PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.

Heydər Əliyev Sarayından AZARTAC-a bildirilib ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən dastan–tamaşanın ssenari müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

Dastan-tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov iştirak edəcəklər.