PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AAB-nin SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR MƏHƏRRƏM QASIMLIYA

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının ünvanına bu günlərdə bir məktub gəlib. Əslində, hörmətli professorun ünvanına hər gün çoxlu məktublar gəlir və aşıq sənətinin pərəstişkarları bu məktublarda xalqımızın bu qədim sənətiylə bağlı öz düşüncələrini, mülahizələrini bölüşür, “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişi ilə bağlı minnətdarlıqlarını ifadə edirlər. Qeyd etdiyimiz məktub da bu qəbildən olsa da, ayrıca bir özəlliyi var. Bu da ondan ibarətdir ki, məktub aşıq sənətinin o qədər də geniş yayılmadığı bir bölgədən – Lənkəranın Boladi kəndindən göndərilib. Məktubun müəllifi Heydər müəllim M.Qasımlının “Mədəniyyət” kanalında apardığı “Saz-söz axşamı” verilişinin hər buraxılışını böyük məmnuniyyətlə izlədiyini vurğulayır, aşıq sənətinin təbliği və tədqiqi sahəsindəki yorulmaz fəaliyyətinə görə Məhərrəm müəllimə minnətdarlıq edir və eyni zamanda bu sənətin bu günü ilə bağlı öz mülahizələrini dilə gətirir. Olduqca səmimi və aşıq sənətinə böyük məhəbbətdən doğan bu məktubun geniş ictimaiyyətə də çatdırılması qərarına gəldik.

Çox hörmətli Məhərrəm müəllim, özüm haqda qısa məlumat verəndən sonra əsas mətləbə keçərəm.

Mən Nəzərov Heydər Əbdül oğlu 1949-cu ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşam. Ali təhsilli müəlliməm, təqaüddəyəm.

Məhərrəm müəllim, sizi respublikada, ümumən Türk dünyasında aşıq sənətinin, şifahi xalq ədəbiyyatının yorulmaz tədqiqatçısı kimi tanıyıram. Hər şənbə gününü səbirsizliklə gözləyirəm. Siz o xoşbəxtlərdənsiniz ki, ən məşhur aşıqlarla həmsöhbət olmuş, onların məclislərində iştirak etmisiniz. İstədiyiniz havacatları dinləmiş, arzu və təkliflərinizi bildirmiş və təmtəraqlı dastan gecələrindən ruhi-qida almısınız. Ustad Şəhriyar sanki sizi vəsf edib:

Heydərbaba, Mirəjdər səslənəndə,

Kənd içinə səsdən-küydən düşəndə,

Aşıq Rüstəm sazın dilləndirəndə,

Yadındamı, nə hövləsək qaçardım?

Quşlar təkin qanad çalıb, uçardım.

Mən dəfələrlə sizə aşıq sənətinin bügünkü vəziyyəti barədə düşüncələrimi və təkliflərimi yazmaq istəsəm də, fikrimdən daşınmışam. Demişəm, professorun o qədər qayğıları var ki, onun vaxtını almayım. Amma oktyabr ayının 15-də sizin o tarixi verilişə baxandan sonra bu məktubu yazmağa məcbur oldum.

Dağlar mənim də ruhumu oxşayır. Əgər bir ölkənin dağları yoxdursa, həmin ölkənin insanları təbiətə yad adamlardır. Dağlar illər boyu aşıq və şairlərimizin ilham mənbəyi olub. Həmişə də deyiblər: “Mən şair olmazdım, sən olmasaydın”.

Aşıq Vüqar Şəmkirlinin ustad balabançının müşayiəti ilə “Ağır şərili” havası üstündə aşıq Şair Məhəmmədin dağlar şeirini oxuması məni həm kövrəltdi, həm də sevindirdi. Dağların vəsfinə aid xüsusi veriliş hazırladığı üçün möhtərəm Məhərrəm müəllimə, ustad balabançı Ələkbər Ələkbərova və gənc aşıq Vüqar Şəmkirliyə təşəkkürümü bildirirəm.

Eşitmişəm ki, aşıq sənətinin geniş yayılmış rayonlarda gənclər indi toylarına aşıq dəvət etmək istəmir, ara çalğıçılarına daha çox üstünlük verirlər. Bu hal cənub bölgəsi üçün də keçərlidir. Çünki bizdə aşıq sənəti inkişaf etməyib. Amma aşıqlar yurdu olan Tovuzda, Şəmkirdə, Gədəbəydə, Qazaxda, Şirvan bölgəsində belə halların baş verməsinə yol vermək olmaz! Həmin rayonların ağsaqqalları işə qarışmalı, aşığı toya çağırmayanlarla iş aparmalı, dədə-baba sənətinə xor baxmağın utancverici olduğunu izah etməlidirlər. Aşığı xalq dolandırır. Əgər aşıq toylara dəvət olunmursa, o, bu sənətlə məşğul olarmı?

Bizim gələcəyimiz olan gənclər unutmalı deyillər ki, erməni dığaları pusquda durub. Onlar bizim nəfəs və simli alətlərimizi yaxşı ifa edirlər. Düzdür, erməni nəfəsiylə, erməni ürəyiylə, erməni barmağıyla çalırlar, ancaq çalırlar. Əllinci illərə qədər xanəndə Azərbaycanlı olurdusa, tar və kamança çalan erməni olurdu. Onların tez-tez aşıq Avakı, Sayat-Novanı dilə gətirib, nə demək istədiklərini yaxşı bilməliyik. Burada A.Səhhətin “Ayı və şir” təmsili yerinə düşür:

Tülkü uzaqdan görüb bu haləti,

Bildi ki, yox heç birinin taqəti.

