiva etmir və diplomatik dildən sadə müstəviyə tərcüməsi ədalətli sülhdür! Biz Ermənistanı, dünya erməniliyini necə deyərlər, “Axilles dabanı”ndan tutmuşuq... Əvəzində Ermənistan nə edir? – iki daşın arasında vurnuxur, vurnuxur, yeni yanlışlıqlar edir. Hər dəfə də görür ki, “Dəmir yumruq” yerindədir! Məhz “Dəmir yumruq” yerində olduğu üçün biz böyük düşüncələrə meydan tanıdığımızı gur səslə açıqlaya bilirik. Yəni İlham Əliyev uzaqgörən, səbirli, təmkinli liderliyi ilə elə gerçəkliklər yaratdı, beynəlxalq aləmdə elə münasibətlər sistemi ayarlaya, düzənləyə bildi ki, həm 30 illik işğalı hərbi yolla həll etdi, həm də dünya erməniliyinin uzun illər apardığı anti-Azərbaycan təbliğatına ağır zərbə vurdu. İlahi ədalət İlham Əliyevin düşünülmüş, düzgün, yüz ölçülüb bir biçilmiş siyasəti ilə günümüzdə Günəş kimi parlayır – onu hər yerdən görmək olar...
Bəli, biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq! Bu mərtəbənin memarı olan Prezident İlham Əliyevi, bizə əziz Şuşa sevinci bəxş edən, qarşımıza Şuşadan aydın görünən yeni hədəflər qoyan Müzəffər Ali Baş Komandanı hər zaman öz işimizlə, əməllərimizlə sevindirməliyik”.
Həmsöhbətimiz Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev də ölkəmizin inkişafında, qazanılan uğurlardan ürək dolusu danışıb: “Azərbaycan tarixində ikinci elə bir siyasi xadim, elə bir dövlət rəhbəri yoxdur ki, Heydər Əliyev qədər əvəzsiz xidmətlər göstərmiş olsun. Bu fikir Heydər Əliyev haqqında söhbət açan hər kəsin ən çox söylədiyi fikirdir. Çünki bu, göz önümdə olan böyük həqiqətdir. Bu həqiqətin tərkib hissəsindən bir nümunəni diqqətə təqdim etmək istəyirəm. Ulu Öndər ömrünün son anlarında heç bir dövlət rəhbərinin cəsarət etmədiyi unikal bir addım atdı. Unudulmaz bir tövsiyə ilə xalqımıza tarixi müraciət etdi. İlham Əliyevə özü qədər inandığını və xalqımızın da inanmasını, özünün axıra çatdıra bilmədiyi tale yüklü məsələlərin həyata keçirilməsi üçün ona dəstək göstərməsini, köməklik etməsini tövsiyə etdi. Müdrik xalqımız Ümummilli Liderimizin bu tövsiyəni heç tərəddüd etmədən yerinə yetirdi. Çünki xalq yalnız Heydər Əliyevə inanır, onun tutduğu yolda daim işıq olduğunu bilirdi. Heydər Əliyev, eyni zamanda, İlham Əliyevə öz vəsiyyətini açıqlamağı da unutmadı. İlham Əliyev addım-addım, qədəm-qədəm həmin vəsiyyəti həyata keçirməyə başladı. Bu vəsiyyət bir dövlət proqramı idi. Həmin vəsiyyətə uyğun olaraq, İlham Əliyev bir an belə dayanmadan çalışdı, gecəsini gündüzünə qatdı və dövlətimizi inkişaf etdirdi, gücləndirdi. Ölkəmizi kasıb respublikadan varlı dövlətə çevirdi. Sovetlərdən qalmış xarabazarlıqları gülə-çiçəyə döndərdi. Xalqımızın rifahını yaxşılaşdırdı. Bütün sahələrdə inkişafı təmin etdi. Ölkəmizi dünya dövlətləri arasında sayılan dövlətlər sırasına yüksəltdi. Ən mötəbər salonlardan dərin ağlı, nurlu zəkası, geniş təfəkkürü, siyasi məntiqi, liderlik cəsarəti, natiqlik qabiliyyəti ilə özünü elə ifadə etdi ki, dünyanın siyasət meydanında özünü birinci hesab edən dövlət xadimlərini heyran qoydu. Günü-gündən nüfuzu artdı. Onun nüfuzu artdıqca, ölkəmizin də sayılıb-seçilən ölkələr sırasında yeri bərqərar oldu.
