PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

PEDAQOJİ UNİVERSİTETDƏ AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin zirvələrindən  biri olan ustad Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə" Aşıq Ələsgər - 200" adlı yubiley tədbiri keçirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Aşıqlar Birliyinin üzvü, gənc aşıq Sayad Aydınoğlu, fakültənin məzunu olan gənc aşıq Ceyhun Qurbansoy ustadın irsindən ifalar təqdim edib, fakültədə fəaliyyət göstərən "MEH" ədəbi dərnəyinin üzvləri olan tələbələr Ələsgər yaradıcılığından müxtəlif şeirlər səsləndirib, bədii kompozisiya nümayiş etdiriblər.

Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, dahi sənətkarın irsi Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ilk dəfə dövlət səviyyəsində diqqət mərkəzinə gəlmiş və Aşıq Ələsgərin 150 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir. Ulu öndər yolunun davamçısı, Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə qayğısının bariz göstəricisi kimi bu ilin əvvəlində Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı sərəncam imzalanıb.

Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov,  Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov qeyd ediblər ki, Aşıq Ələsgər həm aşıq, həm də böyük şair idi. Böyük söz ustadı ölkə hüdudlarından kənarda da tanınır. Belə ki, 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, dolayısı ilə aşıq sənətinin zirvələrindən olan Aşıq Ələsgər yaradıcılığına da verilən dəyərdir. Eyni zamanda vurğulanıb ki, Aşıq Ələsgərin əsərlərindəki pedaqoji görüşlər və tərbiyə məsələləri də geniş araşdırılaraq metodik ədəbiyyatlarda əks olunmalıdır.

Tədbirdə Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı,  Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov Aşıq Ələsgərlə bağlı elmi məruzələrlə çıxış ediblər.

pedun1012202102.png