Gəldi, götürdü ovu, etdi fərar,

Həsrət ilə baxdı dalınca onlar.

Ermənilər milli mətbəximizin təamlarınının və oyun havalarımızın bəzilərini, “Sarı gəlin” mahnısını və digər milli dəyərlərimizi artıq özününküləşdiriblər. Biz sazımızdan, zurna-balabanımızdan daha möhkəm yapışmalıyıq. Hər gələn turist keyfə gəlmir. Ağıllı turist muzeylərimizə gedir. Sazla, tarla, kamançayla, zurna-balabanla maraqlanır.

Hörmətli Məhərrəm müəllim, bir tərəfdən gənclərimiz aşıqları toylarına dəvət etmir, digər tərəfdən televiziya və radio kanalları aşıqları yaxına buraxmır. Yadımdadır, müstəqilliyimizin ilk illərində hörmətli şairimiz Məmməd İsmayıl komitəyə (o zamankı Dövlət Radio və Televizya Verilişlər Komitəsi – red.) v rəhbərlik edirdi. O illər ərzində aşığı, sazı, zurna-balabanı çox dinlədik. Əsl vətənpərvər, milli təəssübkeş Məmməd müəllimə eşq olsun!

İndiki halda Aşıqlar Birliyinin sədri kimi, aşıqlarımızın əməyini qiymətləndirmək ümdə vəzifə kimi qarşıya qoyulmalıdır. Necə olur ki, 3-4 bayağı mahnı oxumaqla əməkdar və ya xalq artisti olurlar. İllər boyu xalqın xidmətində duran sinəsi dastanla dolu sazlı-sözlü aşıqlarımızın çoxunun heç bir fəxri adı yoxdur. Gözəl şairimiz Cabir Novruz deyirdi: “Sağlığında qiymət verin insanlara”.

Mən bir vətəndaş kimi sizdən xahiş edirəm, Aşıqlar Birliyinin sədri kimi Mədəniyyət Nazirliyinin qarşısında məsələ qaldırın: Əməkdar aşıq və xalq aşığı fəxri adları təsis edilsin. Ağsaqqal, istedadlı aşıqlarımız tezliklə bu adlarla təltif edilsin. Əgər Mədəniyyət Nazirliyində bu işlə əlaqədar bir irəliləyiş olmasa, Milli Məclisə, hətta möhtərəm Prezidentə müraciət etmək lazımdır.

Muğam evi var, Aşıqlar evi yoxdur. Bu hal nə dərəcədə düzgündür. Unutmaq olmaz ki, bütün aşıq havalarında muğam məqamları vardır. Qopuz (saz) Dədə Qorquddan gəlir, tar isə Sadıqcandan. Hansı daha uludur, ondan başlamaq lazımdır. Mən muğamla aşığı, sazı qarşı-qarşıya qoymaqdan uzağam. Muğamlar da bizimdir, dastanlarda bizimdir. Xanəndələr də bizimdir, aşıqlar da bizimdir. Mədəniniyyət Nazirliyinin balansında olan bütün kino-teatr binaları işbazlara satılıb. Nə səbəbə onlardan birini Aşıqlar Birliyinə vermirlər?

Məhərrəm müəllim, nazirliyin balansında kifayət qədər binalar var. Aşıqların da bir yığıncaq yeri olmalıdır. Siz tələb edin. Hətta həmin binanın həyətində 5-6 otaqdan ibarət aşıqlar üçün kiçik bir mehmanxana olmalıdır. Çünki 3-4 günlük Bakıya tədbirə gələn aşıq yer problemi ilə üzləşməməlidir.

Möhtərəm Məhərrəm müəllim, məni narahat edən məsələlər barədə kifayət qədər yazdım. İndi rahatam. Aşığa olan ögey münasibət yolverilməzdir. Burada M.Füzulinin “Ey təbib” rədifli qəzəli yerinə düşür:

Məqsədim açmaq deyildi dərdimi əsla sənə,

İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!

Klassik və müasir aşıq sənətinin dahi bilicisi, ensiklopedik biliyə malik “Bulaq Dədə”nin çoxillik verilişlərini qələmə alıb, hazırlayan Orxan Paşanı narahat etdiyim üçün gərək məni bağışlayasınız. Məktubumu oxuyandan sonra onu qoyun arxivinizə. Onsuz da sizin yaradıcılığınız haqqında çoxlu əsərlər yazırlar. Onda mənim məktublarıma da bir nəzər salarlar. Görərlər ki, cənub zonasında da aşığı, sazı, zurna-balabanı sevirlər.

Bilin ki, sizin zəhmətinizi, iş bacarığınızı, səmimiyyətinizi qiymətləndirənlər çoxdur. Böyük Yaradanın nəzəri üstünüzdən əskik olmasın.

Xoş arzularla

 

Heydər Nəzərov

 Lənkəran, Boladi kəndi.

17.10.2022


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117