İllərlə səbir nümayiş etdirərək, sülh və barış tərəfdarı olduğunu dönə-dönə bəyan etdi. Təmkinlə davrandı. Tələsmədən elə cür incə siyasət yürütdü ki, bir də baxdılar, geosiyasi mənzərədə Azərbaycanın yeri öncüllər sırasındadır. Bütün parametrlərdən Cənubi Qafqazın lider dövləti olduğunu isbat etdi. Dünyanın ən güclü dövlətlərinin qarşısında dəyanətlə dayandı. İllərlə əmək sərf edərək, gücləndirdiyi ordumuza ən münasib zamanda torpaqlarımızın işğaldan azad edilməsi əmrini verdi. Bu tarixi əmrlə 30 il zillət çəkən vətənimizin bir parçası olan Qarabağımız, göz bəbəyimiz olan Şuşamız öz azadlığına qovuşdu. Tarixin sınaq meydanından üzü ağ, alnıaçıq çıxdı. Özünün də etiraf etdiyi kimi, “Ata vəsiyyəti”ni layiqincə, qəhrəmancasına həyata keçirdi.
Biz böyük xalqıq! Bizim çox böyük vətənimiz, tariximiz və ənənələrimiz var. Bizim ruhumuz Müstəqil Azərbaycan Respublikasının sərhədləri hüdudundan çox-çox uzaqlarda cövlan edir. Dünyada yaşayan və Müstəqil Azərbaycan eşqini ruhunda yaşadan milyonlarla soydaşımız İlham Əliyevin “Dəmir yumruğu”na inanır və birlik, həmrəylik nümayiş etdirir. İlham Əliyev isə öz soydaşlarının daim təəssübünü çəkir, həmişə də çəkəcəkdir. Bu gerçəklik biz sənət xadimlərinin stimul mənbəyidir. Biz bu gerçəkliklə durmadan motivasiya olunuruq. İnanırıq ki, xalqımızın, millətimizin çağdaş dövrdə əvəzsiz lideri, qəhrəman sərkərdəsi, böyük dəyanət sahibi olan siyasi xadimi İlham Əliyev bundan sonra da addım-addım, qədəm-qədəm ali hədəfimizə doğru irəliləyəcək və xalqımız da onun tutduğu parlaq yoldan heç vaxt sapmayacaqdır.
Fikirlərimin bu anında, 2011-ci ildə, möhtərəm Prezidentimizin 50 yaşı münasibəti ilə qələmə aldığım və səhnə həyatı verdiyim “İşıqlı, nurlu sabah” mənzum dram əsasında oynadığımız tamaşanın son səhnəsini xatırlayıram. Həmin səhnədə, xalqımızın xorla oxuduğu “Ucal!” marşının sədaları altında İlham Əliyev Mehriban xanımla bərabər, “Azərbaycan” adlı meydanın geniş ərazisində iri addımlarla yola çıxır. Onlar irəlilədikcə xalq da onlara qoşulur və bu yolu bərabər getməyə başlayır. Həmin yol bu gün bizi Qələbəyə gətirib çıxardı. Qələbəmizin isə qarşıda bizi daha böyük zəfərlərə aparacağına inandırır! Bizə bu inamı verən Heydər Əliyevin tövsiyəsi, vəsiyyəti və İlham Əliyevin dönməz və sarsılmaz iradəsidir! Mən heç tərəddüd etmədən inanıram ki, Ulu Öndərimizin bizə bəxş etdiyi işıqlı yoldan xalqımız heç vaxt sapmayacaq, bizi parlaq gələcəyə aparan İlham Əliyev fenomeninin addım izlərindən kənara çıxmayacağıq. Ona görə də yeni yazdığım və İrəvan Teatrının səhnəsində tamaşaya hazırlamaq niyyətində olduğumuz pyesi məhz “Ata vəsiyyəti” adlandırmışam. Biz xalq olaraq ənənələrimizə sadiqik. Bizim ənənələrimizdə isə ata yolu, dədə yolu müqəddəsdir. Müqəddəs yoldan dönməmək isə bizim övladlıq borcumuz və vəzifəmizdir”.

Bakı, 24 dekabr, AZƏRTAC

16718834832622624765 750x500 copy 800x448

16718834832384262010 750x500 copy 661x546

16718814553586651177 750x500 copy 800x546

1671881455993152607 750x500 copy 800x546

 16718814551485848232 750x500 copy 661x546