PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AĞSUDA “SƏNƏTKAR ÖMRÜ” ADLI TƏDBİR KEÇİRİLİB

2022-ci il dekabr ayının 6-da Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Ağsu şəhər Mədəniyyət evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Şirvan aşıq ifaçılıq məktəbinin babası ucalığında duran ustad sənətkar Aşıq Mirzə Bilalın anadan olmasının 150 illiyinə həsr olunmuş “Sənətkar ömrü” adlı yubiley tədbiri keçirilib.

Əməkdar müəllim, rayonun tanınmış ziyalısı Yaşar Qarayevin aparıcılığı ilə keçirilən tədbirdə ilk söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı Şirvan aşıq mühitinin yetirməsi olsa da, təkcə bu bölgədə deyil, bütövlükdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan, bu gün bütün Şirvan aşıqlarının babası sayılan ustad sənətkar Mirzə Bilalın həyatından və yaradıcılıq yolundan geniş söhbət açıb. Qeyd edib ki, Mirzə Bilal yaradıcı aşıq, özünün məkətəbini yaradan sənətkar olub. Təsadüfi deyil ki, Şirvan aşıqlarının əksəriyyəti bu gün də onu özlərinə ustad sayır, sənət yolunu davam etdirirlər. O, aşıq şeirinin müxtəlif növlərində gözəl poeziya nümunələri yaradıb ki, bu gün də aşıqların repertuarından düşmür. M.Qasımlı eyni zamanda təəssüf hissi ilə qeyd edib ki, Mirzə Bilal da minlərlə ədəbiyyat və sənət adamı, tanınmış ziyalılarımız kimi, 1937-ci ilin repressiya qurbanlarından olub.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da öz çıxışında ustad sənətkar Mirzə Bilalın  aşıq sənətindəki böyük xidmətlərindən söz açıb, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb. 

Aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Elman Mehdiyev, Rza Məmmədov, Babək Şakirli, Amil Çingizoğlu və digərləri Aşıq Mirzə Bilalın şeirlərini və bəstələdiyi saz havalarını səsləndiriblər. 

Sonda Aşıq Mirzə Bilalın nəvəsi Babək Mikayılov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkili üçün təşkilatçılara öz dərin təşəkkürünü                                                                                                                                                                                                                                                                                                                                                    bildirib.