PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

XANIM AŞIĞIN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Qadın aşıqlar arasında özünəməxsus ifa tərzi ilə seçilən Həqiqət (Həqiqət Xankişi qızı Xəlilova) həm də bədii yaradıcılıqla məşğul olur. “Sazlı-sözlü dünyam” adlı ilk kitabı 2011-ci ildə nəşr olunub. Bu günlərdə isə onun iki yeni kitabı işıq üzü görüb. Hər iki kitabın naşiri şair Musa Ələkbərli, redaktoru professor Minaxanım Nuriyeva-Təkləlidir. “Bir dəstə çiçəyin həsrətindəyəm” adlı kitabda müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani və müxəmməsləri yer alıb. Professor Minaxanım Nuriyeva-Təklənin kitaba yazdığı ön söz də vurğulladığı kimi, Həqiqətin özünəməxsus poeziya aləmi var.

Şairənin “Qolubağlı keçidim Xudafərindən” adlı ikinci kitabına isə “Qolubağlı keçdim Xudafərindən” və “Növrəs İman” dramatik dastanları və “Sevginin zindanında” poeması daxil edilib.

Xatırladaq ki, 1993-cü ildən “Aşıq Pəri məclisi”nin üzvü olan Həqiqət xanım 1995-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış folklor elmi mərkəzində ifaçı-aşıq kimi fəaliyyət göstərir. 1995-ci ildə Tovuz rayonunda keçirilən aşıq qızların birinci respublika müsabiqəsinin qaliblərindən olub. Gürcüstan, İran, Avstriya, Hollandiya, Fransa və Almaniyada Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

Həqiqət xanım hazırda H.Sarabski adına 7 saylı Uşaq Musiqi məktəbində sazdan dərs deyir.