Borçalı aşıq mühitinin ən parlaq simalarından olan Aşıq Kamandar aşıqlığın ruhunu, mahiyyətini, özünəməxsusluğunu gendən, kökdən gələn enerji ilə qoruyub yaşadan və gələcək nəsillərə ötürən aşıq olub. Bir sənətkar kimi onun ruhu çox qədimlərə bağlı idi. Bu cəhətdən onun ruhu çox qədim dövrlərdən gələn ruhdur. Eyni zamanda yaxşı müəllim, yaxşı ustad olan Aşıq Kamandardan sənət dərsi alanlar yalnız özünün şagirdləri deyil, hətta üzünü belə görməyənlər də ondan kifayət qədər bəhrələniblər. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Təbriz aşıqlarının əksəriyyəti də Aşıq Kamandarı özlərinə ustad sayır, onun sənət yolunu davam etdirirlər.
Aşıq Kamandar indiyədək öyrənilmiş, tədqiq olunmuş və eyni zamanda bu gün də tədqiq olunmaqda olan aşıqlardandır.
Aşıq Kamandarın ev-muzeyinin açılması bu böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, həm də bütövlükdə Borçalı aşıq mühitinə verilən yüksək qiymətdir. İnanırıq ki, bu muzey qardaş Gürcüstanda əsl sənət məbədinə çevrilərək Borçalı aşıqlarını və bütün sənətsevərləri öz ətrafına cəm edəcək və Azərbaycan aşıq sənətinə böyük sənətkarlar bəxş etmiş bu bölgədə bundan sonra da xalqımızın bu ölməz sənətinin yaşamasında və inkişafında mühüm rol oynayacaq.
Ev-muzeyinin yaradılmasında zəhməti keçən hər kəsə dərin təşəkkürümüzü bildirir və Azərbaycan Aşıqlar Birliyi olaraq gələcəkdə “Aşıq Kamandarın ev-muzeyi” ilə hərtərəfli qarşılıqlı əlaqələr yaratmağa hazır olduğumuzu bildirməkdən məmnunluq duyur, saz-söz adına bağlı bu sənət ocağına uğurlar arzulayırıq.
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