Aşıq sənətinin inkişafındakı xidmətlərinə görə ustad aşıq Aybəniz Laçınlı (Vəliyeva) Azərbaycan Aşıqlar Birliyinin Fəxri diplomu ilə təltif olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Fəxri diplomu Aybəniz xanıma təqdim edərək təbrik edib, aşıq sənətinin inkişafında xidmətlərini xüsusi vurğulayaraq ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Aybəniz Laçınlı qirx ildən artıqdır ki, aşıq sənəti ilə bütün ruhu ilə məşğul olur. O, ustad Qəmkeş Allahverdinin yetirməsidir. 1984-cü ildə Narınc Xatınla birlikdə “Aşıq Pəri məclisi”ni yaradan və bu istiqamətdə yorulmadan çalışan bir sənətkardır. Saz-söz aləmində Koroğlu nəfəsli aşıq kimi tanınır.Aşıq şeirinin çoxsaylı şeir biçimlərindən istifadə edərək maraqlı saz-söz örnəkləri yaradır.
Ən böyük arzusu Laçında aşıqlar ansamblı yaratmaqdır. İnşallah yaxın zamanda bu işləri gerçəkləşdirmək mümkün olacaqdır.