PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN NÖVBƏTİ DİSK İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Aşıq dərsləri” adlı layihə çərçivəsində ikinci audiodisk işıq üzü görüb.

Xatırladaq ki, ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Layihə çərçivəsində yeddi audiodiskin buraxılması nəzərdə tutulur. Disklərə daxil olunan havalar mənimsənilməsi baxımından sadədən mürəkkəbə doğru olmaqla seçilir və hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunur. Hər diskdə ən azı 3 aşıq havası yer alır və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə ifa olunur.

Təqdim olunan aşıq havaları eyni zamanda əvvəlki ustad aşıqların ifasında da təqdim olunur ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açır.

Azərbaqycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Aşıq dərsləri” layihəsi çərçivəsində buraxılmış ikinci audiodiskdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın ifasında “Cəlili”, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın ifasında “Orta sarıtel” və aşıq Elman Mehdiyevin ifasında “Orta şəşəngi” havaları təqdim olunur. Eyni zamanda artıq dünyalarını dəyişmiş ustad aşıqlardan Əkbər Cəfərov, Kamandar Əfəndiyev, Aşıq Müseyib və Barat Əhmədoğlunun həmin havalardan ibarət klassik lent yazıları da audiodiskə daxil edilib.